İllərin o tayından…

1990-cı il – Akif Səmədlə Vurğun Əyyubun şeirləşməsi

1990-cı ilin Qanlı Yanvar faciəsindən təzəcə özümüzə

gəlirdik. O zamankı V.İ.Lenin adına APİ-nin dəhlizində iş yoldaşlarımla söhbət edirdim. AXC-nin İdarə Heyətinin üzvü kimi 20 Yanvar hadisələrinin törəmə səbəbləri, gələcəkdə nə etməli olduğumuz barədə onların suallarını cavablandırır, mülahizələrini dinləyirdim.  Burada olan bəzi kommunistlər bu faciədə AXC-ni günahlandırır, üzərimizə hər cür iftira yağdırırdılar. Sözsüz ki, mən də borclu qalmırdım. Mübahisə getdikcə qızışır, ətrafımıza daha çox insan toplaşır, vəziyyət qəlizləşirdi. O zaman institutun “Gənc müəllim” qəzetində çalışan dostum Akif Səməd qolumdan tutaraq məni kənara çəkdi. Bir neçə gündən sonra Akif mənə makinada yazılmış bir vərəq uzatdı. Alıb baxdım. Şeir idi. Bir müddətdən sonra şairə öz üslubunda və öz sözləri ilə cavab yazdım. Ancaq sonralar başım çox qarışıq olduğundan bu cavabı nə özünə verə bildim, nə də mətbuata. Ancaq şeirinə cavabım olduğunu demişdim, bilirdi. Qismət olmadı.

Vurğun Əyyub


Vurğun Əyyuba

Bu qara buludlar yağıdı, dinmə,

Kəsib üstümüzü əjdaha kimi.

Günəş buludları dağıdar, dinmə,

Salamat qalmalı sabaha kimi.

Çiçək var, qəzadan açmamış solar,

Güllərin saçını küləklər yolar,

Çatmadı dərdimiz padşaha, nolar,

Çatacaq ahımız Allaha kimi.

Borandan bilərik, qardan bilərik,

Kimi qurtararıq dardan, bilərik,

Salamat qalmasaq hardan bilərik,

Xeyrə kimi yazaq, günaha kimi?

Mərd olan tanıyır mərd bizi, qardaş,

Sərt olan tanıyır sərt bizi, qardaş,

Eh, çoxdan tanıyır dərd bizi, qardaş,

Biz çox ah çəkmişik bu aha kimi.

Şair olan kəslər haqqa yol çəkib,

Bir az sağ çəkibsə, bir az sol çəkib,

Bizim fərmana ki, belə qol çəkib,

Bir gün tanıyacaq Allah hakimi.

Akif  Səməd, may 1990-cı il

Akif Səmədə cavab

Söz dili yandırır, nifrət qəlbimi,

Susmaram, olsa da əjdaha kimi.

Gözümüz üfüqdə, açılmayır dan,

Nə qəqər səbr edək sabaha kimi?

Dünyada qaydadı açılan solar,

Buludlar yaş tökər, boşalar, dolar,

Söz bir olsa, padşah olanda nolar?

Səsimiz yetişər Allaha kimi.

Bu yoldur, yolunu azan olacaq,

Azanı qaytaran ozan olacaq,

Bizli də, bizsiz də yazan olacaq,

Kim savaba batıb, günaha kimi.

Göz üstə yeri var mərdin, qardaşıq,

Sərtlik görəcəkdir sərt olan naşı,

Çoxda ki dərd ilə çoxdan sirdaşıq,

Çəkdiyimiz yetər bu aha kimi.

Millət mənliyini dərk etsə, qardaş,

Qorxunu, xofunu tərk etsə, qardaş,

Özünü dünyaya görk etsə, qardaş,

Qoruyub saxlamaz Allah hakimi.

Vurğun Əyyub, may 1990-cı il

İndiyədək heç yerdə nəşr olunmamış bu materialı redaksiyaya təqdim etdi:

Həmid Ormanlı

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button