İlham Əliyev: Nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər

Yayımlandı: 19 May 2024 17:20

 “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir”

Mayın 19-da Azərbaycanın Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan-İran dövlət sərhədində görüşüb.

Prezidentlər Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını ediblər.

Tədbirdə çıxışı zamanı İranın Prezidenti Seyid İbrahim Rəisi layihənin gerçəkləşməsinin iki xalq üçün çox uğurlu hesab edib:

Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Seyid İbarhim Rəisi qeyd edib ki, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür:
Bu, qohumluq əlaqəsidir. Həmçinin, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir”.

İlham Əliyev bugünkü görüşü və mərasimi İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacağını bildirib:

Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq”.

İlham Əliyev İran-Azərbaycan əlaqələrinin bölgə sabitliyin önəmli şərti olduğunu vurğulayıb:

“Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə, uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır”.

Ölkə başçısı deyib ki, regionun inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır:

“Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə – buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”.

Əliyev Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesinin getdiyinə də toxunub:

“Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. Nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button