İlham İsmayıl yazır: “Abşerona sığınan ölkə”

İlham İsmayıl
 
Abşerona sığınmış ölkəyə Lavrov hansı “yükləmə”ilə gəlir?
Paşinyan: “Məgər biz 1988, 1990, 1991-ci illərdə Azərbaycandan daha çox silaha malik idik? Əlbəttə, yox. Bizim nə qədər silahımız vardı? 1918-ci ildə Sərdarabad döyüşündə daha çox idimi? Ancaq biz bu gün Madagizdə qalib xalqın nümayəndələri kimi əyləşmişik. Və biz bir-birimizə baxaraq keçmiş qələbələrimizdən doğan qələbə iradəsini görürük. Və bu, bizim gələcək qələbələrimiz üçün qətiyyətimizi daha da artırır”.
Paşinyan Qarabağa sayı-hesabı bilinməyən növbəti səfərini birbaşa cəbhə xəttinə etdi, silahı bizə tərəf tuşladı və ötən əsrin 90-cı illərinin qələbələrini qeyd edib “qalib xalq” olduqlarını bir daha üzümüzə şillə kimi vurdu, hətta 1918-ci il Sardarabad döyüşünü də yaddan çıxarmadı. Söhbət Paşinyanın təbliğat xarakterli hərəkətlərini qabartmaq deyil, burada əsas məsələ odur ki, düşmən dövlətin başçısı bu gün qalib gəldiyi Köçaryanın, Sarkisyanın Qarabağdakı uğurlarının üstündən xətt çəkmədən ümumerməni milli maraqlarına uyğun keçmişi xatırladır və özlərini qalib xalq elan edir və təəssüf ki, reallıq da belədir. “Aprel döyüşləri” adı ilə tarixə düşmüş üçgünlük savaşdan qalib çıxdıqlarını və Madagizin qürur yeri olduğunu vurğulayır.
Əks arqumentimiz yoxdur. Paşinyan hər gün çıxış edir və çıxışının əsas hissəsinin hədəfi Azərbaycandır! Paşinyan ən azı hər ay Qarabağa gəlir, bəzən ayda bir neçə dəfə. Madagiz bizdən o məsafədədir ki, heç uzaqvuran toplarla deyil, yaxın məsafəyə hesablanmış silahlarla da oranı dağıtmaq olar. Müqayisə etsək, Paşinyan bizim Müdafiə Nazirliyinin bəzi səlahiyyətlilərindən Qarabağda daha tez-tez görünür.
Azərbaycanda əks proses gedir. Bütün siyasilərin çıxışları daxilə yönəlib. İqtidar da, müxalifət də bir-birlərini yaxın və uzaq keçmişə, bu günə görə ittiham və təhqir etməkdə davam edir. Düşmən faktiki olaraq heç qınanmır da, yəni düşmən daxildə axtarılır. Bir nömrəli ümummilli problem siyasilərin bir-birilərini ittiham etməsi kimi gündəmdə deyil. Gündəmə gətirməyə cəhd edənlər isə çox vaxt bu problemdən manipulyasiya kimi istifadə edir, ona görə də şəxsi və siyasi maraqlardan doğan manipulyativ əməllər cəmiyyətin Qarabağ probleminə qeyri-ciddi münasibətini formalaşdırır.
Düşmən də bunu görür və açıq deyir ki, qarşı tərəf, yəni biz Qarabağı unutmuşuq, ona görə də erməni siyasi leksikonunda artıq Azərbaycan yox, “Abşeron” ölkəsi adlanırıq. Bu, faktdır. Rusiya kimi böyük bir ərazimiz də yoxdur ki, paytaxta qədər geri çəkilib, yenidən hücum edək – vaxtilə rusların Napoleona, Hitlerə qarşı yürütdüyü siyasət kimi. Balaca bir ərazisi olan ölkə düşmən qarşısında geri çəkilib, Abşeron yarımadasına sığınıb. Abşeron buruqlarına sığınan ölkənin sabahı sual altındadır.
Digər tərəfdən, Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrovun bu gün Bakıya hansı” yükləmə” ilə gəldiyi narahatlıq yaradır. 11 noyabrda İrəvanda dediyi – “Dağlıq Qarabağ xalqının iradəsindən kənar münaqişə həll edilə bilməz” bəyanatını xüsusi manevrlərlə Azərbaycana qəbul etdirəcəyi barədə narahatedici xəbərlər gəlməkdə davam edir. Paşinyanın Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını tələb etməsi davam edir və faktiki olaraq Lavrov da son bəyanatı ilə bu mövqeni dəstəkləyib. Bu səfərdə əsas tələblərdən (Azərbaycanın apardığı siyasətə görə Rusiya yalnız tələblə çıxış edir) başlıcası Dağlı Qarabağın tərəf kimi danışıqlarda iştirakını təmin etmək üçün Azərbaycanın Minsk Qrupundan kənar Rusiyaya fövqəladə mandat verməsi ola bilər. Yəni Minsk Qrupu öz yerində Dağlıq Qarabağ erməniləri ilə Azərbaycan adından danışıqların aparılması Rusiyaya həvalə edilə bilər. Nə qədər inandırıcı görsənməsə də, 26 illik mənasız sülh danışıqları və Azərbaycanın çəkingən, uğursuz diplomatiyası ilə yanaşı, təsirsiz hərbi hazırlığı, nəticə olaraq hətta belə bir avantüraya gətirib çıxaracağını istisna etmir. Burada Azərbaycanın ərazi bütövlüyünün əsas “qırmızı xətt” olduğu və bu prinsipdən kənar münaqişənin heç bir həlli olmadığını son vaxtlar demək olar ki, səlahiyyət sahibləri səsləndirmir.
Üç gündən sonra Elmar Məmmədyarov Bratislavada kolleqası Mnatsakanyanla görüşəcək. İnqilab baş verməyəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button