İmişlidə kütləvi zəhərlənmə: dəqiq rəqəm deyilmir

Pambıqçıların Kəmaləddin Heydərova məxsus tarlada zəhərləndiyi deyilir

İyunun 19-da İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

Sosial şəbəkələrdə zəhərlənənlərin sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. “Report” agentliyi zəhərlənənlərin 80 nəfər olduğunu yazır, hüquq müdafiəçisi Oqtay Gülalıyev isə 300-ə qədər pambıqçının zəhərləndiyini iddia edir:

“İmişlidən dəhşətli xəbərlər alıram. Xalqa qarşı fiziki və mənəvi soyqrımı davam edir. Bütün siyasəti iflas olan hakimiyyətin pambıq siyasəti nəinki iflasa uğrayıb, artıq insanları ölümlə üz- üzə qoyub. Onları tarlalarda qul əməyi ilə işlətmək az imiş kimi, indi də zəhərləyirlər. Pambıq tarlasında zəhərlənənlərin sayı 300- ə çatıb. İnsanların zəhərləndiyi pambıq tarlasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olduğu bildirilir. Polis əməkdaşları xəstəxananı mühasirəyə alıb, jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. Aldığım qeyri- rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov və FHN əməkdaşları hadisə ilə bağlı helikopterlə İmişliyə gəliblər. Xəstəxanada sıxlıq olduğundan əksər xəstələrə həyətdə ilkin tibbi yardım göstərilir. Həkim çatışmazlığı var. Rayonun bütün həkim heyəti xəstələrə yardım etmək üçün səfərbər edilib. 10-a yaxın şəxsin vəziyyəti çox ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”.

İmişli rayonundan mandat alan deputat Çingiz Qəni 45 nəfərin zəhərləndiyini bildirib. Rayon xəstəxanasının baş həkimi Cəsur Paşayev isə APA-ya səhər saatlarında 35 nəfərə qədər şəxsin xəstəxanaya müraciət etdiyini deyib:

“Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Palatalarda bir neçə xəstə var. Onların da heç bir ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı isə hadisə yerində olduğunu və daha sonra xəstəxanaya baş çəkdiyini bildirib:

“Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül başgicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürəkbulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər:

“Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”.

Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssislərin, şöbə və xidmət rəislərinin əraziyə ezam olunduğunu bildiriblər:

“Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Vəziyyəti Meydan TV-yə şərh edən aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov xatırladıb ki, sovet dövründə pambıq sahələrində alaq otlarına, zərərvericilərə qarşı tədbirlər indikindən daha intensiv gerçəkləşsə də, belə hallar olmurdu:

“Hətta o illərdə qadağan olunmuş dərmanlardan da istifadə edilirdi, amma zəhərlənmə halları müşahidə olunmamışdı”.

Vahid Məhərrəmli bu cür halların yaranmasının səbəbini qeyri-peşəkar idarəetmədə görür:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli.

“Hökumətdəkilər elə bilir ki, başqa sahələrdə olduğu kimi istənilən adamı aqrar sektora rəhbər qoymaq olar. Beləliklə, qeyri-peşəkarlar da öz növbəsində pambıq sahələrini qeyri-peşəkarlara tapşırırlar. Nəticədə bu adamlar nə edəcəklərini bilmirlər. Halbuki, pambıq əkiniylə bağlı birinci növbədə maarifləndirmə aparılmalıdır, yəni hansı dərman perepatlarından necə istifadə etmək lazımdır. Maarifləndirməni qeyri-peşəkarlar yox, pambıqçılığı bilənlər aparmalıydı. Bu adamlar Gəncə Kənd Təsərrüfatı İnstitutunun diplomunu alıblar, sovet vaxtı, yaxud internetdən nə öyrəniblərsə, onun əsasında işlərini qururlar. Görünür, ölkəyə elə bir dərman preparatı gətirilib ki, onlan hansı dozada istifadə ediləcəyini bilmirlər. Deməli, dərman preparatından düzgün istifadə olunmur. Belə olan halda öz təsirini zəhərlənmə halında göstərə bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button