Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

İlham İsmayıl yazır: “Zamanın zənci qarabağlıları, heyyy!..”

Təklif edirəm: Nazirlər Kabineti yanında Qaçqınlar Komitəsi ləğv edilsin.

Deyəcəksiniz ki, bəs qaçqınların problemi ilə kim məşğul olacaq?
Qaçqınların problemi makaron, düyü, çörək, ən yekəsi hansısa düzün ortasındakı ev, mənzil deyil – qaçqının, köçkünün dərdi vətəndir, Qarabağdır, cənab səlahiyyətlilər! Bu gün təntənəli şəkildə verdiyiniz müvəqqəti evlər, öyünüb açarını təqdim etdiyiniz mənzillər mənim dərdimə çarə deyil. Siz mənə bu gün xaraba qalmış, dağılmış, viran qalmış Qarabağımı verin, mən orda öz əllərimlə villa tikəcəyəm, koma tikəcəyəm, əkəcəyəm, becərəcəyəm, necə ki Şuşa, Ağdam yaratmışdım, onu bir də yaradacağam. Sizin qaçqın adına yediyiniz pulları da sizə bağışlayacağam, dağıdın mənim hesabıma ayrılan pulları, sizdən bir qəpik də istəmirəm, mənə Qarabağım lazımdır!

Bacarmırsınız, eləmi?

Vuruşaq – uduzsaq, deyərik ki, bacarmadıq bu dünya ilə, bacarmadıq bu düşmənlə, amma onunku onda, mənimki məndə: bir gün gələr, bacararıq. Ümid sonda ölür.
Mənə sizin sabitlik deyib öyündüyünüz vətən lazım deyil, çünki o yerdə Qarabağ yoxdur. Qarabağ işğalda ikən, Siz necə sabit yaşaya bilirsiniz? Sizin sabitliyiniz harın balalarınızın avtomobil sərgisimi, qollarında iki milyonluq saatmı, dünyanın dörd bir yanında olan villalarınızmı?

Sizə səslənirəm!

Siz bu vətənin yeraltı qara sərvətindən bəhrələnib, yerüstü bəyaz evlərinizi tikməklə işinizi bitmişmi hesab edirsiniz? Sizin bəyaz günlərinizin bir gün siyah hesabının sorulmayacağınımı zənn edirsiniz? Millətin hələ sadəlövh ümidinə, yazıq, mağmın durumuna baxıb, öz firavanlığınızı əbədimi hesab edirsiniz? Cənablar, sizə Səməd Vurğunun məşhur bir kəlamını ibrətamiz olaraq xatırladıram:
Hər qərarı, hökmü verən zaman olur,
Bil ki, qullar dünyasının intiqamı yaman olur.
Mən qulam, vətənsiz, Qarabağsız – qul! Mənim bu günüm nə doğmanın, nə yadın acımadığı gündür, faciədir. Amma belə getməyəcək, bilin! Bu gün qul kimi baxdığınız qullar – Qarabağ qaçqınları, köçkünləri nə aldığı mənzilə, nə makarona, düyüyə, müavinətə baxmayacaq, bir gün “QARABAĞ” hayqırıb dünya meydanına çıxacaq və vətənini tələb edəcək. O meydanda tək olmayacağam, o meydanda hər bir qarabağlı olacaq, vətənini düşmənə verməyən hər kəs olacaq! Bir dəfə demişəm:
Qarabağ düşmən üçün ərazi, bizim üçün vətəndir!
Vətən üçün ölərlər, öldürərlər! Biz vətən üçün ölməyə də, öldürməyə də hazırıq. Bilirsiniz niyə? Yenə də şairin sözlərinə müraciət edirəm:

İnsan oğlu vətənsiz də insan kimi yaşayarmı?

Qarabağsız yaşaya bilmirəm, Şuşasız, Ağdamsız, Kəlbəcərsiz yaşaya bilmirəm, yaşaya bilmirik. Bilmiriksə ölməliyik, amma sadəcə Əzrayılın başımızın üstünü alıb: “Sən qocalmısan, ölməlisən” əmriylə yox, Qarabağ, vətən uğruna ölməklə… Ah, bu vətən, ah, bu Qarabağ! Cənab vətəndaş, cənab qarabağlı, bu dövlət imkan versin, səninlə Qarabağ uğruna şəhid olaq. Qardaş, daha yol qalmayıb, yol vətəni azad etmək yoludur. Bu yol üçün vuruşmağımız lazım.

Ay millət, Qarabağı azad etməsək, qəbirdə də rahat olmayacağıq. Ay millət, vətənimizi azad etmək naminə vuruşa hazır olun. Köçkünə verilən ev QARABAĞ DEYİL! Sizə verilən mətbəx QARABAĞ DEYİL. Qarabağ düşmən əlindədir, azad etməsək, o yerlər, vətən düşmənə qalacaq. Ay camaat, Qarabağ uğruna ayağa qalxın!

Azadlıq istəsə torpaq bir anlıq,
Qoy qılınc qurşasın hər qəhrəmanlıq.
Elə bilməyin ki, Qarabağa azadlıq istəyənlər əbədi susublar. Bu gün elə görünə bilər. Bu gün qaçqın müavinətinin dalınca qaçan, bu gün yataqxanadan, zirzəmidən, komadan çıxıb rahat mənzil alan köçkünü sevindirə bilərsiniz, sabah yox! O evə, o mənzilə, o müavinətə boyun əyməyib, Qarabağ uğruna ayağa qalxa bilənləri yox saymayın, susan saymayın! Mən susmamışam, biz susmamışıq! Canımızda can varkən, şair demişkən: “Qılınc qurşamağa hazırıq!”
Təki vətən uğruna yayından çıxan oxlar olaq, düşmənin bağrına sancılaq. Çətini bu oxların yayından çıxmasıdır: “Öz yayından çıxan oxlar bir də geri dönməyəcək!”
Nə istəyirik sizdən həə…? Mən bu sətirləri masa əvəzinə ütü stolunun üstündən istifadə edib yazıram. Mənim stolum yoxdur. Cəhənnəmə olsun! Mən dünyanın ən zəngini olsam belə Qarabağım yoxdursa, məndən kasıb, yazıq adam yoxdur. Mənim günümdə olan milyonlar var. Hər şeyi olan, heç nəyi olmayanlar ölkəsinin vətəndaşıyam,  ta o vaxta qədər ki, mənim vətənim – Qarabağım yoxdur!
Mən vətənimi – Qarabağımı dünyadan istəmirəm, mən vətənimi özümüzdən istəyirəm, özümdən istəyirəm! Heç kəs bizə vətən bağışlamayacaq, heç kəsin bizə yazığı gəlməyəcək. Biz boğulanıq, bizim – boğulanın xilası öz əlimizdədir. Nə qədər bizi Rusiya ilə, İranla qorxutsanız da, yenə bizim xilasımız öz əlimizdədir.
Yazıda  Səməd Vurğunun “Zəncinin arzuları” poemasından sitatlar gətirdim. Təsadüfi deyildi. Qarabağ işğalda ikən mən və mənim kimi qarabağlılar özünü bu vətəndə vətənsiz, hüquqsuz, zamanında zəncinin durumundakı kimi hiss edirik və edəcəyik. Zəncilər də mübarizə edib arzusuna çatdılar. Zənci Amerika Birləşmiş Ştatlarının prezidenti oldu. Qarabağı azad edəndə mən də, biz də özümüzü zənci prezident hesab edəcəyik, yəni Qarabağı olan bu ölkənin tamhüquqlu vətəndaşı olacağıq.
Zənci mübarizə etdi, Martin Lüter Kinq öldürüldü, amma “zəncinin arzuları” həyata keçdi – zənci Obama prezident oldu. Biz – zamanın zənci qarabağlıları düşməni öldürüb, həm də ölməyincə, Qarabağı azad etməyincə əbədi olaraq vətənsiz qullar olacağıq…
Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Heydər Əsədov: “Mən özüm iki dəfə prokurorluğa müraciət etdim”

“Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil,…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Sədərək” yarmarkasında baş verən yanğın söndürüldü

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Real TV: “Afət Telmanqızı və Ləman Ələşrəfqızına məhdudiyyət tətbiq olunmayıb”

Afət Telmanqızı: “Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər?” Real TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması haqqında fevralın…

18 Fevral 2020
  • CƏMİYYƏT
  • XuralTAC

Ziya Məmmədova ağır itki

Sabiq nazir Ziya Məmmədova ağır itki üz verib. Xural.com yenicag.az-a istinadən xəbər verir ki, Ziya Məmmədovun qaynı dünyasını dəyişib. Qeyd…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Həbsdəki jurnalist: “DTX-da məni həyat yoldaşım və qızımla təhdid etdilər”

“O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?” Dövlətə xəyanət ittihamıyla həbs olunan…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib. Qaynarinfo xəbər…

18 Fevral 2020
Xural.COM