İlham Əliyevin əmisi oğlu iş adamını ölkədən qovdu

«Yeganə Mamed» İlqar Əliyevə 7 milyon avroluq borca görə başını götürüb qaçıb

 Dünən redaksiyamıza daxil olan məlumat daha bir iş adamının ölkədən qaçması ilə bağlı idi. Belə ki, məlumata əsasən, ölkədə böyük biznes şəbəkəsini idarə edən adam kimi tanınan İlqar Əliyev ortağı olan digər bir iş adamına külli miqdarda «haqq» qoyduğuna görə, ikincinin ölkədən qaçmasına səbəb olub. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə dedi ki, prezident İlham Əliyevin əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə «Yeganə Mamed» kimi tanınan iş adamı arasında qarşıdurma yaşanıb. Qeyd edək ki, «Yeganə Mamed» uzun illər «Yeganə» Şadlıq sarayını işlədib. Məlumat verən mənbə bildirdi ki, Mamed Rəhimov sonuncu parlament seçkilərində deputatlığa namizəd olmuş və sonradan müəmmalı şəkildə geri çəkilmiş Akif Rəhimovun qardaşıdır.

Bildirilir ki, Mamed Rəhimovla İlqar Əliyev arasında yaşanan insidentə səbəb ikincinin Xırdalanda işlətdiyi dəri zavodunda böyük pul maxinasiyasına yol verməsi olub. «İlqar Əliyev Mameddən zavodun haqq-hesabını soruşub. Mamed də pulları hara xərclədiyini açıqlaya bilməyib. Bundan sonra günlərlə davam edən pul mübahisəsi İqlar Əliyevin iş adamına 7 milyon avro «cərimə» qoyması ilə yekunlaşıb» deyə məlumat verən mənbə bildirdi.

Qeyd etdi ki, əslində, Aqil Əliyevin dünyasını dəyişməsindən sonra mərhumun bütün biznes strukturları, obyektləri İlqar Əliyevin ixtiyarına keçib. Bundan sonra o, obyektləri yeni qaydalarla idarə etməyə başlayıb. Hətta bu barədə danışan mənbə deyir ki, bir zamanlar İlqar Əliyevin yaxın dostu və şəriki olan sürücüsü ilə də ciddi insidenti yaşanıb. Hətta sürücünün həmin mübahisədən sonra ölkədən qaçdığı söylənilir.

Məlumatlara əsasən, «Yeganə Mamed»in də ölkədən baş götürüb qaçmasına səbəb 7 milyon avronu tapıb verə bilməməsi olub. İnformasiyada qeyd edilir ki, İ.Əliyev Xırdalandakı Dəri Zavodunda batan pulları geri almaq üçün Akif Rəhimova da xəbərdarlıq yollayıb. Hələlik Akif Rəhimovun qardaşını bu problemdən çıxarmaq üçün hansısa addımlar atıb-atmadığını dəqiqləşdirə bilmədik.

Qeyd edək ki, son zamanlar ölkə mətbuatında hakim düşərgənin təzyiqləri üzündən xarici ölkələrə sığınan iş adamları ilə bağlı açıqlamar dərc edir. Bizə daxil olan bu informasiya da onu göstərir ki, Azərbaycanda iş adamlarına qarşı ənənəvi metodlardan hələ də istifadə edilməkdədir.

Yazılanlarla bağlı bütün tərəfləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button