İlqar Məmmədov Şəkiyə aparılıb

“Respublikaçı Alternativ” (REAL) Partiyasının həbsdə olan sədri İlqar Məmmədov avqustun 3-də Bakıdan Şəkiyə aparılıb.

Bu haqda REAL Partiyasından bildiriblər.

Avqustun 10-da növbəti təkrar məhkəməsi başlamalı olan siyasətçi məhkəməyədək, Şəkidəki penitensiar müəssisədə saxlanılacaq.

İlqar Məmmədovun məhkəmə prosesi avqustun 10-da saat 11:00-da başlayacaq. Onun işinə Şəki Apellyasiya Məhkəməsində Gündüz Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu məhkəmə öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib – aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Lakin Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında REAL sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə Nazirlər Komitəsinə göndərdiyi cavabda vurğulayıb ki, Avropa Məhkəməsinin İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri bundan sonra deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Daha sonra Avropa Məhkəməsi Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərib. Məktub Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır. Orada tərəflərdən məsələ ilə bağlı rəy istənilib.

Avropa Məhkəməsi İ.Məmmədovla bağlı noyabrda verdiyi ikinci qərarda İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Avropa Məhkəməsi İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button