İlham Əliyev: “Ermənistan Konstitusiyasına dəyişiklik etməsə, sülh imzalanmayacaq”

Yayımlandı: 2 İyul 2024 00:51

Azərbaycan Prezidenti bunun sülhün başlıca şərti olduğunu deyib

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “Ermənistan Konstitusiyasına dəyişiklik etməsə, sülh müqaviləsi bağlanmayacaq.

Bu barədə iyulun 1-də Əliyev Kanadanın yeni təyin edilmiş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qeyd edib.

Məlumatı “Turan” yayıb.

Onun sözlərinə görə, sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir:

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.

Bununla yanaşı, Əliyev danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyiş olduğunu vurğulayıb.

“Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”, – deyə Əliyev qeyd edib.

Onun fikrincə, əvvəlcə əsas prinsiplərlə bağlı razılıq əldə edilə, onlar paraflana və daha sonra sazişin mətni üzərində iş gedə bilər. Lakin o bildirib ki, bu, Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi təqdirdə mümkündür.

“Qayıdış hüququ” ilə əlaqədar səfirin şərhinə cavabında Əliyev bildirib ki, bu hüquq qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan icmasının nümayəndələrinə şamil edilməlidir.

Bu xüsusda o, keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını vurğulayıb.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button