İlham Əliyevin bizi ittiham etməyə haqqı yoxdur

Əli Kərimli: «Özü Dağlıq Qarabağı əslində təslim etməyə hazırlaşan bir siyasətçinin heç bir əsas olmadan başqalarını bunda ittiham etməsi tamamilə absurddur»

 “Mən təəssüf edirəm ki, Azərbaycanın dövlət başçısı şayiə xarakterli söhbətlər yaymaqla məşğuldur”. Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən AXCP sədri Əli Kərimli “Media forum” saytına belə deyib.

Əli Kərimli qeyd edib ki, dövlət başçısında hansı müxalifət liderinin hansı beynəlxalq təşkilatın təmsilçisi ilə görüşündə Dağlıq Qarabağı ermənilərə vermək fikri səsləndirməsinə dair konkret məlumat, fakt varsa, onları açıqlamalı və həmin şəxsdən siyasi məsuliyyət tələb olunmalı idi: “Necə ki, biz İlham Əliyevdən siyasi məsuliyyət tələb edirik. Çünki o, Dağlıq Qarabağın yekun statusunun işğal olunmuş Dağlıq Qarabağda keçiriləcək referendumla müəyyənləşdirilməsini müzakirəyə çıxarıb. Madrid prinsiplərinin bir bəndi Dağlıq Qarabağın yekun statusunun Dağlıq Qarabağ ərazisində keçiriləcək referendumla müəyyənləşdirilməsini nəzərdə tutur. Özü Dağlıq Qarabağı əslində təslim etməyə hazırlaşan bir siyasətçinin heç bir əsas olmadan başqalarını bunda ittiham etməsi tamamilə absurddur.

Azərbaycanın müxalifət liderləri milli azadlıq hərəkatından keçmiş insanlardır. Bizim üçün Qarabağ müqəddəsdir. Biz İlham Əliyevin Qarabağın statusunu referendumla müəyyənləşdirməsinə belə imkan vermək fikrində deyilik. Biz buna çox sərt formada etiraz edirik və mövqeyimizi hər yerdə açıq formada bildiririk. Ona görə də belə böhtanlar bizə yapışmaz.

Mən 1980-ci ilin sonlarında, 90-cı illərin əvvəllərində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinin tələbəsi olanda 90 nəfər tələbə yoldaşımı götürüb Azərbaycan sərhədlərinə, Qarabağın müdafiəsinə getmişdim. İlham Əliyev özünə hesabat versin ki, o zaman hansı işlərlə məşğul idi. İndi onun haqqı varmı ki, bizə vətənpərvərlik öyrətsin? Özünün də, bizim də keçmişimizə baxsın və fikirləşsin ki, onun belə bir haqqı var, ya yox”.

AXCP sədri müxalifətin zəif olması haqda fikirlərlə də razı deyil: “Çox təəssüf edirəm ki, dövlət başçısı Azərbaycanı dünya miqyasında pozitiv təmsil, təqdim etmək fürsətindən yanlış istifadə edib. “Əl-Cəzirə” televiziyası dünyanın ən nüfuzlu televiziyalarından biridir. Dövləti təmsil edən şəxsin borcu bu telekanaldan Azərbaycanın və azərbaycanlıların pozitiv imicinin formalaşdırılması üçün istifadə etmək idi. Amma o nə edib? Öz opponetlərini aşağılamaq üçün bütövlükdə Azərbaycanı aşağılayıb.

Azərbaycan nə vaxt vətəndaş müharibəsindən keçib? 1993-cü ilin iyun hadisəsindən söhbət gedirsə, o zaman İlham Əliyevin atasının baş nazir təyin etdiyi Sürət Hüseynovun adamları Prezident Qvardiyasının 19 əsgərini güllələyiblər. Bu qədər. Heç cavab atəşi də, atışma da olmayıb. Heç bir vətəndaş müharibəsi də olmayıb.

1995-ci ildə “OMON”a qarşı əməliyyatda üç dəfə artıq insan həyatını itirib. Biz bunu vətəndaş müharibəsi saydıqmı? 1993-cü ildə bunlar qanuni hakimiyyətə qarşı qiyam qaldırıblarsa, qiyamçıların atəşi nəticəsində 19 əsgər öldürülübsə və qiyamçılara cavab atəşi açılmayıbsa, bunu necə bütün dünyaya vətəndaş müharibəsi kimi təqdim etmək olar? Dövlət başçısı həqiqətə uyğun olmayan məlumatı dünya miqyasında trajlamağı özünə necə rəva görür?

Müxalifətin vəziyyətinə gəlincə, bütün dünya bilir ki, Azərbaycanda fundamental hüquqlar məhdudlaşdırılıb. Altı ildir Azərbaycanda müxalifət televiziyaya buraxılmır. Hansı normal ölkədə belə bir hal var? Altı ildir nəinki mitinq, yürüş, heç normal piket keçirməyə də imkan yoxdur. Altı ildir AXCP-nin qərargahını əlindən alıblar. Bizə hətta icarəyə yer götürməyə imkan verilmir. Mənim xarici səfərlərimin qarşısı alınıb.

Son 18 ildə Azərbaycanda hər zaman siyasi məhbuslar olub. Yüzlərlə siyasətçi siyasi məhbus həyatı yaşayıb. Ölkədə mülkiyyət, dini etiqad azadlığı, söz və mətbuat azadlığına təminat yoxdur. Qəzetlərin 90 faizi hakimiyyətin nəzarətindədir. Həbsxanalarda, istintaq məntəqələrində onlarla insan işgəncələr nəticəsində həyatını itirir. Bu vəziyyəti bütün dünya bilir. Dünyanın ən nüfuzlu təşkilatlarının saxtalaşdırılan seçkilər, pozulan insan hüquqları ilə bağlı hesabatları var. Ona görə də bütün dünya bilir ki, Azərbaycanda hüquqlar məhdudlaşdırılıb və müxalifətin fəaliyyət meydanı dardır. Durub bunun əksini iddia etmək heç nəyi dəyişmir”.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button