İlham Əliyev, Naxçıvana İrandan get!

əvəz zeynallıƏvəz Zeynallı

Prezident həm də yaxşı Kişi olmalıdır, deyilmi?!

Gülər Əhmədovanın başçılıq etdiyi nümayəndə heyətinin İqdıra etdiyi səfərdə məni də siyahıya salmışdılar. Dekabrın 11-15-i arası Beynəlxalq Diaspora Mərkəzinin təşəbbüsü ilə baş tutan bu səfərdə mən də vardım. İstər maraqlı yol təəssüratlarından, istər 11 ildir getmədiyim, amma onlarla dəfə olduğum İqdır düşüncələrindən, oradakı dostlardan, İqdırın əsas problemlərindən gələn saylarımızda yazılar yazmağı düşünürəm. Xüsusilə, İqdırın Azərbaycanın dünəni, bu günü və gələcəyində oynadığı, oynayacağı rol haqqında məxsusi düşüncələrim var. Bu düşüncələrin üzərinə bir az da MHP il başqanı Cahid Ərolla görüşlərdən aldığım təəssüratlar var. Nə qəribədir ki, böyük bir partiyanın önəmli bir şəhər başqanı prezident İlham Əliyevlə illərdir 10 dəqiqəlik görüş tələb edir, bu görüşü ona vermirlər. Cahid bəy çox önəmli gerçəklərdən danışdı və bu gerçəklərin əksəriyyətini paylaşıram, illərdir bu əksəriyyətlə yaşayıram və bu əksəriyyəti bölüşürəm.

Dərdim o deyil, onsuz da o haqda ciddi yazılarla çıxış etmək niyyətindəyəm. Dərdim Cahid Ərolla İlham Əliyevin niyə görüşməməsi də deyil. Özü bilər. Bu ölkəni İlham Əliyev idarə edir – kimi qəbul edər, kimi etməz, onun işidir. Mən də İlham Əliyevə görüşəcəyim 10 dəqiqə ərzində çox şey deyə bilərəm. Amma İlham Əliyev bu millətin nümayəndələri ilə görüşmür ki?! İlham Əliyev bu millətin övladlarına-qələm əhlinə müsahibə vermir ki?! İlham Əliyev heç özünün təyin etdiyi və parlamentə göndərdiyi deputatlarla görüşündə də onlara çıxış etmək haqqı verməyən bir anlayışa sahibdir – bunları bilirəm. Bildiyim üçün də prezidentin İqdırın MHP sədrini qəbul etməməsini normal qarşılayıram. Ki, o qədər vacib məsələlər var ki, İlham Əliyev Cahid Ərolu qəbul etməlidir deyə düşünürəm də… Məsələ onda deyil… İlham Əliyev məsələsini gündəmə ona görə gətirmirəm… Nə də ondan görüş-mörüş istəmirəm… Zatən bir gün «Xural»a müsahibə verməyə gədəcək…

İlham Əliyevə müraciət etməyimin bir səbəbi var. Torpaqlar… İşğal altında olan torpaqlar… Artıq ikinci dəfədir ki, İran adlanan ərazidən keçib gedirəm Naxçıvana. Bir dəfə toya getmişdim. O zaman da bu duyğuları yaşamışdım. İndi də – İqdıra gedərkən də bu hissləri yaşamalı oldum. Bizim avtomobildə Laçın və Tahir, Xoca və mən idik. Laçınla Tahir tərslikdən Laçın rayonundan idilər. Arazın kənarı ilə getdiyimiz yol boyunda işğal olunan torpaqlarımız görünür. Adamın ürəyi parçalanır. Xudafərinin yanında yenə maşın karvanını saxladıq. Hörmətli deputat Gülər Əhmədova gedən başı bizimlə deyildi – işin asan tərəfinə – təyyarəyə meylini salmış və Naxçıvana uçaraq getmişdi. Amma gələn başı Gülər Əhmədova bizimlə bir yerdə qayıtdı. Mən onun halını gördüm – imkan versəydin Ermənistana müharibə elan edərdi!

Bax İlham Əliyev mövzusunu ona görə gündəmə gətirir və yazıram. Təklif edirəm ki, İlham Əliyev eynilə bizim kimi İrandan keçib Naxçıvana getsin. Cəmi bircə dəfə etsin bunu. Yox, demirəm ki, Biləsuvar gömrüyündəki biabırçılığa əncam çəkmək üçün oradan getsin. Onu da demirəm ki, artıq İran tərəfinin də bizimkilərə baxıb rüşvət almalarını gözləri ilə görüb rahatlaşsın və yanındakılara bunu arqument kimi bizə yedirtmələrini tapşırsın. Yox, Allah eləməsin, elə optimist deyiləm. Amma inanıram ki, İlham Əliyev Araz boyu avtomobil karvanı ilə şütüyərkən xarabalıqlara çevrilmiş kəndləri, yaşayış məskənlərini görsə, onlarla kilometr bu mənzərəni davamlı seyr etsə, ürəyi dözməz. Onun səlahiyyəti var, o, yeganə adamdır ki, müharibə əmri verə bilər. Onun pulu var, qüdrəti var, cavandır, generallarını şillə-şapalağın altına salacaq dərəcədə dəliqanlıdır – inanıram ki, o bu səhnələri görsə ürəyi dayanmaz.

Laçın da, Tahir də, Xoca da döyüşçü olublar. Onlar mənə qarış-qarış göstərirdilər hara haradır… Onlar sinirlərindən dəmir gəmirirdilər. Onlar bu ucsuz-bucaqsız sərhəd bölgələrindən adlayaraq düşmən cəbhəsini darmadağın etməyin yollarını müzakirə edirdilər. Zatən oralarda bir bəni insan yoxdur. Hamısı görünür. Sadəcə quru divarlar qalıb. Ermənilər buraya yurd yeri kimi baxsaydılar, gəlib yaşayar, əkər-biçərdilər… Yox, onlar da bilirlər ki, bu torpaqlar onların deyil. Ona görə gəlmirlər, bizi gözləyirlər. Bizim gəlməyimiz üçün də prezident İlham Əliyevin bir dəfə, cəmi bir dəfə İrandan yolunu salması lazımdır. Bakıdan İqdıra qədər 750 km-dir. Cənab prezident bir dəfə canını dişinə çıxıb bu yolu qət eləsin. Mən hələ İqdıra qədər olan yolu deyirəm. Naxçıvana daha qısadır. Darıxmaz, İranda adam darıxmır. Yol boyu maşını saxlayıb insanlarla görüşər. Hamısı bizimkidir. Bir fars yoxdur 300 km boyunca!!! Sonra tarixlə – bir az Şah İsmayılla, bir az Nadir Şahla, bir az Fətəli Xanla, bir az Ağa Məhəmməd Şah Qacarla söhbətləşər – darıxmaz!!! Zatən hər İrana girəndən çıxana qədər babalarımızla dərdləşir, onları tənələyir, bəzən ağır tənqid etmək gəlir insanın içindən. Budur, İlham Əliyev, İrandan get Naxçıvana və babalarınla dərdləş – niyə veriblər bu torpaqları? Nİyə okeana doğru getməyiblər?! Niyə indi İran adlı ərazidə qalıb çürüyürük?! Sənin imkanın, pulun, gücün var. Səhhətin şükür Allaha döyüşməyi də, ac qalmağı da bacarar – cavansan. Get və babalarınla dərdləşib işğal altında qalan xarabalıqları gör, ürəyin parçalansın və qayıt gəl və müharibə əmri ver!!!

Kişinin, yaxşı kişinin torpaqları işğalda olmaz!

Kişinin, yaxşı kişinin torpaqları belə xaraba günə qoyulmaz!

Kişi, yaxşı kişi torpaqlarından da, sərvətlərindən özü istifadə edər!

Prezident həm də yaxşı kişi olmalıdır, deyilmi?!

O zaman sizi Naxçıvana İranla getməyə dəvət edirəm:

Cənab prezident, bir dəfə, cəmi bir dəfə Naxçıvana İran yolu ilə, Araz çayının kənarı ilə, avtomobil karvanı ilə hərəkət et!

SONRA QƏRARI ÖZÜN VERƏCƏKSƏN!!!

İ.S. Prezidentin yanında kimlər olur səfərlərdə, kimlər dağıdır, satın alır Azərbaycanı – Ramiz Mehdiyev, Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Cavid Qurbanov, Paşayevlər, Əsədovlar, Vəliyevlər və s. və i. Onlara da göstərmək lazımdır bu torpaqları. Bomboş yatıb qalıblar. Alın, sonra xalqa satarsınız. Heç olmasa…

İ.İ.S. Mənə gəlincə, bu görüşdən Nurəddin Xocanı yol yoldaşı, Qazaxov Laçın və Həşimov Tahiri gözəl dost, Əziz Ələkbərlini isə yüksək ali dəyərlərə sahib elm xadimi kimi qazandım. İtirdiklərim də oldu… Yeri deyil…

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Yurd yeri

Əlaqəli məqalələr

2 şərh

  1. Evez müellim, eladır. İstəyirəm ki, qezetinizin her sayında tenqidi yazılar veresiniz. Daha maraqlı olur, tenqidi yazılarınız. xahiş edirem, ağdamın icra başçısı, ağdamlılara zülüm verən, şəhid ailələrinin qənimi Nizami Sadıqovdanda yazın….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button