İlham Hüseyn də narkotiklə şərlənibmiş

Apellyasiya Məhkəməsi AXCP funksioneri və keçmiş müstəntiq barəsində sifrişli qərarı qüvvədə saxladı

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın 19 oktyabr mitinqinə görə həbs edilənlərdən AXCP RH üzvü İlham Hüseyn və ictimai fəal, keçmiş müstəntiq Rüfət Səfərovun barələrində çıxarılmış inzibati həbs qərarından şikayətlərinə baxılıb.

Məhkəmə zamanı bəlli olub ki, 19 oktyabrdan 3 gün qabaq həbs edilən İlham Hüseyn narkotik ittihamı ilə şərlənib. Guya ekspertiza zamanı onun qanında heroin aşkarlanıb. Halbuki İlham Hüseyn heç siqaret də çəkmir.

İlham Hüseyn də məhkəmədə bunu bildirib və şərləndiyini deyib. O bildirib ki, 36 yaşı var, indiyə qədər nə siqaretin, nə də spirtli içkinin dadını bilir.

“Şərləmə də iki cür olur – bir var, ədalətli şərləmə, bir də var, ədalətsiz. Bu, çox ədalətsiz şərləmədir”, – deyə İlham Hüseyn qeyd edib.

Məhkəmədə İlham Hüseynin vəkili deyib ki, onu oktyabrın 16-da səhər saat 9 radələrində evinə çörək alıb gələrkən üç nəfər mülki geyimli şəxs saxlayıb. Vəkilin sözlərinə görə, İlham Hüseyni Sabunçu rayon 12-ci Polis Bölməsinə aparıb, saat 16.00 radələrinə qədər orada saxlayıblar. Daha sonra onu məcburi şəkildə Narkoloji Mərkəzə aparıb, qanından heroin tapılması barədə rəy alıblar. Halbuki narkoloji müayinə üçün mütləq şəxsin özünün yazılı razılığı olmalıdır. İlham Hüseynin isə belə razılığı yoxdur. Bundan başqa, İlham Hüseynə ailəsilə əlaqə saxlamağa, vəkilini çağırmağa imkan verməyiblər.

Vəkil vəsatət verib ki, İlham Hüseynin saxlandığı ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Vəsatət təmin edilməyib.

“Milli Şura 19 oktyabra mitinq təyin etmişdi. İlham Hüseyn də mitinqin təşkilatçılarından biri idi. Oktyabrın 15-dən təşkilatçıları, AXCP fəallarını həbs eləməyə başlamışdılar. İlhamı da oktyabrın 16-da həbs ediblər”, – vəkil vurğulayıb.

İlham Hüseyn özü qısa danışıb. Deyib ki, mitinq öncəsi həbs olunacağını gözləyirdi: “Səhər çörək alıb gələndə üç nəfər yaxınlaşdı ki, guya Əhəd adlı adamı axtarırlar. Dedim ki, mən uşaq deyiləm…”

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov şikayəti təmin etməyib.

İlham Hüseyn bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.

İlham Hüseyn oktyabrın 16-da saxlanıb və Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 gün inzibati həbs cəzası alıb.

***

Keçmiş müstəntiq Rüfət Səfərovun apellyasiya məhkəməsində isə vəkili Bəhruz Bayramov çıxış edərək deyib ki, müvəkkili 19 oktyabr aksiyasında iştirakla konstitusion hüququndan istifadə edib: “Sərbəst toplaşma azadlığı haqqında” qanunun 5-ci maddəsində mitinq barədə icazə almaq yox, dövlət orqanını xəbərdar etmək nəzərdə tutulub. Azərbaycan Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddəsi də sərbəst toplaşma azadlığını nəzərdə tutur. Rüfət Səfərov heç bir şüar səsləndirməyib, sakitcə dayandığı halda, polislər onu çox kobud şəkildə tutub aparıblar”.

Rüfət Səfərov özü də konstitusion hüququndan istifadə etdiyini və əməlində qanun pozuntusu olmadığını vurğulayıb. Deyib ki, haqqındakı məhkəmə qərarı qanunsuz və ədalətsizdir:

“Mənim oktyabrın 19-da, 17.10-da saxlandığım yazılıb. Amma daha tez tutulmuşdum”.

Həm Rüfət Səfərov özü, həm də vəkili sözügedən qərarın ləğvini istəyib.

Amma hakim Namiq Məmmədov şikayəti təmin etməyib. Nəsimi Rayon Məhkəməsinin 30 sutka inzibati həbs qərarı qüvvədə saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button