İmişlidə 16 ton əti hansı “pişik” oğurladı?!..

Kasıblar üçün nəzərdə tutulan yardım niyə imkanlılara paylandı?..

Ərəb ölkələrində bir-birinin ardınca baş tutan etiraz dalğası, qanundankənar idarə olunan bütün məmləkətləri təkanların gücünü 12 ballıq şkala ilə götürsək, hələ ki, 2-3 bal gücündə silkələməkdədir. İllərlə “iti bazarında atından baha olan” Azərbaycanda dövlət səviyyəsində, məhz ölkə prezidentinin rəhbərliyi ilə baş tutan “yumurta inqilabından” sonra hər şey – eyib yerlər (hesab edirəm ki, məhz rüşvət həmin eyib yerlərdən birirdir – Red.) görünməyə başladı. Hakimiyyət nəhayət “başa düşdü” ki, artıq hər il aldadıb yoldan çıxardığı (əziz Oxucu, xahiş edirəm, “yoldan çıxardığı” ifadəsini öz bildiyin kmi deyil, bizim yazdığımız kimi düşün – Red.) nə o sandıqlı nənələr var, nə də hər bayram eşməyə sandıq. Nənələr Haqqın Dərgahında, sandıqlar isə eşilməkdən deşilibdi. Elə ona görə də dərhal hərəkətə keçdi. Özünün yerlərdə müdafiə etdiyi və Roma Papasından daha qatı katolik olan iş adamlarının səxavət zənbilini icra başçılarına deşdirən hakimiyyət, Hitlerin SSRİ-yə hücumu ərəfəsində olduğu kimi hər şeyi hesablamışdı. Lakin Hitlersayağı yalnız bir məsələ unudulmuşdu – yerli məmurun tamahı. Bıçarə Hitler Sovet xalqının dözümünü unutduğunun fərqində olan kimi özünü güllələdi. Biz bu hakimiyyətə heç nəyi tövsiyə etmirik.  Ən azı bu sayımızda.

İmişli 1988-ci ildən aktiv rayonlar siyahısındadır. İstər Milli Azadlıq Hərəkatı dönəmində, istərsə də I Qarabağ müharibəsində bu rayonun əhalisi xüsusi fəallıq göstəriblər. Yəni o qədər ayılıblar ki, artıq çörəyin qulağın dibinə deyil, məhz ağıza yeyilməsinin fərqindədirlər. Lakin yerli məmurlar hələ də əhali ilə Cənubi Afrikanın sivilizasiyadan nəinki uzaq, hətta çox uzaq qəbilə üzvləri ilə davranılırmış kimi davranırlar. Çörəyi daş kimi torpaqdan çıxan kəndlinin sahəsini “Arazın tarixi qolunun bərpası” adı ilə tarix boyu düzəlmə ehtimalı olmayan bir vəziyyətə salmağın başqa bənzətməsimi var? “Bizimkilər” və “onlar” adı ilə yarlıqlanmış əhalı sözün əsl mənasında çıxılmaz vəziyyətin şokunu yaşamadadır. Kimsə şokdan ayılan kəndlinin hansı fəsadları törədəcəyini bu gündən proqnozlaşdıra bilməz. Dövlətin hər hektara dəymiş ziyanı ilkin ödəmə formasında 250 manat civarında dəyərləndirməsini kənd icra nümayəndəsi və bələdiyyə sədrləri seçmə – yuxarıda qeyd olunduğu kimi “bizimkilər” və “onlar” qrupuna ayırmaqla ödəyirlər.

– Sənin sahəni su basmayıb.
– Necə ola bilər ki, sağımdakı, solumdakı sahələri su basıb, mənim sahəmi yox?
– Onda and iç.
– Allah haqqı…

Demək olar ki, bu tip dialoqlar gün ərzində yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iş otaqlarında olur. Kompensasiyaların verilməsini bilərəkdən uzadan yerli hakimiyyət ciddi narazılıqlardan təlaşlanaraq bayram qabağı “yar könlünü almaq üçün” yuxarıda qeyd olunan “səxavətli dayıların pulu” ilə kasıb ailələrə hər biri 5 kq olmaqla düyü, şəkər tozu və un paylamaq qərarına gəlib. Lakin bu dəfə də qaş düzəltmək əvəzinə vurub gözü də çıxarıb. Əvvəla, yardımlar icra nümayəndələrinə və bələdiyyə sədrlərinə yaxın olan bir-iki kasıb istisna olmaqla, əsasən imkanlı əşirət sahiblərinə verilib. Bu da əhali arasında ciddi narazılıqlar yaradıb. Çünkü yerli icra nümayəndələri və bələdiyyə sədrləri bir-birinin ardınca evləri ötən il qəzaya düşmüş şəxslərin də siyahısına əsasən, məhz həmin əşirət sahiblərini salmış, onlara yeni evlər tikmişlər. Xalqı ehtimal olunan hər hansı etirazlar zamanı məhz həmin əşirət sahiblərinin nüfuzlarından istifadə etməklə susdurmağı düşünənlər əslində, ciddi yanlışlıqar etdiklərinin fərqində deyillər. Onların bu hərəkətləri kifayət qədər ciddi narazılıqlar yaradıb. Bundan əlavə, yardımlar üç deyil, məhz dörd növ olmalı idi. Lakin 5 kq-lıq yardmlara əlavə olunacaq və Məzrəli, Xubyarlı, Çaxırlı kəndlərinin kasıb təbəqəsi üçün nəzərdə tutulan 16 ton ət “yoxa” çıxıb. Əhali 16 ton ətin yoxa çıxması ilə bağlı bir neçə ehtimallar üzərində baş sındırsa da, yalnız bir ehtimalı yaxın buraxmırlar – əti pişiyin oğurlamasını. Əslində, ən inandırıcı fakt da budur – 16 ton əti oğurlayacaq pişik təbiətdə yoxdur. Bəs onda..? Əgər bu “onda”ların ardınca qaçılsa, əsl onda nələrin olacağını yerli əhali daha yaxşı bilir.

Kamal Hüseynov

İ.S. Orada olarkən gəldiyimiz qənaətdən biri də bu oldu ki, İmişliyə nə deputat lazımdır, nə də ki, qanun. Çünki kompensasiyaların verilməsindən (daha doğrusu, verilməməsindən – Red.) şikayətlənən kənd sakinlərini qəbul edən rayon icra hakimiyyətinin məsul işçilərindən biri şikayətçilərə deyib ki, “biz icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda söyüş söydük ki, (?) kompensasiyaların paylanmasında kəndliyə çatacaq vəsait mənimsənilməməlidir.” Bravo, bu bir müasir Azərbaycan nümunəsidir. Hesab edirik ki, bu cür idarəetmədən hər kəs udacaq, yalnız bir nəfərdən başqa – İmişlinin deputatı (ona görə seçilən yazmadım ki, Oxucularımız müxtəlif kateqoriyaya aid olduqları üçün hər kəsin marağını təmin etmək zorundayıq. Bu barədə söyüş qoymasaq da, müəyyən etdiyimiz prinsiplimizdir – Red.) Əsabil Qasımov… Axı cənab Qasımov qanunlar istehsal edir, pardon, un kisəsi ilə qanun düzəltməyi dəyişik saldım. Hər iş söyüşlə hasil olacaqsa, deputata və yaxud onun düzəltdiyi qanuna nə lüzum var?
Hər kəsin cavab haqqını tanıyırıq. Sonra bizi qınayanın…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button