İlham İsmayıl yazır: “26 illik bacarıqsız Qarabağ siyasəti ilə üz-üzəyik”

“Başqa sabitlik yox, atəşkəsdən sonra Qarabağın işğalının sabit olaraq qalması və bu sabitliyin və sükutun fonunda ölkənin sabit durumu ilə fəxr etmək və bunu örnək göstərmək çox təəccüblü gəlir: Qarabağ işğal altındadır və Azərbaycan sabit ölkədir? Hansı dövlət torpağı işğal olunanda “yerdə qalanına şükür”, deyib sabitlikdən danışır?”.  Bu fikirləri ilin əvvəlində -13 fevralda yazmışdım. İl sona çatır və biz hələ də məğlub sabitliyimizlə fəxr etməkdə davam edir, adına seçki dediyimiz tamaşanın “baş məşqini” edib, növbəti səhnəyə hazırlaşırıq. Qarabağda isə sabit işğal, daha doğrusu, Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində uğursuz siyasəti davam edir. Bu uğursuz siyasət hər il Azərbaycanı Qarabağdan uzaqlaşdırır, erməniləri isə işğal etdikləri torpaqlara hərtərəfli bağlayır. Xüsusi təhlil aparmadan belə, bu reallıq açıq- aydın göründüyü üçün sübuta belə ehtiyacı qalmır.
 Elə bu məntiqlə də Beynəlxalq Böhran Qrupu ( BBQ)  öz hesabatında Dağlıq Qarabağ ətrafı rayonların 1994-cü ildən sonra sürətlə məskunlaşmasını bir daha təsdiq edib. Böhran Qrupu göstərir ki, “keçmiş DQMV ətrafı ərazilərdə 1994-cü ildən sonra dünyaya gəlmiş nəsil böyüyür,çoxalır və orda kənd təsərrüfatı sürətlə inkişaf edir”. Hesabatda deyilir ki, əgər 2016-cı ilə kimi bu ərazilərin qaytarılması “ehtimal olunurdusa”, indi bu barədə hətta bir nəfər belə danışmır. Hesabatda o da xüsusi vurğulanır ki, təkcə Dağlıq Qarabağ və Ermənistan arasındakı ərazilərdə 17000  etnik erməni məskunlaşıb”. Bu nədir?
Bu, Azərbaycanın 26 illik bacarıqsız Qarabağ siyasətinin nəticələridir, ay millət! Bu, Azərbaycan Ordusunun torpaqları azad etmək gücünə çatdırılmamasının dolayısı ilə etirafıdır. Bu, ümumiyyətlə Azərbaycan siyasətində Qarabağ probleminin həll edilməsi məsələsinin prioritet olmadığının təzahürüdür.
Ermənistanın sülh yolu ilə işğal etdiyi torpaqları qaytarmayacağını yalnız biz demirik. Bunu, hesabatında Böhran Qrupu  təsdiq edir, bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mils təsdiq edir, bunu bizim həm də xalq olaraq biganəliyimiz və laqeyidliyimiz təsdiq edir, nəhayət bunu milyon dəfə üzümüzə söyləyən  düşmənin özü təsdiq edir. Daha nə baş verməlidir ki, millətin əbədi məğlubiyyət və əbədi biabırçılıqla üzbəüz qaldığı dərk edilsin?
  O həddə gəlib çatmışıq ki, ATƏT-ə konsultasiya xidməti göstərən Beynəlxalq Böhran Qrupu Azərbaycana məsləhət görür ki, “bu əraziləri unudun”. Ermənistan o dərəcədə arxayındır ki, heç mövcud sərhədlərdə sülhməramlı qüvvələri belə istəmir. Niyə də istəsin? Azərbaycan Ordusu 26 ildə hansı yaşayış məntəqəsini azad edə bilib və ya buna əsaslı cəhd edib ki, erməni bu gün çəkinib sülhməramlı qüvvəyə ehtiyacı olduğunu düşünsün? Yalnız Moskvanın göndərəcəyi sülhməramlılara etiraz etməyəcəyini bildirən düşmən, onların da ancaq indiki təmas xəttində yerləşdirilməsinə razılıq verir.
Hesabatda Azərbaycanın irəli sürdüyü təkliflər də yer alıb, amma elə orda da qeyd olunub ki, ermənilər bundan imtina ediblər.
Və təsadüfi deyil ki, hesabatın ruhundan vəcdə gələn erməni jurnalist yazır ki, “ Beynəlxalq Böhran Qrupunun hesabatı Qarabağdakı real durumun konstatasiyasıdır və reallığın etirafı, Trampın Yerusəlimdə və Qolan təpələrində İsrailin suverenliyini tanıması bəyanatı artıq beynəlxalq trendə çevrilib. Xüsusilə də, ABŞ Konqresi təfindən erməni soyqırımı tanınandan sonra”. Dəfələrlə demişik ki, bir gün belə sürpriz tanımalar bizi də gözləyə bilər.
 Amma, Qarabağ uğruna Azərbaycanın müharibəyə başlamasından Ermənistanın çox qorxduğunu da hiss etməmək mümkün deyil. Elə bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın bizi hədələməsinin arxasında məhz bu qorxu dayanır. Paşinyanın “ Azərbaycan müharibəyə başlasa böyük fəlakətlə üzləşəcək” hədəsi, bu qorxunun etirafıdır. Guya, erməni bizim qeydimizəmi qalır? Müharibəyə başlasaq fəlakətlə üzləşəcəyik? Biz onların düşməniyik, əcəba, düşməninin fəlakətlə üzləşməsini, Paşinyan nədən istəmir? Yox, müharibə başladığı halda o özlərinin fəlakətə düşəcəyini yaxşı bilir, ona görə də səsini çıxarır. Amma, biz hələ də susuruq və neçə ki, bu sükut davam edəcək, bizi hələ çox erməni baş nazirlər hədləyəcək.
 Təki Azərbaycan torpaqlarını azad etmək üçün müharibəyə başlasın.  Gücün hüququndan uğurla istifadə edə bilməyimiz bizim bu girdabdan çıxış yolumuzdur. Sayımız düşməndən çoxdur. Elə hücum planı hazırlamaq lazımdır ki, iki dəfə düşməndən çox ölsək də sonunda Qarabağı azad edək. Biz vətən uğruna ölməsək, vətən dirilməyəcək, cənablar!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button