İlham İsmayıl yazır: “Nifrət virusu niyə dezinfeksiya olunmur?”

Səməd Seyidovun “Etikxeber.az” saytına verdiyi müsahibə və AŞPA-nın prezidenti Rik Daemsə yazdığı məktubla tanış olanda bir daha əmin olmaq mümkündür ki, bizi nüfuzlu beynəlxalq təşkilatda təmsil edənlər bu səviyyə ilə heç vaxt Azərbaycana müsbət imic qazandıra bilməz, necə ki, indiyədək qazandıra bilməyiblər. Seyidovun açıqlamalarının mahiyyəti Ata Abdullayev adlı birinin guya hakimiyyəti dəstəkləyən, əslində yalnız zərər gətirən ucuz təbliğatından heç nə ilə fərqlənmir. Qeyd olunan müsahibə və məktubu təhlil etməkdən uzağıq, belə bir fikrimiz olsaydı, gərək hər bir cümlənin maraqlarımıza uyğun olmadığını bir-bir göstərəydik. Yalnız iki məqama diqqət yetirməyi məqsədəuyğun sayırıq. Səməd Seyidov deyir: “İlk dəfədir parlamentdə səkkiz nəfər müxalifət nümayəndəsi müxtəlif vəzifələrdə təmsil olunmuşdur, vitse-spiker vəzifəsindən tutmuş, komitə sədri və komitə sədrlərinin müavinləri səviyyəsində.., təsəvvür edə bilərsiniz, nə dərəcədə böyük və əhəmiyyətli bir addım atılıb cənab Prezidentin təşəbbüsü əsasında”.

O deyilən səkkiz nəfərin müxalifliyi qalsın bir tərəfə, onsuz da Avropa Şurası bizim parlamentdə təmsil olunanların hansı mövqedə olduğunu yaxşı bilir, amma bu fikirləri ilə Səməd Seyidov faktiki olaraq dövlət başçısını pis vəziyyətdə qoyub. Bu o deməkdir ki, indiyədək Prezident müxalifətin parlamentdə təmsil olunmasını istəməyib və yalnız bu dəfə “təşəbbüs” göstərib (bu, hətta belədirsə də, demək olmaz).

Görünür, Strasburqda da Qarabağla əlaqədar Azərbaycanın xeyrinə belə misallar çəkilir ki, hələ milli problemimizlə əlaqədar bu nüfuzlu təşkilatdan bizim maraqlara uyğun normal bir mövqenin sərgiləndiyinin şahidi olmamışıq. Bunun adı ”ayı xidməti”dir.

İkincisi, hörmətli Səməd Seyidov AŞPA prezidentinə məktubda yazır:” Tofiq Yaqublu.., yol qəzasından sonra münasibətləri aydınlaşdırarkən, kobud şəkildə təhqir və əl-qol hərəkətləri ilə bir ailəyə hücum edib və indi qanun qarşısında cavab verəcək”. Cənab Seyidov heç olmasa bu sözləri dırnaq içərisində yazıb, məlumatın hüquq-mühafizə orqanlarına istinadla verdiyini qeyd etməliydi. İndiki halda S.Seyidov hadisəyə bu cür yanaşmaqla özünü faktiki hadisənin təhqiqatçısı kimi göstərib və avropalılarda onun qərəzli olduğuna heç bir şübhə yeri qoymayıb. Avropalılar sadəlövh deyillər, bu illərdə Azərbaycan nümayəndə heyətinin də, mövqeyinin də dəyişməz olduğunu yaxşı bilirlər. Səməd Seyidov qəliz cümlələrlə davam edir: “..bizi bu cür təzyiqlərdən, nəinki münasibətlərimizə, eyni zamanda Avropa Şurasının özünə də xələl gətirən AŞPA-nın məlumatları kobud və özünə yaraşmayan şəkildə manipulyasiya etməsindən qorumağınızı Sizdən xahiş edirəm. Əminəm ki, bu gün bəzi həmkarlarımızın beyinlərində ölkəmə olan nifrət virusu, müalicəsini mütləq birlikdə tapacağımız COVID-19 virusundan daha dəhşətlidir”. Dəhşət bu deyil. Dəhşətli olan bütün diplomatik və etik qaydaları pozan bir üslubda AŞPA prezidentinə yazılan məktubdur. Biz bu bu təfəkkürlə Azərbaycanı Avropa Şurasında təmsil edirik. Dəhşət, “…bəzi həmkarlarımızın beyinlərində ölkəmə olan nifrət virusu” ifadəsini işlətməklə bizdən hüquqa, insan haqlarına hörmətlə yanaşmağımızı istəyən avropalıları özümüzə düşmən elan etməkdir.

Avropa parlamentarlarının mövqeyini bəşəriyyəti qorxu altında saxlayan virusdan da təhlükəli hesab etmək, eyniləşdirmək Azərbaycanın adına heç bir müsbət xal gətirə bilməz. Və bu yanaşmanı kütləyə hesablanmış bir tezislə – guya AŞPA-da “islamafobiya” ilə əlaqələndirmək.., yalnız ikrah doğurur. Yaxşı olardı ki, bu sərtlik Qarabağ problemi ilə bağlı məsələlər müzakirə ediləndə bizim beynəlxalq hüquqa əsaslanan mövqeyimizə qarşı çıxanlara göstəriləydi. O nifrət virusunun avropalılarda axtarmaq lazım deyil. O nifrət virusunun öz içimizdə on illərdir davam etdiyini az qala hər gün, hətta koronaviruslu günlərimizdə də hiss edirik. Ölkəni Avropada neçə illərdir təmsil edən bir şəxsin açıqlamalarında bu nifrəti bir daha görmək dərin təəssüf doğurur. Avropa bu illərdə nifrət virusunu dezinfeksiya edə bilmədimi?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button