İlham Əliyev sahibkarları dəstəklədi

images18.06.2013

“Azərbaycanda sahibkarlığın dəstəklənməsi dövlətin strategiyasının ən önəmli istiqamətlərindən biridir”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakıda keçirilən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayına ünvanlanan təbrik məktubunda bildirilir.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin sahibkarların diqqətinə çatdırdığı məktubda bildirilir ki, 1999-cu ildə yaradılmış, özündə minlərlə sahibkarları birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) son illərdə daha da inkişaf edərək, ölkənin ictimai həyatında öz layiqli yerini tutub.

İ.Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib. Ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmində özəl sektorun payı 83%-ə çatıb: «Sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafında dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan  rəqabət qabiliyyətli müəssisələr açılır. Ölkə iqtisadiyyatında investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər».

 «Cəmiyyətin tərəqqisi qarşıya daim yeni vəzifələr qoyur. Müasir dövrün inkişaf meylləri sahibkarların məsuliyyətini daha da artırır, zaman çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcək», – deyə dövlət başçısını məktubunda bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button