İmtahandan kəsilən müəllimlər narazıdır

Bu gün, iyunun 28-də sertifikasiya imtahanından kəsilən müəllimlərin bir hissəsi Bakıda Elm və Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar. Onlar imtahanların şəffaf keçirilmədiyini, imtahan zamanı texniki problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Həmin şəxslərin vurğulamasına görə, imtahandan kəsilən müəllimlərin əmək müqavilələrinə xitam verilir. Hazırda işsiz qalan müəllimlər yeni işlə təmin olunmalarını tələb edirlər.

Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2021-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.

Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, iyunun 8-də baş tutan imtahanda 7 min 296 müəllim iştirak edib: “İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3 min 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb”.

Keçən il ölkədə təkrar sertifikatlaşdırmadan 743 müəllim keçməmişdi. Bu müəllimlərdən bir çoxu Bakıda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan bəziləri imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, bəziləri isə suallardan narazı olduqlarını bildirmişdilər.

İyunun 28-də isə nazirlikdən bildirilib ki, təkrar sertifikatlaşdırmada uğursuz olan müəllimlərin müraciətlərinin qəbulu aparılır. “Keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb. Komissiyalar 30 iyul tarixinədək fəaliyyət göstərəcək”, – məlumatda vurğulanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button