İlham Rəhimov-65

Elmin, İnsanlığın və İstimai-Siyasi Münasibətlərin Yaddaş Kartındakı İmza

ilham rəhimov3

Onu 10 ildir tanıyıram və şəxsi söhbətlərimiz yazı üçün faktların dəqiqləşdirilməsi naminə bir-iki dəfəni keçməyib. Elə bir bir-iki dəfə də şəxsi problemlərimə “əl gəzdirmək” üçün qəbul edib öz təşəbbüsüylə. Amma bu on ildə mətbuatda onlarca məqalədə haqqında haqsızlıq, korafəhmlik, paxıllıq və ələkçinin qılverənlərini gördükdə vicdanım qarşısında susa bilməmişəm. Bəzən cavab yazmasam da, əksər hallarda tanıdığım və bizi tanıdan İlham Rəhimov haqqında bu cür hədyanları həzm edə bilməmişəm, cavablamışam. Ən azından ona görə ki, adamın elm və insanlıq nümayəndəsi olmağı bir kənara qoyulub, hansı ki bu yazıda ətraflı açması verilib, mətbəx söhbətləri ilə üstünə yeriyiblər. Təbii ki, divara atılan qoz yapışmır.

Mən bu konuda bir nüansa diqqəti çatdırmaq istəyirəm: İlham Rəhimovu Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə tələbə yoldaşı və dostu olmaqda ittiham edənlər, – halbuki bundan qürur duymalıykən, halbuki özləri öz tələbə yoldaşları ilə münasibəti bir daha çözməliykən, – bütün ictimai-siyasi əxlaq kodeksini tapdamış olmaqlarının fərqinə varmadan belə həyasızlıq sərgiləyiblər. Axı, biz də kimlərləsə oxumuşuq və bizim də tələbə yoldaşlarımız haralardasa mövqe sahibidir. Nə olur bəs? Niyə bizlər İlham Rəhimov-Vladimir Putin tandemini təşkil edə bilmirik? Kimdir bu tandemi alındırmayan? Anlamaq lazımdır ki, o münasibət dostluğa çevrilir ki, hər iki tərəf yüksək dəyərlərə sahib olur. O ki qaldı yazılanlara, ən azından son parlament seçkiləri öncəsi mətbuatda atılan çamurları bir daha gözdən keçirməklə yazdıqlarımda haqlı olduğum təsdiqlənər. Lakin mənim məqsədim bu deyil. Mən bir daha və yenidən tanıdığımız və tanıdılan İlham Rəhimovu tamam ayrı rakursdan təqdim etmək istəyirəm!

O, istənilən halda hüquq elmi tarixində qalacaq – bu yazıda yazılan faktlara görə!

O, istənilən halda insanlıq tarixində qalacaq – Azərbaycan ictimai-siyasi həyatında dövlətlərarası münasibətləri üstün şəxsi keyfiyyətləri ilə tənzimləmə gücündə olduğuna görə.

O, istənilən halda nümunə kimi yaddaşlarda yerini təmin edəcək.

İnanmayan buyursun, tanış olsun:

İlham Rəhimovdan danışarkən tərcümeyi-halında diqqəti çəkən ilk məqam insan üçün gərəkən elmin, savadın verdiyi üstünlüklərdən yararlanaraq cəmiyyətdə mövqeyini müəyyənləşdirə bilməyin şahidi olursan! Maraqlıdır ki, sovet dövrünün ən çətin sahələrindən olan hüquq elmində, yumşaq desək, imza sahibliyinə cəhd milliyyəti “doğulduğu yer” qrafasıyla aydınlaşan bir ölkədə bəri başdan uğursuzluq sayılırdı. Ancaq İlham Məmmədhəsən oğlu Rəhimovun Rusiyanın qədim paytaxtında – Leninqradda tələbə biletinə yiyələnməsi bu ənginlikdə son qələbə deyildi! Artıq Jdanov adına Leninqrad Dövlət Universitetini də, onun aspiranturasını da bitirib elmlər namizədi dərəcəsini alan İlham Rəhimov çox az vaxtda həm də elmi-nəzəri biliklərini praktikada bacarıqlı təşkilatçı kimi həyata keçirdiyini sübut edə bilib: Elmlər Akademiyasımn Fəlsəfə və Hüquq İnstitutunda əmək fəaliyyətinə başlayan İlham Rəhimov az sonra Ədliyyə Nazirliyində idarə rəisiydi.

SSRİ-nin ən gənc hüquq elmləri doktoru!

ilhamla putin

1988-ci il bir çox miqyaslı olaylarıyla diqqəti cəlb etsə də, eyni zamanda İlham Rəhimovun həm ölkəsinə, həm hüquq elminə töhfəsiydi – SSRİ-nin ondan gənc hüquq elmləri doktoru yox idi!

İlham Rəhimovun tərçümeyi-halıyla başladığımız yazının ilk mərhələsi – sovet dönəmi onun tam və qəti qələbəsiylə nöqtələnir!

İlham Rəhimov sovet dönəmində elminin və savadının üstünlüklərindən yararlanaraq alim olduğunu sübuta yetirə bilmişdi! Əslində bu ölkədə onun uğurları qabaqdaydı – fəqət qabaqda ölkənin özü yox olurdu!

Bu həyatda alimlikdən savayı həm də insan olduğunu sərgiləmək məqamı yetişmişdi…

Müstəqil Azərbaycana Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya İnstitutunun direktoru, idarə rəisi, kollegiya üzvü ranqında və rütbəsində qədəm qoysa da, 1996-cı ildə artıq onun tabeçiliyində işləyə biləcəyi rəhbər yox idi – ərizəsində elə beləcənə də qeyd etməli olub…

Bakı Ali Diplomatiya Kolleci təskinliklərin qısamüddətli təsəlli ocağı missiyasını yerinə yetirərkən xarakterin hələ qatı açılmamış qatları öz varlığını hiss etdirirdi: ayrı sahələrdə də özünü sınama xarizmanın tamlıgı üçün idi – “LUKoyl!” neft şirkətində hüquqi məsələlərin tənzimi də gələcəkdə iş adamı kimi fəaliyyət göstərməkdə yardımçı olacaqdı!

Və… bütün bunlar ona görə sadalanmır ki, İlham Rəhimovun haralarda işləməsi nəzərə çatdırılsın, yox, əksinə, alim və insan ömrünün vəhdətindən yaranan məntiqi uğurların açması üçündür!

Ola bilməz ki, İlahidən olan zəhmətkeşlik və intellekt zamanın burulğanında əriyib itsin – əgər özün özünü dəyərləndirirsənsə! Razılaşaq: 1996-cı ildə öz böyüklüyünə və xarakterinə yad mütilik qəbul edilsəydi İlham Rəhimov tərəfindən, 2000-ci illərin əvvəllərindən başlamış mesenatlıq, xalq elçiliyi, dövləti səviyyədə xoşməramlı səfirlik, hamilik tipində vətəndaşlıq və vətənpərvərlik missiyası da alınmazdı və biz bu gün İlham Rəhimovdan uzaqbaşı, uzaqbaşı, digər iqtidar məmurları kimi yazardıq: Rusiyanın iqtidarda təmsil olunan adamı!

İlham Rəhimov – xalqın adamı!

ilham rəhimov2

Bax, İlham Rəhimov haqqında ən böyük cəsarətlə xalqın adamı ifadəsini məhz 1996-cı ildə qəbul etdiyi qərara görə söyləmək olur!

Xoşbəxtlik budur – alim və insan olan bir şəxsiyyət elə xalqin öz adamıdır!

İlham Rəhimov istəməsə belə, artıq böyük siyasətin sabahına olan nümunədir – vəzifəni və şəxsi əlaqələri təmənnasız olaraq xalqın heç olmasa müəyyən bir kontingentinin rifahı naminə yönləndirmək!

Bu gün çox az adam bilir ki, RF-də bu ölkədəki azərbaycanlılara qarşı ən qəddar çinovniklər niyə münasibətlərində redaktələr edib!

Bu gün ən yüksək dövlət dairələrində dəqiq bilirlər ki, Adnan Menderesdən sonra Rusiya-Türkiyə münasibətləri normal məcraya kimin təşəbbüsü ilə düşüb və İlham Rəhimov vətəndaşı olmadığı ölkənin nümayəndə heyətinin tərkibində məhz doğma Tovuzunda yaşanan üzrlü problemə görə iştirak edə bilməyib!

Bu gün Azərbaycan idman ictimaiyyətinin alqışlarla qarşıladığı qızıl medallılara sahib olmaqda, onların yarışlara hazırlaşdırılmasında İlham Rəhimovun prezidenti olduğu Sindo-Ryu və Pençak Silat Federasiyasının rolu da danılmazdır!

İlham Rəhimovun dövləti səviyyədə xoşməramli səfirlik missiyası sadəcə söz deyil: “Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə” bu fikrə imza atırıq – təsdiqini Rusiya Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının “Böyük Pyotr” ordeni verir! Təltif üçün işlədilən formuldan kənara çıxsaq, əminliklə demək olar: bu xidmətlər münasibətlərin stabilləşməsi, qarşılıqlı fayda verən həddə çatdırılması istiqamətində gərgin zəhmət və səylərdir!

İlk azərbaycanlı kavaler!

ilham rəhimov1

Bu orden üzrə İLK azərbaycanlı kavalerdir İlham Rəhimov! Yeganə azərbaycanlıdır ki, akademiki olduğu ən nüfuzlu təşkilatın ali mükafatına da layiq görülüb!

Əgər İlham Rəhimovun alim kimi 100-dən artıq elmi məqaləsi, 10 monoqrafiyası varsa, insan kimi – mesenat, xoşməramlı səfir, hami, sponsor – yüzdən artıq əməli, 10 qızıla bərabər qələbəsi var!

Bunlar sözdə rahat başa gəlir! Amma həyatda… buna mənalı bir ömür, xarizma və ürək lazımdır!

İnsan şəxsiyyətinin psixologiyasina nüfuz etsək, adətən, “self made man” tipində olan adamların tamam ayrı məqsəd və məram sərgilədiklərinə şahid olarıq! Hər şeyi özü əldə etmiş adamlar daha çox soyuqqanlı və laqeyd olurlar – “mən bacarmışamsa, qoy o da bacarsın” prinsipini kredo seçənlər daha çoxdur. İlham Rəhimov isə tam əksinə olaraq, daha çox yardım etməklə, daha az danışmağı və yaxud da heç danışmamağı üstün tutur!

Müstəqillik dönəmində çoxsaylı xeyriyyəçilər, beynəlxalq əlaqələrə malik siyasətçilər “parladı” – hərə ayrı-ayrı taktika və strategiya işlədərək tərəfdar və məddah toplasa da, nəticədə bir yarlıq qazandılar: “Qərbin, Şərqin, İranın, Rusiyanın adamı’’…

“Xeyriyyəçi”likləri də “biznesmen mərhəməti”ndən, “siyasətçi blefi”ndən o yana adlamadı! Ancaq İlham Rəhimovun təhsildəki, elmdəki uğurları bu gün Rusiya adlandırdığımız keçmiş SSRİ-də formalaşsa da, iş adamı kimi də əməli nəticələri bu ölkədən dünyaya çıxışla əldə etsə də, elə Azərbaycan adamı olaraq qaldı – hərçənd onu məcrasından və məcazından çıxarmağa bütöv bir qaragüruh cəhd etsə də, alınmadı!

İlham Rəhimov siyasət adamı olmamaqdan daha çox siyasət adamıdı – danışıb yanlış etrməkdənsə, proqnozlarında yanmaqdansa, qarşılıqlı fayda verən addımlarıyla “susur”. Xalqın taleyi olan siyasəti Özünün triumfuna çevirmir – Azərbaycan merkantilliyinə bələd olan yazar kimi deyirəm: kim – istər siyasi, istərsə də iş sferasından olan təmsilçilər – İlham Rəhimov qədər əməli nəticələr sahibi olsaydı, ölkə mətbuatı və gündəmi “Rəhimov bumu”nu yaşayardı! Siyasi kataklizmlər “İlham Rəhimovun yaxşılıq etdiklərini” udmaqla xalqın taleyində iz buraxacaqdı.

Bir ayağı Moskvada, bir ayağı Tovuzda olan İlham Rəhimovun Türkiyədən üzübəri Vladivostokacan iş adamı və hamiliyi qarşılığında iddiasizlığı  insanlıq simfoniyasıdır!

Zamanın nəbzi normal vursun deyə…

Alim olmaq asandır – belə deyiblər sovet hökuməti görməyən dədələr!

İlham Rəhimov öz savadı və qabiliyyəti ilə çox erkən bu alimliyə yetişdi!

İnsan olmaq çətindir – əli çörəyə çatıb mənsəb sahibi olanları, həyatın hər üzünü görən dədələr üstündən də belə deyib!

Alimliyi ilə insanlığı rövnəqləndirən…

ilham rəhimov

Alim İlham Rəhimovun əli hər yerə çatandan sonra də elindən-obasından ayrı düşmədi!

Alimliyini insanlığı ilə rövnəqləndirib, mesenatlığı həyatının üzük qaşına çevirən İlham Rəhimovun siyasəti də, siyasətdən də dünyəvi mərhəmətlər məcrasına yönəlməsi onun irfani dəyərlərə önəm verməsindən qaynaqlanır!

Alim kimi əsərləri, insan kimi əməlləri, messenat kimi xeyirxahlıqları, siyasətçi kimi ədaləti onun vizit vərəqinin son həddi… deyil!

Qarşıda bizləri İlham müəllimin şah əsəri gözləyir: “…ciddi şəkildə Qurani-Kərimi öyrənirəm. Hüquqa aid məsələlərlə bağlı hüquqi-elmi əsər yazmağı planlaşdırıram”.

Qurani-Kərimlə nizamlanan həyat onsuz da İlahinin dərgahında yüksək tutulan alimin Yerini irfani insan kimi daha da zinətləndirir.

Hələliksə…

…Hələlik isə Rusiyada, Türkiyədə, Azərbaycan ali məktəblərində oxuyan tələbələrin sırasında təhsil haqlarının ödənilməsindən arxayın olan tələbələr var.

…Hələlik isə əksər orta məktəblərdə şagirdlər istifadə etdikləri kompüterlərin, oturduğu partaların, oynadığı meydançaların İlham Rəhimovun ərməğanı olduğundan sevinirlər.

…Hələlik isə xəstəxanalarda, qocalar evlərində İlham Rəhimovun onlar üçün narahatlığından sağalanlar Allahın mərhəmət və şəfqət üçün yaratdığına şükür edirlər!

İlham Rəhimov həm də çox dərdlərin dərdinə yardımçıdır!

Zamanın nəbzi belə insanların varlığına görə normal vurur – xalqın adamı olmayanda yetim görünür məmləkət.

Son Söz Əvəzi:

Həyatı yeknəsəq edən adamlar, onu dəyişdirən isə insanlardır. Məhdud dairədə də, cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, nümunə və meyarlar isə nəhayətsizlik vakuumunda it-bata düşər. Dünyada və Azərbaycanda da nizam ona görə pozulmur ki, zamanın nəbzini tənzimləyən insanlar var. Elə insanlar az olsa da, hər halda birini də biz tanıyırıq.

Onun adı İlham Məmmədhəsən oğlu Rəhimovdur.

Bu gün 65 yaşı tamam olur.

Gözəl yaşdır və gözəl yubileydir. Ardı kolay gəlsin, türklər demiş…

Təbrik edirik!

Aydın Canıyev

xural.com

İ.S. Dəyərli İlham Rəhimovu xural.com saytının kollektivi olaraq biz də təbrik edir, ona uzun ömür, mənalı həyat və ciddi yaradıcılıq uğurları arzulayırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button