İlham İsmayıl: “…heç kəs yaxasını kənara çəkməsin…”

İlham İsmayıl
Azərbaycanda və onun sərhədlərindən kənarda Qarabağ ətrafında hərəkətlənmənin olmasını hiss etməmək mümkün deyil və bu hərəkətlənmənin miqyası yetərli olmasa da, hər halda var. Ermənistan siyasiləri, KİV-ləri həmişə olduğu kimi bizdən xeyli qabaqdadır, baxmayaraq ki, 30 ildir qalib ölkə statusundadırlar. Ermənilərin daha çox susmağa, status-kvonu saxlamaq naminə  məsələni unutdurmağa meyilli olmaqları məntiqli görünür. Amma düşmən daha çox cəbhə xəttində sakit dayanmağa üstünlük verir, onsuz da siyasi xətdə hamı fəaldır. Bunu erməni siyasi liderlərin mətbuatdakı açıqlamalarından aydın şəkildə görmək mümkündür.
Son günlər isə Qarabağ mövzusuna təkan, həm də kifayət dərəcədə özündə yeni çalarlar və mövqelər əks etdirən gəlişmə Belarus prezidenti Aleksandr Lukaşenkodan gəldi. Lukaşenkonun media qarşısında Qarabağ problemini kulislərdə, rəsmi görüşlərdə  müzakirə etdiyini, hətta sensasiya xarakterli təkliflər verdiyi artıq ictimaiyyətimizə məlumdur. Lukaşenkonun açıqladığı məsələlərdən irəli gələn narahatlıqlar həm mətbuatda, həm də Qarabağ Komitəsinin tədbirində müzakirə olunub, təəssüf ki, yenə də Qarabağ danışıqlarına məsul olan şəxslərdən xalqın narahatçılığına səbəb olan məsələlər barədə heç bir izahat verilməyib.
Paşinyan  növbədənkənar parlament seçkiləri ilə qalibiyyətini legitimləşdirdi və may ayından bəri Azərbaycanın cəbhədə atəşkəsə tam riayət etməsi bu işdə kifayət dərəcədə yardımçı oldu, bununla da “məxməri inqilabın” əksinə olanlara fürsət verilmədi.  İndi nə olacaq? Paşinyan israrla problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, həm də heç bir ərazi güzəştinin olmayacağını, əksinə, Azərbaycanın hansısa güzəştlər edəcəyini  deyir. Azərbaycan tərəfi isə problemin ərazi bütövlüyü çərçivəsində həll olunması tələbindədir.
Lukaşenkonun açıqlamalarından isə məlum olur ki, danışıqlarda qeyri-rəsmi olsa da başqa variantlar da olub. Məlum olur ki, beş rayonun müqabilində hətta qaz kəmərinin çəkilməsinə qədər razılıq verilib, həm də Lukaşenko: “söhbət rayonlardan gedir, Qarabağdan yox!” ifadəsini xüsusi vurğulayır. Nədir bu? Belə çıxır ki, biz Azərbaycanın ərazi bütövlüyünə olan qəsdin de-yure rəsmiləşmədiyinə görə bu təklifə razı olmayan Sarkisyanamı minnətdar olmalıyıq? Lukaşenko deyir ki, bu söhbət “azərbaycanlıların iştirakı ilə olub”. Yəni Lukaşenko bu təklifi öz yanından söyləməyib, İrəvan sammitində iştirak edən azərbaycanlıların şahidliyi ilə deyib, onlar da öz növbəsində etiraz etməyiblər. Yeri gəlmişkən, kimdi o azərbaycanlılar və hansı keyfiyyətdə, hansı statusda orada təmsil olunublar?
Və.., ən əsası Rusiya və Belarus qoşunlarının aran Qarabağla dağ Qarabağ arasında qarant (bu qoşuna sülhməramlı demək mümkün deyil) rolunu oynayacağı barədə deyilənlər hər halda Lukaşenkonun öz təşəbbüsü deyil. Rusiya qoşunları heç yerdə sülhməramlı rol oynamayıb, işğalçı olub. Qarabağda başımıza gətirdikləri, Gürcüstan ərazisində, Abxaziya və Cənubi Osetiyada  törətdikləri ”sülhməramlı” oyunu çox uzaq keçmiş deyil.
Bu məsələyə də aydınlıq gəlsə, əlavə şübhələrə ehtiyac qalmaz. Lukaşenkoya da minnətdar olmalıyıq ki, xalqın bilmədiyi taleyüklü məsələlərdən xəbərdar etdi.
Burda bir nüansı da vurğulamaq lazımdır. Lukaşenkonun 5 rayon haqqında dediklərini  xəbər verən bəzi media vasitələri bunu “xüsusi uğur” kimi dəyərləndirir, sanki “baxın Lukaşenko da bizim yanımızdadır” bağırmaq istəyirlər. Qəribədir, Amerika Birləşmiş Ştatlarının bütün siyasiləri  7 rayonun qaytarılmasını şərt kimi irəli sürəndə niyə sevinmirdiniz? Rusiyanın beşinci kalonunu təmsil edənlərin sürətlə çoxaldıqlarının və bu yolda olanların xüsusi imtiyaz sahibi olduqlarının fərqindəsinizmi? Bu ölkənin bu günü və perspektivi ilə bağlı o qədər suallar yaranıb ki, vətənin sabahının  sual altına düşmə təhlükəsini hiss etməmək mümkün deyil. Və sabaha biganə qalanları bu millətin gələcəyi heç vaxt bağışlamayacaq, sonrakı peşimançılıq da fayda verməyəcək.
“Lukaşenko deyir ki, o rayonlar onsuz da boşdur. Bu rayonların boşluğuna birbaşa işarədir və onların taleyi həmişə ortada meydan oxuyacaq. Və Ermənistan bunun üzərində düşünməlidir”.  Bunu erməni mətbuatı yazır. İndiyədək aparılan məskunlaşma ilə qane olmayan düşmən bu qənaətdən sonra məskunlaşmanı sürətlə davam etdirməyin vacibliyinə işarə vurur. Təəssüf ki, bu illərdə məskunlaşmağa heç cür mane olunmayıb. Bütün baş verən məqamlar, Qarabağ siyasətində hərəkətlənmə yeni siyasi yanaşma tələb edir.
25 illik uğursuz Qarabağ siyasətinə son qoymaq üçün yeni siyasət başlanmalıdır. Ermənistanın yeni hakimiyyəti daha çox ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırıb “məxməri inqilabı” gözdən salmamaq üçün çalışacaq. Qarabağ siyasətində istər diplomatiyada, istər hərbidə o qədər basqı yapılmalıdır ki, düşmən çıxılmaz vəziyyətdə qaldığını və perspektivinin olmadığını tam dərk etsin. Ən əsası bunu biz – millət olaraq, dövlət olaraq dərk etməliyik. Heç kəsin yaxasını kənara çəkməyə ixtiyarı yoxdur!
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button