İlk uğursuzluq və ya güzəştli mənzillərin sahibləri kimlər oldu

Azərbaycanda güzəştli mənzillərin elektron satışı başa çatıb. Halbuki, prosesin bu il avqustun 7-dək davam etməsi planlaşdırılmışdı.

Xatırladaq ki, mayın 7-də Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) tam təmirli, mətbəx mebeli və istilik sistemilə təchiz edilmiş 260 ədəd 1-3 otaqlı mənzili satışa çıxarıb. Söhbət paytaxtın Yasamal rayonundakı Xarici dairəvi yol küçəsi, 8 ünvanındakı yaşayış massivində yerləşən dörd hündürmərtəbəli binanın mənzillərindən gedir. Təxminən bir saat ərzində, yəni saat 10.00-dan 11.00-dək satış başa çatıb.

Elan olunmuş qaydalara əsasən bu kateqoriyadan olan mənzillərin satışı “Elektron hökumət” portalında (www.e-gov.az yaradılan “Güzəştli mənzil” elektron sisteminin vasitəsilə həyata keçirilir. “Güzəştli mənzil” sistemində elektron kabinet alan vətəndaşlar mənzil almaq hüququ əldə etmiş olur. “Güzəştli mənzil” sistemində e-kabineti olan iddiaçılar qeydiyyat tarixindən və kabinetin sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqlara malikdir.

Bu barədə təlimatlandırılmış vətəndaşlar qaydalara uyğun olaraq sözügedən vaxtda, konkret olaraq yerli vaxtla saat 10:00-da istədikləri mənzili seçmək üçün e-sistemə daxil olmağa çalışıblar. Ancaq problem yaranıb. Müraciətlərin çoxluğu səbəbindən sistemdə artıq yüklənmə baş verib və demək olar ki, “iflic vəziyyətinə düşüb”.

Bu sistemdə e-kabineti olan dövlət qulluqçusu kateqoriyasına aid alıcılardan biri oxu.az saytına bildirib ki, saat 10.00-da e-gov.az saytına daxil olub.

“Mənzili seçdim. Ancaq ekranda məlumat göründü ki, sifarişin doldurulması prosedurunda texniki səhvə yol verilib. Mənim ikinci cəhdim də uğursuz oldu. Saat 10:30-da həmin proseduru yenidən etdim, portalda qeyd göründü ki, mənzil artıq satılıb. Saat 11:00-a satışa çıxarılan 260 mənzildən ancaq 8-i qalmışdı. Mən onlardan birini seçmək istədim, ancaq baş tutmadı”, – güzəştli mənzilin sahibi ola bilməyən vətəndaş təəssüflə bildirib.

MİDA-nın məlumatına görə, bu kateqoriyadan olan 8000-dən çox adamın mənzil almaq hüququ təsdiqlənib və hər iddiaçıya e-kabinet yaradılması üçün şərait təmin edilib. Ancaq məlum olub ki, mayın 7-də “Güzəştli mənzil” sistemimə 8 min nəfərin əvəzinə 40 000 nəfər daxil olub və bu da sistemin pozulmasına səbəb olub.

“Qısa müddətdə mənzillərin xeyli hissəsi satılıb. Ancaq bildiriş aldım ki, mənzil ala bilərəm. Bu bildiriş təsdiqlənməliydi. “Təsdiq et” bölməsi işləmədiyinə görə “ASAN İmza”dan SMS almaq mümkün deyil. Digər tərəfdən, bizə məlumat verdilər ki, bildiriş ilk dəfə kimə təqdim olunub, mənzili o alacaq. Demək istəyirəm ki, belə bildirişləri digər namizədlər də ala bilər. Ancaq maraqlıdır ki, bəzi adamlar hətta 7 bildiriş alıblar. Deməli, onlar 7 mənzil ala bilər?”, – vətəndaş oxu.az-da söhbətinə davam edib.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə ki, öncədən məlum idi ki, 260 mənzilə tələbat yüksək olacaq. Gözlənildiyi kimi, 8000 vətəndaş mənzili mümkün qədər tez almağa çalışıb. Əldə olunan nəticə göstərir ki, MİDA belə aiotaj satışa hazır olsa da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna hazır olmayıb, belə vəziyyətin yarana biləcəyini düşünməyib.

Nəticədə elektron sistemdə nasazlıq yaranıb və bu da daşınmaz əmlakın alınması üçün e-imzalarla bağlı problem yaradıb.

V.Bayramovun fikrincə, e-sistemi sınaqdan keçirmək lazım idi, çünki məlum idi ki, bu layihəyə maraq böyükdür.

“Güzəştli mənzillər Azərbaycanın bir çox sakini üçün mühüm sosial layihədir. Odur ki, bu prosesin bütün mərhələlərini xırdalığa qədər düşünmək lazımdır. Sistemdə uğursuzluğun, nasazlığın səbəblərini araşdırmaq, insanların mənzil almaq üçün öz e-imzalarını təsdiqləməsinə şərait yaratmaq lazımdır. İlin sonunadək həmin Yasamal yaşayış massivində 1600 mənzil satışa çıxarılacaq. O vaxta qədər sistemin işini təkmilləşdirmək, onun funksionallığını artırmaq lazımdır”, – ekspert vurğulayıb.

Bu arada Mənzil İnşaatı Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılan mənzillərin seçimində yaranmış problemlərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, vətəndaşların yüksək tələbatı ilə əlaqədar “Elektron hökumət” və “Güzəştli mənzil” sistemində həddindən artıq yüklənmə baş verib.

Qeyd olunur ki, 2018-ci il mayın 7-də saat 11:50-dək “Güzəştli mənzil” sistemində müraciətlərin sayı 60 184-ə çatıb, eyni anda müraciətlərin sayı 16000-i ötüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki problemləri operativ qaydada aradan qaldırıb, bəyanatda qeyd olunur.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button