İlham İsmayıl Qarabağ mitinqindən yazdı: “Prişibeyev təfəkkürü”

İlham İsmayıl
Qarabağ Komitəsinin üzvü
“Ayın üçündə arvadım Anfisa ilə sakit, alicənablıqla gedirəm, baxıram – sahildə bir yığın müxtəlif adamlar toplaşıb. Hansı haqla camaat burda toplaşır? Soruşuram. Niyə? Hansı qanunda deyilir ki, adamlar ilxı kimi bir yerdə toplaşsın? Qışqırıram: Dağılın! Camaatı dağıtmağa başladım ki, evlərinə getsinlər, yüzbaşıya əmr etdim ki, boynundan tutub rədd eləsin…” Bu, Çexovun “ Unter Prişibeyev” hekayəsində qəhrəmanın məhkəməyə izahatından bir parçadır. Çexov böyük yazıçıdır və onun yaratdığı obrazlara müasir dövrümüzdə də tez-tez rastlaşmaq olur.
Prişibeyevi yada salmaq isə son günlərin ritorikası ilə bağlıdır. “Axı niyə Qarabağ mitinqi edirlər?”, “Nəyə lazımdır bu vaxt Qarabağ məsələsi, əsas iş hakimiyyətə gəlməkdir”, “İndi yığışmaq danışıqlar prosesinə mənfi təsir edir”… və bu qəbildən Prişibeyevsayağı müdrik poza alıb yağdırılan suallar… Və bu sualları qəribə olsa da siyasi baxımdan bir-birinə əks olan qüvvəllər deyirlər. Yəni ortaq məxrəcləri budur: Qarabağ məsələsi indi işimizə yaramır. Çox yaxın tarixi yada salaq. Qarabağda hər bir uğursuzluq, daha doğrusu, faciə Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxarıb. Bəs indi necə, yeni faciə bir addımlığımızda ikən qarşısını almaq əvəzinə fəlakətin baş verməsini – Qarabağın kapitulyasiyasını gözləyənlərmi var?
Görəsən, Qarabağ nə vaxt örtülü və açıq yerlərdə müzakirə edildi ki, cəmiyyət və öndə gedən siyasilər bezdi bu işdən? Düşmən ölkədə may ayından bəri yeni siyasi vəziyyət formalaşıb. Xalqın dəstəyilə Nikol Paşinyan yeni baş nazirdir. Adət etdiyimiz kimi bu dəfə Rusiyanın iradəsi ilə gəlməyib və gəldiyi gündən açıq şəkildə meydan oxuyur. Baş nazir seçilən günün sabahı Xankəndinə gəlib parad qəbul etdi.., seyrçi qaldıq. Qarabağla əlaqədar sələflərindən fərqli olaraq Dağlıq Qarabağı tanıyacağını, Ermənistana birləşdirəcəyini, danışıq formatına separatçı rejimin qoşulmasını söylədi. Biz tərəfdən yenə sükut. Murovdan tutmuş Ağdam cəbhəsinə qədər “əyilə-əyilə” yox, dik-dik səngərdə gəzib rişxənd etdi. Dillənmədik. BMT Baş Assambleyasında növbəti erməni həyasızlığı sərgiləyərək bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etdi. Mübhəm sükut. Qərb dövlətlərinin Ermənistanın yeni baş nazirinə olan xüsusi simpatiyası da bir tərəfdən… Başqa daxili və xarici amilləri nəzərə almadan Qarabağ ətrafında qısa müddətdə bu qədər hadisələr baş verir, ölkənin iqtidarlı-müxalifətli qüvvələri də yay tətilini davam etdirirsə, bu vəziyyət niyə narahatlıq yaratmasın? Bu narahatlığı yaşayan insanlar pis-yaxşı bir araya gəlirsə və heç bir arxa plan fikirləşmədən narahatçılığı mitinq formasında bildirmək istəyirsə qəbahət nədədir?
Deyilən iradların nə siyasi, nə mənəvi, nə taktiki, nə də strateji baxımdan əsası yoxdur. Bütün cəbhələrdən gələn iradlar korporotiv maraqlar üstündə qurulub. Məsələn, təşkilatçıların kimliyinə verilən qiymət daha çox səslənən iradlar sırasındadır. Bəyənməyə bilərsiniz, mənim də şəxsi planda qəbul etmədiklərim var, amma Qarabağ ətrafında baş verən son situasiyalara münasibət bildirilir, cəmiyyətin hamısını olmasa da vətənini sevən insanlar ölkənin bir nömrəli dərdi, problemi haqqında bilgi almaq istəyirlər. Ən əsası, bu siyasəti aparan dövlət səlahiyyətlilərinə bildirmək istəyirlər ki, aləm dağılır, düşmən işğalın hüququ bazasını yaradır, bəs siz niyə susmusunuz, nə hərb, nə sülh müstəvisində səsiniz niyə çıxmır? Bu işə xalqın müəyyən fəal hissəsi reaksiya verdi və siyasi qüvvələrin, elə təşkilatçıların da gözləmədiyi sayda əhali toplaşdı. Tribuna, çıxışlar, molla, dua haqqında deyilənlər mahiyyət deyil, təfərrüatdır, texniki məsələlərdir. Söhbət Qarabağdan gedir. Mükəmməl deyil, başa düşürük. Siz yaxşısını təşkil edin, hamımız axışaq ora. Stalinin Fadeyevə sözü olmasın: ”mənim sizin üçün başqa yazıçım yoxdur, olanımız budur”. Olanımız hələ ki, budur.
Yazıçı demişkən, Azərbaycan Yazıçılar Birliyinin üzvlərini ziyalı hesab etmək olarmı? Məncə yaxşı, orta, pis və sairə yazardırlar, amma son illərdə onların vətəndaş mövqeyi müşahidə olunmayıb. Ziyalının da əsas xüsusiyyəti heç bir siyasi konyukturaya yol vermədən həmişə xalqın problemini qabardıb etiraz etmək, bu yolda xahiş və tələblər irəli sürməkdir. Tək Qarabağ məsələsində yox, ümumiyyətlə, indiyədək ölkədə mənəvi-əxlaqi böhranın səbəblərinə də münasibət bildirilməyib. BELƏ OLMAZ – deyə etiraz səsini kimsə qaldırmayıb? Ümumiyyətlə, ziyalı deyə şüuraltı düşündüyümüz insanların heç sətiraltı etirazı da yoxdur. Ziyalı etirazı millətin müqavimətini  yaradan amildir. Bu amil yoxsa, Qarabağın taleyinə ümummilli biganəlik davam edəcək.
İradın biri də budur ki, Qarabağ mitinqi “danışıqlar prosesinə mənfi təsir edir…”. Bu fikrə məntiqlə cavab verək. Qarabağ tələbi ilə çıxış etmək o vaxt danışıqlara mənfi təsir edə bilər ki, o danışıqlar Azərbaycanın əleyhinə aparılır. Başqa arqument yoxdur. Azərbaycanın xeyrinə olan işə xalq mane ola bilməz. Əvvələn danışıqlar aparılmır, ikincisi Azərbaycan xalqının, hətta bir qrup adamın Qarabağı tələb etməsi niyə olmayan danışıqlara mənfi təsir etsin? Yoxsa, Qarabağı verməyə hazırlaşırlar, beş min adamın da bir yerə toplaşması mane olur bu işə? Prişibeyev təfəkkürüdür bu. Adamların bir yerə yığışmasından yaranan xofdu bu. Amma narahat olmayın, millətin özünü vətəndaş hiss edən kəsimini siyasət yox, Qarabağ maraqlandırır.
Çexov kimi Sabir də bütün zamanların sənətkarıdır. Yaza-yaza Sabirin aşağıdakı misraları yadıma düşdü:
“Niyə bəs, boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa, bu ayinədə əyri görürsən özünü?”
Yalnız Qarabağı düz, azad görmək istəməyənlər özlərini əyri görə bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button