İlyas İsmayılovdan hakimiyyətə ağır sözlər: ” Romadakı quldarlıq monarxiyası kimiyik…”

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com saytına maraqlı müsahibə verib. Bu müsahibəsində o, BDU rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsindən tutmuş ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalınadək bir çox məsələlər barədə fikirlərini açıqlayıb. 

Xural.com müsahibəni təqdim edir:

 

– İlyas müəllim, ötən həftənin ən diqqətçəkən hadisəsi BDU-nun rektoru Abel Məhərrəmovun etdiyi hərəkətlər və vəzifəsindən uzaqlaşdırılması oldu. Səhv etmirəmsə, Siz də həmin ali məktəbin məzunusunuz. Sizin kimi bir çox ziyalılar, görkəmli insanlar BDU-da təhsil alıblar. Azərbaycan və dünya elminə bu qədər töhfələr verən bir ali məktəbə 19 il şərab alverçisinin rəhbərlik etdiyini eşidəndə, nə düşündünüz?

– Əvvəla, məni BDU-nun yetişdirdiyi görkəmli məzunlar siyahısına saldığınız üçün təşəkkür edirəm. Doğrudan da, bu ali məktəb Azərbaycan elminin formalaşmasında, dünyada tanınan məşhur insanların yetişdirilməsində misilsiz rol oynayıb. Dünya şöhrətli Yusif Məmmədəliyev, fizika üzrə Nobel mükafatçısı Lev Landau, ensiklopedik biliklərə malik olan və böyük şəxsiyyət kimi tanınan Azad Mirzəcanzadə, Ziya Bünyadov, Məmməd Xələfov və başqa görkəmli adamların adı ilə anılan bu elm ocağından həmişə xoş sədaların gəlməsini arzulamışam.

BDU mənim həyatımda önəmli yer tutan elm mərkəzlərindəndir və tələbəlik illərimi həmişə qürurla yad edirəm. Nə yazıq ki, öz siyasi niyyətləri üçün Azərbaycan xalqının intellektual ziyasını söndürmək istəyən indiki hakimiyyətin ilk zərbə vurduqları yerlərdən biri də BDU oldu. Abel Məhərrəmov kimi bir adamın 19 il həmin universitetin rektoru təyin olunması da məhz bu məqsədə xidmət edib. BDU, bütün potensialına baxmayaraq, Abel Məhərrəmovun dövründə özünün qürub çağlarını yaşadı. Təsəvvür edin ki, dünyanın reytinq cədvəllərində BDU yeni yaradılmış “Xəzər”, “Qafqaz” kimi ali məktəblərə uduzurdu. Mən hələ dünyanın digər ali məktəblərini demirəm, BDU hətta Azərbaycanda belə, birinciliyi əlində saxlaya bilməyib. Böyük tarixi ənənəsi olan BDU-nun bu hala düşməsində rektorluğun da xidmətləri az deyil. Son zamanlara qədər bu ali məktəbdə rüşvətxorluq baş alıb gedir, hətta bu səbəbə görə, bir çox dekanlar həbs olunublar. Nə qədər insana saxta diplom verdikləri rəsmən təsdiqlənib. Abel Məhərrəmovu isə bu hallar qətiyyən narahat etmirdi. O, hətta 2014-cü ildə keçirdiyi mətbuat konfransında bir şəhid qızıyla media nümayəndələrinin qarşısında mübahisə edərkən, universitetdə rüşvət faktını etiraf etmiş, “pul versəydin, kəsilməzdin” demişdi. Abel Məhərrəmov həmin xoşagəlməz hadisələrdən dərhal sonra cəzalandırılmalı idi. Hakimiyyət isə bu adamı ölkənin ən aparıcı universitetinə rektor təyin etməklə kifayətlənmir, hətta Konstitusiyanı kobud şəkildə pozaraq, deputat mandatı ilə mükafatlandırırdı.

Abel Məhərrəmovun özünə bu qədər arxayınlığı da bu cəzasızlıq mühitindən doğmuşdu. Özünə o qədər arxayın idi ki, on minlərlə tələbəni ayağa qaldırıb stabilliyi poza biləcəyini düşünürdü. Onun dini bir konfransa 2 ton şərab aparması, Şeyxülislamı gecə yuxudan durğuzub hüzuruna gətirməsi də tam özbaşınalıqdır.

Ən əsası isə, BDU dövlət sifarişi ilə mütəxəssislərin ən çox  yetişdirildiyi ali təhsil ocağıdır. Statistik məlumata görə, hər il bu ali məktəbə 5 minə qədər tələbə qəbul olunur. Onun təxminən yarısı  dövlət sifarişi əsasında təhsil alır. Bu, respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20 faizinə qədərini təşkil edir. Məhz bu səbəbə görə də 600 və daha yüksək bal toplayanların böyük əksəriyyəti bu ali məktəbdə oxumağı seçirlər. Bu cür istedadlı gənclərin taleyinin özünü apara bilməyən rəhbərlərə həvalə edilməsi Azərbaycanın gələcəyinə vurulmuş ən böyük zərbədir. Təəssüf ki, BDU-nun son 19 illik tarixi məhz belə bir anlayışın idarəçiliyi altında olub.

– Deyəsən, Sizin deputat olarkən ən çox qarşı çıxdığınız adamlardan biri də elə Abel Məhərrəmov olmuşdu.

– Qətiyyən. Mən həyatım boyu hansısa şəxsləri yox, qanun pozuntularını hədəfə almışam. Abel Məhərrəmov da digər rektorlar kimi, qanunsuz deputat seçilənlərdən biri idi. Hakimiyyət o zaman mənim qaldırdığım məsələ ilə razılaşmasa da, sonradan iradlarımın bəzi məqamlarını nəzərə almağa məcbur oldu və rektorların deputat seçilməsinə son qoydu. Amma qanunsuz seçilənlər təkcə rektorlar deyildi. Onlar kimi, dövlət komitələrinin, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri də, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslər də qanuna zidd olaraq deputat mandatı almışdılar. Məsələn, Rövnəq Abdullayev və digərləri kimi. Bu adamlar indi də həmin mandatlarını daşıyırlar. Faktiki olaraq, Azərbaycan qanunvericiliyi bu qanunları çıxaran Milli Məclis tərəfindən pozulur. Bu isə adi bir qanun pozuntusu yox, həm də öz təyinatına qarşı çıxmaq, qəbul etdikləri hüquqi sənədlərə hörmətsizlikdir. Hüquqi nihilizm də məhz burdan – qanun qəbul edənlərin qanuna əməl etməməsindən başlayır. Sən özün öz qəbul etdiyin qanunu pozsan, başqası ona necə əməl edər?

– Maraqlıdır, Konstitusiya Məhkəməsi niyə həmin qeyri-qanuni mandat əldə edən deputatların fəaliyyəti ilə bağlı hər hansı qərar vermir? Axı deputatların qeyri-qanuniliyi onların çıxartdığı qanunların legitimliyinə kölgə salır. Belə çıxır ki, biz hüquqi legitimliyi olmayan qanunlarla idarə olunuruq…

– Bəli, təəssüf ki, elədir. Mən deputat olduğum zaman bu qanunsuz halların qarşısının alınması üçün dəfələrlə müxtəlif dövlət orqanları qarşısında məsələ qaldırmışam. İlk öncə Prezident Aparatına bu barədə rəsmi məktub ünvanlamışdım. Məktuba xeyli müddət cavab verilmədi. Nəhayət, bildirildi ki, bu məsələyə baxmaq onların səlahiyyətləri çərçivəsində deyil və MSK-ya müraciət edilməlidir. Növbəti iki məktubu MSK-ya göndərdim. Məktubda göstərilirdi ki, bəzi deputatlar iki və daha artıq vəzifə tuturlar. Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir. Məsələn, dövlət ali təhsil müəssisəsinin rektoru prezident tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. Rektor əvəzçiliklə təyin oluna bilməz. Ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz. Bu dözülməz hallar aradan qaldırılmalı, həmin şəxslər qanunun tələb etdiyi kimi ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalıdırlar. Bu kobud qanun pozuntularına rəvac verən və ona göz yuman məmurlar isə cəzalandırılmalıdırlar.

O zaman mənim dəfələrlə MSK-ya ünvanladığım bu qanuni təkliflərə cavab verilmədi. Məcbur qalıb Konstitusiya Məhkəməsinə müraciət etdim. Ordan da cavab ala bilmədim. 2013-cü ildə qaldırdığım bu məsələdən sonradan növbəti parlament seçkilərində rektorların deputat seçilməsinin qarşısı alındı. Amma açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdən bəziləri hələ də deputatdır. Hesab edirəm ki, onlara mandat verdiyinə görə MSK-nın bütün üzvləri məsuliyyətə cəlb olunmalıdırlar.

– İlyas müəllim, yeri gəlmişkən, bizdə bir çox qanunlar, hüquqi aktlar Rusiyadan birbaşa tərcümə edilərək qəbul olunur. Bəzi hallarda hətta müvafiq dövlət qurumlarının rəhbər şəxsləri də eynilə Rusiyadakı həmkarlarını təqlid edir, onlar hansı addımı atırlarsa, bizimkilər də eynilə təkrarlayırlar. Bu yaxınlarda Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin cəsarətli bəyanat verdi. Bildirdi ki, ölkədə hakimiyyət bölgüsü icra hakimiyyətinin xeyrinə əhəmiyyətli dərəcədə “əyilib”. Bu da uzunmüddətli sabitlik üçün zəruri olan dövlətin çəkindirmə və qarşısınıalma sisteminin pozulmasına gətirib çıxarıb. Niyə eyni cəsarəti bizim Konstitusiya Məhkəməsi göstərmir? Yoxsa bizdə eyni problem mövcud deyil?

– Valeriy Zorkinin bu təşəbbüsü və cəsarəti alqışlanmalıdır. Siseronun təbirilə desək, onun vicdanı şəxsi qabiliyyətindən qat-qat üstündür. O, vaxtilə Boris Yeltsinin də bir çox fərmanlarının konstitusiyaya zidd olduğunu göstərmişdi. Bu cəsarətinə görə də Yeltsin onu vəzifədən azad etmişdi. Rusiya məhz bu cür cəsarətli hüquqi adamlarının sayəsində demokratik dövlət ənənələri sahəsində bizi xeyli üstələyir.

Azərbaycana gəlincə, mən bizdəki vəziyyəti qədim Romadakı quldarlıq monarxiyası ilə müqayisə edirəm. Bilindiyi kimi, e.ə 27-ci ildən eramızın 194-cü ilinə qədər Qədim Romada “prinsipat” deyilən idarəçilik sistemi mövcud olub. Bu idarəçilik formasında respublika quruluşunun bütün institutları formal olaraq qalırdı. Ancaq hakimiyyət faktiki olaraq bir nəfərə – prinsepsə, yəni senatorlar siyahısında birinci yeri tutan şəxsə məxsus idi. Prinseps həm məhkəmənin, həm qanunvericilik orqanın, həm də icraedici orqanın əvəzinə qərar verirdi. Təəssüf ki, Azərbaycanda da buna bənzər vəziyyət hökm sürür.

– Amma gəlin, razılaşaq ki, Milli Məclis deputatlarının da elə bir ciddi səlahiyyətləri qalmayıb. De-yure olaraq da bu qanunverici orqan parlament olmaqdan çıxıb. Son referendumla dəyişdirilən Konstitusiyaya əsasən, hansısa bir komitənin deputatların səlahiyyətlərinə son qoymaq səlahiyyəti var. Belə bir mənasız parlamentdə kimin deputat kimi əyləşməsinin nə fərqi var?

– Sözsüz ki, parlamentin bu vəziyyətə salınması hakimiyyət bölgüsü prinsipinə ziddir. Bu prinsipə görə, hakimiyyətin 3 qanadı var: qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə. Hakimiyyətin bu qanadları bir-birindən müstəqil şəkildə və bir-birinə nəzarət edəcək səlahiyyətdə fəaliyyət göstərməlidirlər. Amma deputatı mandatından məhrum etmək səlahiyyətinin MM-nin İntizam Komissiyasına verilməsinin nə hüquq fəlsəfəsində, nə də məntiqdə yer var. Bu səlahiyyət yalnız seçiciyə aid olmalıdır.

Üstəlik, indiki qanunvericiliyə görə, deputat tamamilə mənasız bir səbəbdən mandatdan məhrum edilə bilər. Məsələn, etik normaları pozduğuna görə. 2016-cı ildə bu məsələ ictimai müzakirəyə çıxarılanda mən referenduma təqdim olunan müddəalarla bağlı öz mülahizələrimi yazıb media orqanlarında ictimailəşdirmişdim. Həmin məqalədə yazmışdım ki, referendum aktında nəzərdə tutulan dəyişikliklərdən biri də Konstitusiyanın 89-cu maddəsinə edilən təklifdir. Təklifə görə, deputatlar onlar üçün müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda öz mandatlarından məhrum oluna bilərlər.

Əvvəla, etik davranış qaydaları qiymət verilən anlayışdır, onların yerinə yetirilməsi isə ictimai fikrin gücü ilə təmin edilir. Hüquq  normalarının həyata keçirilməsi etik normalarda olduğu kimi, bu normaları pozan şəxslər barəsində yaradılmış mənfi fikirlə deyil, dövlət məcburiyyəti ilə təmin edilir. Dövlətin məcburi tədbirləri etik normaların təmin edilməsində heç bir rol oyanaya bilməz, oynamamalıdır.

Üstəlik, “kobud şəkildə pozmaq” müddəası da qiymət verilən anlayışdır, onu nə qədər geniş izah etsək də, etik normaların pozulması dövlətin məcburi tədbirlərinə səbəb olmamalıdır. Bu təklifin qəbul edilməsi deputatların passivliyinə gətirib çıxara bilər. Sədrlə Zahid Oruc arasında  baş verən mübahisədə olduğu kimi, parlament rəhbərilə dialoqa “cəsarət” edən hər bir deputatın hərəkəti etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilə və beləliklə, deputat mandatdan məhrum oluna bilər. Odur ki, bu təklifin qəbul edilməsinə heç bir vəchlə yol verilməməli idi. Bu təklif deputatları asılı vəziyyətlərdə təzyiq altında saxlamaq üçündür.

Konstitusiya dəyişikliyində Milli Məclisin səlahiyyətlərini məhdudlaşdıran digər müddəalar da var idi. Mən yenidən bunları sadalamaq istəmirəm. Bircə onu nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ildə keçirilən referendumla Milli Məclisin səlahiyyətləri tamamilə əlindən alındı və o, icra hakimiyyətinin iradəsindən tam asılı vəziyyətə gətirildi. İndi də Milli Məclis digər qanunları da bu dəyişikliklərə uzlaşdırmağa səy göstərir, amma nə qədər çalışırsa, işin içindən çıxa bilmir. Məncə, Azərbaycan hakimiyyəti ölkədəki ictimai-siyasi vəziyyəti normallaşdırmaq üçün parlamentin səlahiyyətlərini məhdudlaşmağa deyil, onun həqiqi simasını və nüfuzunu özünə qaytarmağa çalışmalıdır.

– Son zamanlar növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə proqnozlar gündəmə gətirilir. Növbəti seçkilərdə iştirak edəcəksinizmi?

– Bu yaxınlarda mətbuat orqanlarında mən də bənzər iddialarla tanış oldum. Bir çox siyasilər, o cümlədən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bu ehtimaldan danışırdı. Mənim Əli Əliyevə böyük hörmətim var və onun savadlı bir siyasətçi olduğuna inanıram. Doğrusu, bu fikirləri onun dilindən səslənməsinə təəccübləndim. Axı, seçki keçirilmir ki, orada iştirak edəsən. Hakimiyyət istədiyi adamı istədiyi yerdən deputat təyin edir. Seçki komissiyaları həmin adamın lehinə protokolları tərtib etməklə məşğul olurlar. Vətəndaşların seçkiyə gedib-getməməsi heç kimi maraqlandırmır. Bu metodla müəyyənləşdirilən qurum qətiyyən parlament sayıla bilməz. Üstəlik, səlahiyyətləri tamamən əlindən alınmış parlamentdə təmsilçiliklə nəyə nail olmaq mümkündür? Hesab edirəm ki, parlamentin əvvəlki səlahiyyətləri özünə qaytarılmayana qədər bu seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur. Normal seçki keçirilsə, iştirak edərdim.

– Siz seçki mühitini yaxşılaşdırmaq üçün hakimiyyətə nə tövsiyə edərdiniz?

– Hakimiyyətə nəyisə tövsiyə etməyin də bir mənası qalmayıb. Hesab edirəm ki, Azərbaycanda demokratik və ədalətli seçki keçirməyin bir yolu var: Suriyadakı kimi, seçkilərin BMT tərəfindən keçirilməsi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button