İlyas İsmayılov: “Azərbaycan Pakistana dəstək verməlidir!”

“Azərbaycan hakimiyyətinin Pakistana dəstək verəcəyinə inanmıram”.

Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhməndin rəsmi Bakıya ünvanladığı bəyanatı şərh edərkən belə deyib. Partiya sədri “ovqat.com” saytına açıqlamasında bu barədə danışıb.

Xatırladaq ki, səfir ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında çıxış edərək, Azərbaycanı Kəşmir məsələsində Pakistana dəstək verməyə çağırmışdı.

İlyas İsmayılov səfirin bu çağırışının başadüşülən olduğunu vurğulasa da, Azərbaycan hakimiyyətindən gücü çatmayacağı addım gözlənildiyini də sözlərinə əlavə edib: “Bilirsiniz ki, Pakistan İslam dünyasının yeganə atom gücü olan ölkəsidir. Bizim rəsmilərimiz başımız sıxışan kimi İslamabada üz tutur. Gah ondan silah alır, gah da bəzi “müxaliflər” vasitəsilə Dağlıq Qarabağın işğaldan azad olunmasında pakistanlı könülləri ölkəmizə dəvət etmək, hətta onlardan atom bombası almaq kimi sarsaq fikirlər səsləndirtdirir. Pakistan da öz növbəsində bu günə qədər Azərbaycana bacardığı dəstəyi verib. Müstəqilliyimizi tanıyan ilk dövlətlərdən olub. Sırf Azərbaycanın xətrinə Ermənistanı dövlət kimi tanımayıb. Halbuki Azərbaycanın özü bu qətiyyəti göstərə bilməyib. Yeri gələndə, Azərbaycana qarşı ədalətsiz davranışına görə potensial müttəfiqi olan Rusiyaya belə qarşı çıxıb. Sözsüz ki, bizim üçün bu qədər fədakarlığa qatlanan bir ölkə bizdən də hansısa təmənnada bulana bilər”.

Bununla belə, Azərbaycan hakimiyyətinin bu gözləntilərə cavab verəcək gücdə olmadığına inanan İlyas İsmayılov, Kəşmir probleminin hind millətçiliyi üzündən daha da böyüdüyünü bildirib: “Bəllidir ki, Hindistanda keçirilən son seçkilərin nəticəsində hakimiyyətə gələn Narendra Modi radikal millətçidir. O, hakimiyyətə gəldikdən sonra seçkilərdə xalqına verdiyi populist vədləri həyata keçirməyə çalışır. Bu, sadəcə manipulyasiya da ola bilər. Amma fakt budur ki, Modinin Baş nazir kimi atmaq istədiyi ilk addım Kəşmirin muxtariyyətini ləğv etmək oldu. Baş nazir həmin muxtar vilayətin yerində 2 rayon yaratmaq istəyir. Kəşmir rayon statusu alarsa, bu, muxtar vilayətin demokrafik tərkibinin dəyişilməsinə və müsəlman kimliyinin ortadan qalxmasına səbəb ola bilər”.

Kəşmir problemini məhz bu bu səbəbdən Dağlıq Qarabağ məsələsiylə eyniləşdirən İlyas İsmayılovun fikrincə, 1980-cı illərdən başlayaraq, ermənilər də bu siyasəti yürüdürdü: “Əvvəl azərbaycanlılara qarşı aparılan etnik təmizləmə nəticəsində Dağlıq Qarabağ erməniləşdirildi. Daha sonra isə Dağlıq Qarabağın müstəqilliyi gündəmə gətirildi. Paşinyan hakimiyyətə gəldikdən sonra isə ermənilərin əsl niyyəti ortaya çıxdı. İndi erməni rəsmiləri Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyətlərini heç gizlətmirlər də”.

Kəşmirin dini mənsubiyyət baxımından bizə yaxın olduğunu və bölgəyə iddialı dövlətlər arasında Pakistanın tam haqlı mövqedə dayandığını düşünən İlyas İsmayılov, fikirlərini belə əsaslandırdı: “Məlumdur ki, II Dünya Müharibəsinə qədər Hindistan da, Pakistan da, Banqladeş də Böyük Britaniyanın müstəmləkəsi idi. Hamısı isə Hindistan kimi tanınırdı. II Dünya Müharibəsindən zəifləyərək çıxan bütün imperialist dövlətlər kimi, İngiltərənin də müstəmləkələrində milli azadlıq hərəkatları sürətləndi və 1947-ci ildə Hindistan müstəqiliyini elan etdi. Həmin vaxt Hindistanı əlində saxlamaq istəyən İngiltərə bu coğrafiyada dini, etnik münaqişələri qızışdırmış və xalqları bir-birinə düşmən etmişdi. Böyük Britaniyanın pəncəsindən azad olan bu coğrafiya araya səpilən düşmənçilik toxumlarına görə bir neçə yerə parçalandı. Əsasən dini zəmində parçalanma nəticəsində müsəlmanlar Pakistanın, hinduist, buddist çoxluq isə Hindistanın ərazisində qaldı. Kəşmirin də 70-80 faizi müsəlmandır. Məntiqlə, bu vilayət Hindistanın tərkibində qala bilməz. Beynəlxalq hüquqla hələ də kimə mənsubiyyəti təsdiqlənməyən Kəşmirin daha çox Pakistana aidiyyəti var. Azərbaycan da, rəsmi olmasa belə, əhalisinin böyük əksəriyyətinin dini mənsubiyyətinə görə müsəlman ölkəsı sayılır. İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Səfirin də qeyd etdiyi kimi, üstəlik, Kəşmirlə bağlı yaradılan bir qrupda təmsil olunur. Bu status istər-istəməz Kəşmir məsələsində öz mövqeyini ortaya qoymaq, problemlə bağlı qəbul olunan qətnaməyə imza atmaq məsuliyyətini doğurur. Həmin məsuliyyətindən doğan mənəvi və ya hüquqi vəzifələrini yerinə yetirməsən, əlbəttə, səni sorğulayarlar. Təşkilata niyə üzv olduğunu, kimin “5-ci kolon”çuluğunu etdiyini soruşarlar. Səfirin mətbuat konfransında dilə gətirdiyi qınaqlar da əslində diplomatik sorğulamadan başqa bir şey deyildi”.

Azərbaycanın hökumətinin məhz bu səbəblərdən Pakistanın yanında yer almalı olduğuna inanan İlyas İsmayılov, rəsmi Bakının bu cür cəsarət nümunəsi göstərəcəyinə isə inanmır: “Məşhur bir deyim var: keçəlin dərmanı olsa, öz başına sürtər. Kəşmirdən fərqli olaraq, Dağlıq Qarabağın beynəlxalq hüquqa görə, mənsubiyyəti bəllidir. Amma Ermənistan oranı işğal edib. 30 ilə yaxındır ki, Azərbaycan hakimiyyəti öz torpağını işğaldan azad etmir. Ermənistanın Baş naziri Dağlıq Qarabağı özlərinə birləşdirəcəyindən dəm vurur. Özü də bu sözləri gəlib bizim tərkib hissəmiz olan ərazinin mərkəzində bildirir. Rəsmi Bakı buna cınqırını çıxarmır. Üzərindən bir az keçir, Ermənistanın Xarici İşlər naziri də eyni bəyanatı təkrarlayır. Azərbaycan hakimiyyəti isə onun qarşısına Xarici İşlər Nazirliyinin mətbuat katibini çıxarır. Gənc xanım olan bu katib isə ötkəm fikir bildirmək əvəzinə, atalar sözü səsləndirir. Səsləndirdiyi atalar sözünün isə ermənilərdən çox, bizə aidiyyəti olur. Rəsmi Bakı bu xanım qızımızı qarşıya çıxardıb bəyanat verdirəndə heç olmasa, işlədəcəyi atalar sözünün mahiyyətini ona izah etməlidir. Deməlidir ki, “halva-halva deməklə ağır şirin olmaz” atalar sözü ilə 30 ildir halva yeyən ermənilərə cavab vermək gülüncdur”.

Bu qorxaq mövqe ilə öz torpaqlarımızı işğaldan azad edə bilməyəcəyimizə inanan İlyas İsmayılov, Azərbaycan hakimiyyətini Kəşmir məsələsində iradə ortaya qoymağa çağırıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button