İlqar fərqi, yaxud İlqar niyə həbsdədir?

Köşə kimi status…

 

Altay Göyüşov

 

İlqarın fərqini və niyə həbsə atıldığını başa düşmək üçün bir az onun özünü dəyərləndirib, fəaliyyətini həm xaricdəki proseslər, həm daxildəki reallıqlarla səthi müqayisə etmək kifayətdir. Etiraf edək ki, Azərbaycanda heç vaxt populyar təşkilat sədrini həbsə atıb, bu qədər içəridə saxlamayıblar. Bunun ciddi bir səbəbi olmalıdır.

Nə idi Saakaşvilinin fərqi? O, Gürcüstanda klassik sistem müxalifəti fiqurlarından deyildi. Birdən-birə Şevardnadzeyə qarşı çıxıb populyarlaşmışdı. İntellektual, müasir dünyagörüşlü gənclik və orta sinif kimi tamamilə fərqli kəsimə xitab etmişdi. Elə o kəsim də Gürcüstanı dəyişdirib, indiki qibtəolunası inkişaf yoluna çıxartdı.

Lakin ən əsası, Saakaşvili küçədəki hərəkatın şəxsən, bilavasitə içində olurdu. Parlamentə gedən yürüşün də içində, önündə idi.

Nədir keçən həftə Rusiyada mitinqlərə rəhbərlik edən Navalninin fərqi? Yenə də Navalni sistem müxalifətinin bir parçası deyildi və ən əsası özü şəxsən, sanksiyalaşdırılmamış mitinqlərdə iştirak edirdi. Məhz özü də həbs olunanların içində idi. Həmişə də belə olub.

Bax, İlqar da həmçinin bu ölkədə əsasən gənclərdən ibarət bir neçə təşkilatın yaranması, həmçinin orta sinfin siyasətə daha yaxından cəlb edilməsi ilə nəticələnmiş yeni böyük bir oyanmanın aparıcı adamlarından idi.

Ən əsası o, tutaq ki, Neft Akademiyasındakı faciəyə, yaxud əsgər ölümlərinə qarşı gənclərin spontan, sanksiyalaşdırılmamış etiraz mitinqləri zamanı birbaşa kütlənin, camaatın içində olurdu.

Qubadan, İsmayıllıdan etirazlar xəbərini eşidən kimi hadisələri yerində görmək, xalqın qəzəbinin səbəbini elə xalqın özündən eşitmək üçün ora gedirdi.

Bax, onu məhz bu cür, dəyişiklik gətirə biləcək siyasətçi olduğuna görə həbs etdilər.

Əhalinin bu vaxta kimi siyasətdən kənar qalmış kəsimlərini öz haqlarını qorumaq, tələb etmək uğrunda mübarizə üçün aktivləşdirə bilmək potensialına və hadisələrin şəxsən bilavasitə içində olmaq cəsarətinə görə zindanda saxlayırlar.

Məhz buna görə də üstündə onun cəlbedici şəkilləri olan bukletlərin yayılmasının qarşısını almaq üçün nəşriyyata da hücum çəkdilər, rəhbəri olduğu təşkilatda digər həbsləri də həyata keçirtdilər.

Amma İlqarın həbsinin hökumət üçün strateji cəhətdən daha dərin fəsadları yaranıb. Həbsinə qədər İlqarı çox adam tanımırdı. İndi isə İlqarı Azərbaycanın ən ucqar kəndlərində belə tanıyanlar var. Üstəgəl, bütün dünyada kim Azərbaycan haqqında nə isə öyrənmək istəyirsə, ilk öyrəndiyi məlumatlardan biri də məhz İlqarın həbsi olur.

P.S. Siz bu post scriptumda yazacağıma inana da bilərsiniz, inanmaya da. Anlayıram ki, inanmamaq üçün əsaslarınız daha çoxdur. Amma hər halda deməyi də özümə borc bilirəm ki, bunu İlqarın sədri olduğu təşkilatın üzvü kimi təbliğat məqsədilə deyil, bir tarixçinin bacardıqca neytral dəyərləndirməsi kimi yazmağa cəhd etmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button