İlham İsmayıl yazır: “DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?”

Minskdə Xüsusi xidmət orqanının ali kursunda oxuyarkən müəllimlərimiz bizə belə bir məsləhət verirdi. İnsanlarda belə bir təsəvvür var ki, adam dünyaya gələndə KQB-də ona “iş-qovluq” açılır və onun bütün həyatı o qovluqda toplanır, yeri gələndə də çağırıb üzünə bütün keçmişini söyləyə bilirlər. Müəllimlərimiz deyirdi ki, heç vaxt insanlarda formalaşan bu fikrin doğru olmadığını sübut etməyə çalışmayın, buraxın o fikirdə də qalsınlar. Müəllimlərin dediklərini sonralar xidmət prosesində əyani şəkildə gördük və bu təsəvvür yeri gələndə işimizə yarayırdı. Xüsusi xidmət orqanları haqqında buna bənzər başqa təsəvvürlər də var və işdən çıxandan sonra da mən belə hallarla tez-tez rastlaşdım və rastlaşıram.
Təsəvvürlərdən biri də odur ki, əgər vaxtilə xüsusi xidmət orqanında çalışmısansa, deməli o təşkilatın tapşırıqlarını yerinə yetirirsən və bu qəbildən daha nələr. Dünən jurnalist dostlarımızdan biri xəbər verdi ki, Osmanqızı TV-də yayımlanan “Ramiz Mehdiyev “5-ci kolon “ necə oldu” başlıqlı internet verilişində danışan Ramiz Yunus sənin də adını çəkib, bax. Bu gün baxdım və Ramiz Yunus deyir: “Mən elə-belə demirəm.., deyə bilərsiniz mən hardan bilirəm bunları, bu mənim işimdir, əgər Əli Nağıyevi şəxsən tanıyıramsa, deməli nəsə bilirəm, Əli Nağıyev elə-belə gəlməyib. İlham İsmayıl, Ərəstun Oruclu, Sülhəddin Əkbər niyə belə aktiv olublar? Əvvəllər aktiv olmayan bu keçmiş MTN işçiləri indi niyə belə aktivdirlər? Soruşun də?”.
Ramiz Yunus mənim də tanıdığım şəxslərin adlarını çəksə də, mən öz adıma cavab verməyə çalışacam. Qeyri-müəyyən fikirlərlə dolu olan bu çıxışda Ramiz Yunusun deməyindən bu nəticəyə gəlmək olar ki, hakimiyyət uğrunda mübarizə ölkədə guya həlledici ana gəlib çıxıb və hakimiyyət dəyişikliyi bir addımlıqdadır, ona görə İlham İsmayıl da aktivləşib. Ramiz Yunusun nə dediyinin şəxsən mənim üçün heç bir əhəmiyyəti olmasa da, (təxminən müəllimlərin bizə verdiyi məsləhət silsiləsindən olan hadisə kimi qəbul etdiyimə görə) cəmiyyətdə hansısa çaşqınlığın yaranmaması üçün cavab verməyi vacib hesab edirəm.
Birincisi, Ramiz Yunus bəlkə də özü də bilmədən özünü ifşa edib. O deyir ki, “Əli Nağıyevi (DTX rəisi) şəxsən tanıyıramsa deməli nəsə bilirəm. Bu mənim işimdir”. Əvvəllər sayt redaktorlarından biri də özünü o qədər itirmişdi, elə şeylər danışmışdı ki, dərin təhlil etmədən də hiss etmək olurdu ki, o xüsusi xidmət orqanının məxfi əməkdaşıdır və verilən tapşırığı yerinə yetirmək üçün dəridən qabıqdan çıxııb və.., və özünü ifşa etmək həddinə gəlib çıxıb. Bəzən belə olur. Agent çox tapşırıqla yüklənəndə ifşa olunma təhlükəsi ilə üzləşə bilir. Ramiz Yunus tamaşaçıya fikrinin əsaslı olduğunu çatdırmaq istəyir və deyir ki, DTX rəisini şəxsən tanıyıram və dediklərim elə-belə deyil. Adam faktiki olaraq özünü ifşa edir ki, guya informasiyaları DTX rəisindən alır. Gərək nə qədər rabitəsiz nitq ifadə edə biləsən ki, yalan danışmadığını mötəbər mənbə ilə sığortalayasan, amma nəticədə özünü biabır edəsən.
Ikincisi, mən 14 ildir ki, heç bir siyasi partiyanın üzvü deyiləm və siyasi hakimiyyət uğrunda mübarizə aparmıram. İndi də heç bir siyasi təşkilatın üzvü deyiləm, bütün ictimai fəaliyyətim də yalnız Qarabağın işğalı ilə bağlıdır. Aparılan Qarabağ siyasətindən razı deyiləm, bu siyasətin yanlış olduğunu deyirəm, tənqid edir, əhalini təslimçiliklə barışmamağa çağırıram. Ümumiyyətlə, mən ölkədən kənarda yaşadığım zaman istisna olmaqla, qalan vaxtlar heç vaxt küncə çəkilməmişəm, bu və ya digər şəkildə ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirməyə çalışmışam. Ola bilsin ki, bu istiqamətdə fəaliyyətim son beş ildə daha da artıb, çünki əgər indiyədək ordu quruculuğunun mükəmməlləşməsini gözləyirdiksə, indi kifayət dərəcədə buna şəraitin yarandığı qənaətindəyəm və fikirləşirəm ki, zaman bizim xeyrimizə işləmir, tezliklə torpaqlarımız işğaldan azad edilməsə işğalın ömrü uzanacaq və gələcək nəsillər üçün problemin həlli daha da ağırlaşacaq.
Ramiz Yunusa görə hakimiyyət uğrunda mübarizə yalnız ona və onun müdafiə etdiyi siyasi təşkilatlara məxsus olmalıdır. Onun məntiqinə görə kim qabağa çıxırsa, fəallığı artırsa bu tapşırıq əsasındadır. Hakimiyyəti tənqid etmək üçün Ramiz Yunusdanmı icazə almalıyıq və ya onun dəstəklədiyi bir təşkilatın nümayəndəsinin dediyi kimi, gəlib onlarla bir cərgədəmi dayanmalıyıq? Bu nə absurd təfəkkürdür?
Nəhayət, Ramiz Yunus da onun seçdiyi siyasi qüvvələr də anlasınlar ki, ölkənin xüsusi xidmət təşkilatı heç kimə demir ki, get hakimiyyəti tənqid et, səni müxalifət düzəldək. Bu istəkdə olanlar özləri DTX- ya müraciət təşəbbüsündə bulunurlar ki, bizi öz çətiriniz altına alın, hansı formada istəyirsinizsə xidmət edək. Belələrinə orqanda agent olmaq üçün “təşşəbbüsçü” deyirlər. Ramiz Yunus yüksək vəzifəli şəxsin adını çəkməklə bəlkə  “təşəbbüsçü” kateqoriyasına daxil olmaq istəyir? Dəyərləndirmək olar…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button