Rubrikalar: GÜNDƏM XuralTAC

İnam Kərimov prezidenti necə aldadır?!

İyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə bir sıra məqamlarla yadda qaldı. Diqqəti cəlb edən əsas məqamlardan biri həmin müşavirənin olduqca məhdud dairəni əhatə etməsi oldu. Sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirəyə Baş nazirin belə dəvət edilməməsi, toplantıda yalnız müəyyən çevrələrə aid iri məmurların iştirakı klanlararası mübarizənin təzahürü kimi görünsə də, bu məsələ üzərində çox dayanmaq istəmirik. Bizi daha çox maraqlandıran müşavirədə səsləndirilən fikirlərdir.

Fikrimizcə, müşavirədə ən diqqəti cəlb edən çıxış Kənd Təsərrüfatı naziri İnam Kərimovun qısa hesabatı oldu. Çıxışına “Sizin tərəfinizdən həyata keçirilən aqrar islahatlar üzrə tədbirlər davam etdirilir” cümləsi ilə başlayan nazirin bu sözləri ilk baxışdan ölkə başçısına iltifat kimi səslənsə də, onun daha sonra dilə gətirdiyi faktların qısa təhlili başqa niyyətlərinin də olduğundan xəbər verir. Sanki nazir Prezidentə kənd təsərrüfatında yaşanan müsbət və mənfi gəlişmələrin hamısının əsas müəllifinin özü olmadığını xatırlatmaq istəyirdi. Nitqinin sonrakı qismində bu təvazökarlığın əsl səbəbləri aydın olurdu.

İnam Kərimov qısa “iltifatın” ardından əsas mətləbə keçərək, əvvəl taxılçılıqda, sonra isə pambıqçılıqda qət edilən məsafələr barədə Prezidentə məlumat verdi. Onun sözlərinə görə, bu il Azərbaycanda 1 milyon 12 min hektar taxıl əkini həyata keçirilib: “Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib”.

Cənab nazirin fikrincə, KTN-nin bu il əsas diqqəti aqrar sektorda “düzgün texniki təminatın təmin edilməsi”nə yönəlib və bu tədbirlər öz müsbət nəticəsini verib:

“…dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tezbaşa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib”.

Nazirin sözlərinə görə, bu ilin əsas prioritetlərindən biri də pambıqçılığın inkişafı ilə əlaqədardır:

“Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan – sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.

İnam Kərimovun da etiraf etdiyi kimi, pambıq tədarükü sentyabrda başlayacağından biz də “cücəni payızda saymağa” qərar veririk. Hələlik isə KTN-nin innovativ tədbirlərlə inkişaf etdirməyə çalışdığı taxılçılığın inkişafa göz gəzdirməklə yetinəcəyik.

Bildiyimiz kimi, taxılçılıq ərzaq təhlükəsizliyi strategiyasının ən mühüm sahələrindən biridir. Bunu ölkə başçısı İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib və KTN-nin qarşısına özümüzü yerli taxıl məhsulları ilə 100% təmin etmək öhdəliyi qoyub. Xatırlayırsınızsa, hələ 11 aprel 2017-ci il tarixində Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident taxılçılıq üzərində xüsusi dayanaraq demişdi:

“Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik”.

Prezidentin bu sözlərindən də aydın olur ki, yerli fermerlərin qarşısında dayanan ən mühüm vəzifələrdən biri özümüzün ərzaq buğdasına ehtiyacımızı 100% daxili resurslarımız hesabına təmin etməkdir. Ölkə başçısının 2017-ci ildə qarşıya qoyduğu bu tapşırığı yerinə yetirə bilmədiyinə görə, o dövrün Kənd Təsərrüfatı naziri Heydər Əsədov məsuliyyətsizliyinin bədəlini ödədi və bir ildən sonra vəzifəsindən qovuldu. Yerinə isə çoxlarının az qala “innovasiyalar Allahı” kimi təqdim etdiyi indiki nazir İnam Kərimov gətirildi.

Sirr deyil ki, yeni nazirə etibar böyük olduğundan KTN-nə daha çox vəsaitlər ayrıldı və bu vəsaitlərin böyük qismi də taxılçılığa yönəldildi. Özünün etirafına görə, İnam Kərimov da bekar dayanmadı. Vəsaitlərin mühüm qismini “müasir avadanlıqlara, kombaynlara GPS quraşdırılmasına və onların düzgün dislokasiyası”na xərclədi. Nəticədə bu il taxıl biçini 20 gün tez başa çatdı və fermerlər hər hektardan 2 sentner məhsul götürə bildilər.

Bəs, görəsən, bu artımlar Prezidentin KTN qarşısına qoyduğu özümüzü yerli məhsullarla 100% təmin etmək öhdəliyini yerinə yetirməyə kifayət etdimi? Axı, əsas məsələ heç də məhsulun nə qədər tez yetişməsi və ya yığılması deyil, kəmiyyət və keyfiyyət yetərliliyidir.

Zənnimizcə, yeni nazirin innovativ tədbirlərinin tələblərə cavab verib vermədiyinin ən gözəl göstəricisi KTN-nin hazırlayıb Prezidentə və ictimaiyyətə sunduğu quru rəqəmlər yox, taxıl məhsullarının idxal statistikasıdır. Nədən ki, Prezidentin də dediyi kimi, ərzaq təhlükəsizliyinin əsas hədəfi Azərbaycanı idxal asılılığından xilas etməkdir. Elədirsə, gəlin, ərzaq buğdasında idxal statistikasına nəzər salaq.

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycana 117,08 mln. ABŞ dolları dəyərində 518,704 min ton buğda idxal edilib. Nəzərə alsaq ki, Azərbaycanın illik ərzaq buğda istehlakı 1.5 (bəzi məlumatlarda 1.7, bəzilərində isə 1.3) milyon tondur, təkcə 4 ay ərzində ölkəmizə gətirilən taxılın həcmi ümumi tələbatımızın  1/3 hissəsinə bərabərdir. Düşünə bilirsinizmi; İlin ilk dörd ayı onun 1/3-i deməkdir. Həmin müddət ərzində illik tələbatın 1/3 hissəsini idxal etmişiksə, deməli, ərzaq buğda istehlakımızda yerli məhsullarımızın payı sıfıra yaxındır. Elədirsə, hansı məhsuldarlıqdan, kombaynlara GPS quraşdırılmasından və biçinin 20 gün tezləşdirilməsindən danışmaq olar? Axı bunlar nəyi dəyişir?

Məlumat üçün qeyd edək ki, taxılçılarımızın ötən ilki naliyyətləri də ürəkaçan deyildi. Yenə Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 176 005,30 min dollar dəyərində 939 022,02 ton buğda idxal edilmişdi.Yəni 10 ay ərzində ümumi təlabatımızın 70%-ə yaxını. İlin axırında isə vəziyyət daha da mürəkkəbləşmişdi. Görünür, bu mürəkkəb vəziyyəti Prezidentdən və ictimaiyyətdən gizlətmək, dolayısıyla KTN-nə qahmar çıxmaq üçün Dövlət Gömrük Komitəsi erməni-budaq cümləli illik hesabat yaymağa üstünlük vermişdir. Hesabatda deyilir:

“Ərzaq idxalı strukturunda əsas həcm $205 mln. 967,01 min məbləğində buğdanın – 1 mln. 80,905 min ton (azalma 15,3%), meyvə-tərəvəz məhsullarının – $164 mln. 592,01 min məbləğində 303,022 min ton (artım 8,2%), ətin – $70 mln. 75 min məbləğində 47,399 min ton (artım 18,2%), bitki və heyvan mənşəli yağların – $140 mln. 885,48 min məbləğində 154,305 min ton (artım 1,5%) payına düşüb”.

Yəqin siz də razılaşarsıznız ki, hesabatın bu cür əndrabadi cümlələrlə təqdimatı nəticəsində ilk baxışdan belə anlaşılır ki, Azərbaycana taxıl idxalı 1 miyon 81 min ton azalıb. Halbuki, bu rəqəm azalmanı deyil, idxal həcmini göstərir. Yəni ötən il ölkəmizə 1 milyon 81 min ton taxıl gətirilib. Açığı, Dövlət Gömrük Komitəsinin niyə bu cür ədabazlığa getməsinin səbəbini anlamış deyilik. Əgər məqsəd KTN-ni vəziyyətdən qurtarmaqdırsa, o zaman kimin aldadılması nəzərdə tutulur? Axı bu cür erməni-budaq cümlələri yalnız xalqı deyil, həm də Prezidenti yanılda bilər.

İnsafən, 2018-ci ilin uğursuzluğunu, ötən aprel ayının sonlarında Kənd Təsərrüfatı naziri təyin olunan İnam Kərimova yükləmək ədalətsizlik olardı. Ən azı ona görə ki, yeni nazir əkin bitdikdən sonra indiki postunu təhvil almışdı və qeyri-adi heç nə edə bilməzdi. Amma dərd burasındadır ki, bu ilin göstəriciləri də ötən ildən fərqli deyil. Hər halda statistik rəqəmlər belə deyir.

DGK-nin 2019-cu ilin ilk rübü ilə bağlı yuxarıda zikr etdiyimiz məlum hesabata görə, yanvar-aprel aylarında idxal olunan buğdanın həcmi və dəyəri ötən ilin müvafiq dövrüylə müqayisədə xeyli artıq olmuşdur: məbləğ baxımından 46,109 mln. dollar (65%), həcm baxımından isə 111,862 min ton (27,5%) çox. Başqa sözlə desək, ilk dörd ayda təxminən 112 milyon dollar xaricə getmişdir. Halbuki, Cənab Prezident İlham Əliyev də 2017-ci ildə qəzəbləndirən də məhz taxıl idxalına xərclədiyimiz məbləğin böyüklüyü idi. Köhnə nazir Heydər Əsədovun üzərinə fəaliyyət öhdəliyi qoyan və yerinə yetirmədiyi üçün bir ildən sonra onu bitirən həmin çıxışında İlham Əliyev deyirdi:

“…dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq”.

Amma görünən budur ki, təzə nazir də gözü çıxmış sələfindən çox şeylər əxz etməyib. Zira bu ilin 4 ayında idxal buğdaya 112 milyon dollar xərcləmiş və idxal həcmini 27% artırmışıqsa, ilin axırına qədər bu məbləğ Prezidentimizi narahat edən 300 milyon dolları da keçəcək. Nəticədə təzə nazirin taleyi necə olacaq, onu bir Cənabi-Allah, bir də Cənab Prezident bilir.

Ərzaq buğdamızın əsas tədarükçülərindən olan Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin bir neçə ay əvvəl yaydığı bir məlumat da bu il buğda idxalımızın artacağına dəlalət edir. Həmin məlumata görə, Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva Azərbaycan və Gürcüstanın Qazaxıstandan taxıl idxalını artırmaq niyyətində olduğunu bildirərək, hər iki dövlət rəsmiləri ilə danışıqlar aparıldığını deyib. Gülmirə xanımın iddiaları doğrudursa, Azərbaycan rəsmilərinin bu addımları Prezidentin müəyyənləşdirdiyi hədəflərdən çox uzaqlarda olduğumuzu təsdiqləyir.

Deyə bilərsiniz ki, təzə nazir gələndən hər hektarda 2 sentner məhsuldarlıq artıbsa, bu, onun uğurudur. İnam Kərimov kombaynlara GPS cihazlarına qədər ən müasir avadanlıqlar taxıb ki, məhsuldarlıq artsın. Torpağımız münbit deyilsə, nazir buna neyləsin?

İlk baxışdan xeyli haqlı sualdır. Amma, gəlin, məsələni daha dərindən analiz etmək üçün mütəxəssis rəylərinə qulaq asaq.

Beləliklə, növbəti sual: Doğrudanmı torpaqlarımız buğda əkini üçün yarasızdır?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Azərbaycanın torpaq mühitinin məhsuldarlığı artırmaq qabiliyyətində olmadığı fikrini yaxına belə buraxmır. Əksinə, onun fikrincə, buğdadakı məhsuldarlığı 2 dəfə artırmaq olar. Dəyərli alim bir ay əvvəl Meydan TV-yə verdiyi açıqlamasında bu iddia ilə çıxış edərək deyirdi:

“Ölkədə real olaraq hər hektardan 5,5- 6 ton məhsul əldə etmək mümkündür. Çox təəssüflər olsun ki, bu sahəni inkişaf etdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək imkanı olduğu halda, hakimiyyətin yarıtmazlığı və və qeyri-peşəkarlığı ucbatından bu kimi imkanlar əldən verilir. Ona görə də taxıl məhsulları idxalı üçün hər il ölkədən yüz milyonlarla dollar vəsait çıxarılır”.

İnam Kərimovun məhsuldarlığı 2 s/ha həcmində artırmaq iddialarına gəlincə, zənnimizcə, bu, düşündüyümüz qədər əhəmiyyətli deyil. Daha əhəmiyyətli məsələ keyfiyyəti artırmaqdır. Əks halda, məhsuldarlığın artması zay olan məhsulların həcmini artırmaqdan başqa heç bir işə yaramaz.

Sirr deyil ki, Azərbaycanın yerli məhsullarına heç öz ölkəmizdə belə sahib çıxmaq istəyən yoxdur. Bunu Dövlət Taxıl Fondunun rəhbərliyi də dəfələrlə bəyan edib. Onların fikrincə, Azərbaycanın yerli məhsulları “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na uyğun gəlmir. Çünki ya məhsulun dənələri standartlardan xeyli kiçikdir, ya da içərisi zir-zibillə doludur. Həmçinin, düzgün becərilmədiyi üçün buğda toxumlarının endospermi də zəif olur. Bu da un istehsalına yaramır. Gəncədəki “Neon” un və makaron fabrikinin müdiri Arif Həsənov bir neçə il əvvəl mətbuata verdiyi açıqlamada bu iddiaları təsdiqləyərək deyirdi:

“Yerli taxıldan un istehsal etmək mümkün deyil. Biz un istehsalında 10 faiz yerli taxıldan istifadə edə bilirik”.

Elədirsə, məhsuldarlığı 2 sentner deyil, 20 sentner artırmağın nə mənası var? Taxılçılığın inkişafı üçün çəkilən xərclər bizi ərzaq təhlükəsizliyi proqramımızda nəzərdə tutulan xarici asılılıqdan xilas etməyəcəksə, kombaynlara GPS adlı “zinqrov”ların taxılması, 20 gün tez biçinə başlanılması, gündə yeni adda subsidiyaların təyin olunması nə işə yaraya bilər. Gəlin, bu suala iqtisadçı ekspert  Natiq Cəfərlinin nöqteyi-nəzərindən cavab axtaraq:

“İndi taxıl əkən hər kəsə nəticədən asılı olmayaraq hektara 80 manat verilir. Amma Azərbaycan reallığında baş verən odur ki, fermerlər icra hakimiyyətləri ilə danışığa gedib taxıl sahələrini yalandan artırırlar. Deyirlər ki, məhsulu gün vurdu, quraqlıq oldu və s. məhsul alınmadı, amma pulu alırdılar. 100 hektarı olanlar üçün bu böyük rəqəmdir, 8 min manat deməkdir. Yaxud, 70 faiz güzəştlə verilən gübrə də keyfiyyətsizdir, İrandan gətirilir. Yanacaqda da “pripiska” hallarına yol verilir. Bu sistem də öz nəticəsini məhsuldarlığın az olmasında, məhsulun keyfiyyətsiz olmasında göstərir”.

Qeyd edək ki, Natiq Cəfərli bu sözləri 7 il bundan əvvəl söyləmişdi. O vaxt Kənd Təsərrüfatı naziri postunda Heydər Əsədov otururdu. Amma dərd burasındadır ki, təzə nazirin dövründə də dəyişilən çox şey olmayıb. Hər halda ekspert Vahid Məhərrəmovun yerlərdə apardığı monitorinqin nəticələri belə deməyə əsas verir. Onun Meydan TV-yə verdiyi məlumata görə, monitorinqlərinin nəticələri bu il məhsuldarlığın əvvəlki ilə nisbətən daha az olacağını göstərir. Səbəbinə gəlincə:

“Səbəblər taxıl sahələrinin vaxtında suvarılmaması, aqrotexniki qaydalara əməl olunmamasıdır. Hətta keçən illə müqayisədə bu il daha çox taxıl ərazilərinin yandırıldığı barədə məlumat əldə etdik. Deməli, həmin ərazilərdə məhsuldarlıq aşağı olduğundan fermerə, kəndliyə kombayn salıb biçini həyata keçirmək sərf etmirdi. Çünki biçin baha başa gəlir”.

Cənab nazir, görürsünüzmü, kombaynların başına GPS cihazları taxmaqla iş bitmir. Sizin GPS-lərlə parlatdığınız üzəngilər fermerlərin umrunda belə deyil. Çünki bu “zinqrov”lu kombaynların xərci borcunu ödəmir. Üstəlik, məhsuldarlığı kabinetlərdə oturmaqla, aqrar sektorla yaxından-uzaqdan əlaqəsi olmayan bir insana 2-3 vəzifə verməklə artırmaq olmaz. Qucağa quzu alıb şəkil çəkdirməklə də, uzağı, Türkmənbaşını təqlid edə bilərsiniz. Torpaq isə reklamdan anlamaz. Onu alın təri ilə suvarmaq lazımdır. Bütün bunları etmədən quru rəqəmlərlə göz boyamaq isə ictimaiyyəti və Prezidenti aldatmaqdan başqa bir şey deyil.

Heydər Oğuz

Paylaş:

This post was last modified on 3 Avqust 2019 5:18 səhər

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM