İlham İsmayıl: Rusiyayönlülər yenidən qalib gəldi

Rauf Mirqədirov: ”Bakı ilə Moskva münasibətlərində yeni dövr başlayır”

 

Büdcə təşkilatlarında çalışanların maaşlarının orta hesabla 40 faiz artırılması barədə sərəncamlarından iki gün sonra prezident İlham Əliyev güc strukturlarında kadr dəyişikləri etdi.

Sərəncamlara əsasən Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurasının katibi təyin edildi. Nazir vəzifəsində onu birinci müavini Vilayət Eyvazov əvəzlədi.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev vəzifəsindən azad edilərək 6 ay əvvəl ləğv olunan Müdafiə Sənayesi Nazirliyinə rəhbər təyin edilib. Nazirlik yenidən bərpa olunub. Onu Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini olan Əli Nağıyev əvəzləyib. https://www.meydan.tv/az/article/eli-nagiyev-dtx-reisi-medet-quliyev-ise-mudafie-senayesi-naziri-oldu/?ref=list-news

Meydan TV son sərəncamların doğurduğu suallarla bağlı siyasi icmalçılara müraciət edib.

 

“İndiki sistem öz resurslarını tükədib”

 

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, maaş artımı ilə kadr yerdəyişmələrinin əlaqəsi var:

“Ölkədə sosial gərginlik var. Bunu yumşaltmaq üçün başqa addımlar atılmalıdır. Amma hökumət daha çox güc nazirliklərinin maaşını artırdı. Deməli, hakimiyyət ölkədə siyasi-ictimai və iqtisadi vəziyyətin ağır olduğunu bilir. Həm də Qərb tərəfindən öhdəliklərlə bağlı tələblər var. Bu mənada güc strukturlarının gücləndirilməsi, sabitliyin belə formada qorunması hakimiyyət üçün çox vacib əhəmiyyət kəsb edir”.

Mehman Əliyev 20 iyun sərəncamlarının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiya Təhlükəsizlik Şurasının katibi, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşevlə görüşündən sonra imzalanmasını belə qiymətləndirir:

Mehman Əliyev

Mehman Əliyev

 

“Sadəcə, Bakı Moskvanı ölkədə gedən proseslər haqda məlumatlandırır”.

Mehman Əliyevin sözlərinə görə, kadr dəyişiklikləri bu cür sürətlə getsə, parlament seçkilərinin keçirilməsi istisna deyil. Onun sözlərinə görə, indiki sosial-iqtisadi böhranda yeni parlamentin formalaşması və bu orqana yeni adamların gətirilib mübarizənin parlament müstəvisinə keçirilməsi gözləniləndir.

“Məsələ ondadır ki, indiki Milli Məclis 2015-ci ildə, böhranlı ildə formalaşıb. İndi çox şey dəyişib, artıq başqa mərhələdir və qanunverici orqan yeni çağırışlara cavab vermir. O zaman hakimiyyət gələn dövrün böhranlı olacağını düşünmürdü. Əsas məsələ ondadır ki, indiki sistem öz resurslarını tükədib. Son hadisələr də prosesi maksimal dərəcədə uzatmaq niyyətindən xəbər verir”.

O, hakimiyyətin islahat aparmağa məcbur olduğunu düşünür:

“Çünki başqa çıxış yolu yoxdur. İslahatların aparılması cəmiyyətə siyasi və iqtisadi azadlıqların verilməsi deməkdir. Belə bir vəziyyətdə ictimaiyyət hakimiyyətə xeyli suallar ünvanlayacaq. Ciddi problem yaranmaması üçün hakimiyyət təhlükəsizlik tədbirləri görür. Nəzərə alın ki, cəmiyyətin fəallığı, tələbləri getdikcə artırsa, dəyişikliklər aparmaq sərf etmir. Bunu başa düşdüklərindən maksimal dərəcədə asayişi gücləndirmək haqda düşünürlər”.

 

“Rusiyayönümlülər yenidən qalib gəldi”

 

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl hesab edir ki, Azərbaycanda proseslər fəal mərhələyə Mehman Hüseynovun aclıq aksiyasından sonra qədəm qoydu. Onun sözlərinə görə, ondan sonra imzalanan əfv fərmanı ilə çoxlu sayda məhbus azad edildi, cəmiyyətdə bir qədər fəallıq sezildi.

“Nəticədə bir sıra sosial addımlar atıldı. Bəli, maaş artımı ilə kadr yerdəyişmələri arasında çox ciddi əlaqə olmasa da, dəyişikliyin özü cəmiyyətdə başqa əhval-ruhiyyə yaradır. Çünki bir nəfər 25 il nazir işləyirsə, adamlarda belə təsəvvür yaranır ki, daxili işlər naziri heç vaxt dəyişməyəcək. Bu dəyişikliyin özü cəmiyyətdə müsbət emosiya yaradır, başqa heç nə:

“Amma mən Daxili İşlər Nazirliyinin fəaliyyətində, yaxud strukturlarında önəmli dəyişiklik gözləmirəm. Bununla bərabər 15 il sonra, yəni 2004-cü ildən sonra nəhayət ki, xüsusi xidmət orqanına peşəkar adam qoyuldu, bu, müsbətdir. Çünki son 15 ildə xüsusi xidmət orqanının rəhbərləri polislər olub. 11 il 3 ayda da bir polis həmin nazirliyi elə günə qoydu ki, qurumun adı da dəyişdi, hətta ləğv edildi. Hakimiyyətin içində bu vəzifəyə ən uyğun olanı Əli Nağıyev idi”.

İlham İsmayıl

İlham İsmayıl

 

İlham İsmayıl hesab edir ki, Mehdiyevlə Patruşevin müəyyən məsləhətləşmələri mümkündür. Onun fikrincə, hakimiyyətdə Rusiya ilə bağlılıq o qədər çoxdur ki, bu məsələnin də müzakirəsi mümkündür.

İlham İsmayılın sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin bərpa edilməsi Mədət Quliyevin statusunun aşağı salınmaması üçündür.

Bununla bərabər ekspert payızda növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etmir.

“Mötəbər mənbələr erkən seçkini mümkün sayır. Çünki gələn illərdə iqtisadi və siyasi hadisələrin necə inkişaf edəcəyi bilinmir. Yəni cəmiyyətdə xüsusi gərginlik yaşanmadığı zaman seçkiləri keçirmək mümkündür”.

İlham İsmayıl bildirib ki, son dəyişikliklər hakimiyyətin mahiyyətini dəyişmir və rusiyayönümlülər yenidən qalib gəldi.

 

“Mədət Quliyevin vəzifədən kənarlaşdırılması tələsik və təəccüblü göründü”

 

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov mövcud hakimiyyətin kifayət qədər peşəkar və ağıllı məsləhətçilərinin olduğunu düşünür:

“Mənim məlumatlarıma görə bu məsləhətçilər xarici şirkətlərə bağlıdır”.

O, son bir neçə ayda minimal əmək haqqının iki dəfə artırılmasını ciddi addım sayır:

“Bir neçə ay əvvəl minimal əmək haqqı 65 avro idi. Bu, postsovet məkanında ən aşağı maaşlardan biridir. Azərbaycanlılar Gürcüstan və Ermənistan vətəndaşlarından da az alırdı. Sözsüz ki, sosial gərginlik yaradırdı və müxalifətin 19 yanvar mitinqi də həmin gərginliyi təsdiqlədi. Ardınca nə baş verdi? Prezident və xanımı xalqla birbaşa ünsiyyətə getdilər. Azərbaycan mentalitetində bu pozitiv fon yaradır”.

R.Mirqədirov kadr yerdəyişmələrini belə qiymətləndirdi:

Rauf Mirqədirov

Rauf Mirqədirov

 

“Ramil Usubov daxildə də, xaricdə də çox odioz fiqur kimi qarşılanırdı. Bir çox qanunsuzluqlar polisin adı ilə bağlıydı. Dünən belə bir adamın operativ idarəetmədən uzaqlaşdırılması ilk nəzərdən pozitiv qarşılanmalıdır. Ancaq imici Ramil Usubovdan pozitiv olmayan Vilayət Eyvazovun nazir təyin edilməsi müəyyən gərginliyi azaldır. Digər məqam Usubovun Təhlükəsizlik Şurasının katibi təyin olunmasıdır. Dünənə qədər o vəzifədə Ramiz Mehdiyev olub, amma onun kənarlaşdırılması haqda sərəncam yoxdur”.

O xatırladıb ki, iki gün əvvəl Ramiz Mehdiyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşevlə görüşüb.

“Əslində, Mehdiyev Azərbaycanla Rusiya hakimiyyəti arasında əlaqələndirici fiqurdur, operativ əlaqələrin əsas hissəsi onun vasitəsilə həyata keçirilir. Regionda münasibətlərin gərgin olduğu dövrdə belə bir fiqurun oyundan çıxarılması çox maraqlıdır. Bəli, ictimaiyyətdə Usubovun Mehdiyevə yaxın olması fikri möhkəmlənib, amma Kremlə o dərəcədə tanış və ya yaxın deyil. Son dəyişikliklərdən belə bir təəssürat yaranır ki, Bakı ilə Moskva münasibətlərində yeni dövr başlayır”.

R.Mirqədirov Mədət Quliyevin vəzifədən kənarlaşdırılmasını tələsik və təəccüblü sayır:

“Tələskənlik o dərəcədə olub ki, Mədət Quliyevi mövcud olmayan nazirliyin rəhbəri təyin ediblər. Həm də bu rotasiyanın həyata keçirilməsi hakimiyyətin özü üçün də gözlənilməz olub. Bunun arxasında baş verməsi gözlənilən ciddi təhdidlər dayanır. Əks təqdirdə belə addımlar atılmazdı. Mədət Quliyev polis idi, təhlükəsizlik xidmətinin rəhbəri olaraq peşəkar deyildi. O hakim ailəyə çox sədaqətlidir və yaxındır, onun təşkil etdiyi tədbirlərdə, marafonlarda hakim ailə üzvləri də iştirak edirdi. Eyni zamanda, Mədət Quliyev ipə-sapa yatmayan adam idi. Konkret nəticə əldə etmək üçün qanunlara barmaqarası baxa bilir. Məsələn, həbslər zamanı qətllərə əl atması kifayət qədər mübahisələr doğururdu”.

Bununla belə R.Mirqədirov hesab edir ki, onu əvəz edən Əli Nağıyev isə peşəkardır və onun hansı qruplaşmaya bağlılığını söyləmək çətindir.

“Ümumiyyətlə, bu tip vəzifələrdə ya peşəkarlar olmalıdır, ya da bu vəzifələr siyasi vəzifələrə çevrilməlidir. Yəni hakimiyyət dəyişəndə qalib gələn partiya həmin vəzifəyə siyasətçini təyin etməlidir. Təəssüf ki, bizdə ziddiyyətli mənzərə yarandığından problem konstitusion yolla həll olunmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button