İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışında olub

04_prezident-jurnalistlar-manzillar22.07.2013 

Azertag-ın məlumatına görə, iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısına məlumat verib ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunub. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Həyətdə uşaq meydançası quraşdırılıb, müxtəlif attraksionlar qoyulub. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdıran dövlət başçısı jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildyini deyən Prezident İlham Əliyev burada gələcəkdə gözəl kompleksin yaradılacağını, bu ərazidə yeni infrastruktur layihələrinin reallaşdırılacağını, ətrafın abadlaşdırılacağını söylədi. Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olduğunu vurğulayan  İ.Əliyev deyib ki, bu, bir daha göstərir ki, ölkəmizdə ayrı-seçkiliyə yol verilmir.

Cəmiyyətin inkişafında jurnalistlərin rolunun böyük olduğunu qeyd edən Prezident İlham Əliyev ölkədə azad jurnalistikanın fəaliyyət göstərdiyini deyərək,  demokratik cəmiyyətin inkişafında azad jurnalistikanın rolundan danışıb. Azərbaycanda söz və mətbuat azadlığının tam təmin olunduğunu vurğulayan Prezidentin sözlərinə görə, son illərdə jurnalistlərin peşəkarlığı və məsuliyyət hissi artıb. Dövlət başçısı Azərbaycanın uğurlarının və həqiqətlərinin dünyaya yayılmasında, ölkədə vətəndaş cəmiyyətin formalaşmasında mətbuatın xidmətlərindən də danışıb. Prezident İlham Əliyev bildirib ki, KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət göstəriləcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) əməkdaşı Bətul Ayvazlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident İlham Əliyevə KİV nümayəndələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha sonra Prezident binanın açılışını edərək,  rəmzi lenti kəsib.

Prezident yeni binada “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində olub. Ona bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.

Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış olub. Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.
Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaq. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcək. Bina bütün zəruri infrastrukturla təmin ediləcək.
Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirib. 2010-cu ildə jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırılıb. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrııb. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli binanın inşasına başlanılıb və bütün mənzillər təmir edilib. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button