İnanclı siyasi məhbuslara dəstək tədbiri keçirildi

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatında və ondan sonra həbs olunanların hüquqlarının müdafiəsi, orada baş verənlərin mahiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, ümumiyyətlə, siyasi məhbusların problemlərinin müzakirəsi məqsədilə koalisiya yaradılması təklifiylə çıxış etmişdi. Təklif olunurdu ki, fevral ayı istisna olmaqla (Xocalı faciəsinə görə), qalan ayların 26-sı məhbus ailələri bir araya gəlib, müzakirə aparsınlar.

Martın 26-da təşkil olunan müzakirələrə Nardaran məhbuslarının yaxınları, hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər və ziyalılar  qatılıb.
Siyasi Məhbus Ailələrininin Koordinasiya Mərkəzinin üzvü, AXCP-dən olan siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli koalisiya və tədbirin mahiyyəti barədə məlumat verib. Bildirib ki, repressiyalar bu gün də davam etdirilir.

“26 noyabrda Nardaranda baş verənlər müxtəlif aspektlərdən dırnaqarası mənada “Ginnesin Rekordlar kitabı”na düşəsi hadisədir. Nardaran hadisələrinə görə həbs olunanlara ümumilikdə 709 il 9 ay 15 gün həbs cəzası verilib”, – deyən Zəfər Əhmədli Nardaran əməliyyatında həlak olan altı nəfərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib.

 

Tədbirdə siyasi mühacir Tural Sadıqlının atası Əlövsət Sadıqlı da iştirak edib.

 

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev işıqlı adamları zindanlara doldurulmasını pisləyib:  “Vaxt gələcək, o qardaşlarımızın işığı indiki qaranlığı mütləq aydınlandıracaq. Bizlər zülmə, zülmkara qarşı mübarizəmizi onsuz da aparırıq, amma hesab edirəm ki, daha sıx birləşməyə ehtiyac var. Hamımız birlikdə olsaq, mübarizəmiz də effektli olar”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, 26 noyabrda Nardaranda baş verənlər bütöv bir təşkilatı, etirazçı qüvvəni tamamilə məhv etməyə hesablanmışdı. Hüquq müdafiəçisinin sözlərinə görə, hadisə günü və ondan sonra həbs olunanlardan 82 nəfəri barəsində cinayət işi başlanıb, onlar 20 ilə qədər azadlıqdan məhrum edilib: “Nardaran hadisələri ilə əlaqədar bu gün də həbsxanalarda 60-dan çox siyasi məhbus var. Ümumiyyətlə, siyasi məhbus siyahısında olan 160 nəfərdən çox adamın 100-ə yaxını dindar kəsimdir. Bu da hakimiyyətin islam dəyərlərinə münasibətini ortaya qoyur. Hakimiyyət elə hesab edirdi ki, təhlükə onlardan gəlir. Amma bu sahədə də yürütdüyü siyasət səhv idi” – deyən O.Gülalıyev bildirib ki, siyasi məhbusların müdafiəsilə bağlı iş gücləndirilməlidir.

Nardaharn məhbusu Abbas Hüseynin anası Rəhimə Hüseyn də Nardaranda baş verən hadisələri pisləyib və övladlarının günahsız olduğunu deyib.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib ki, hakimiyyət Nardaran hadisələrini yerli və beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada çatdırmaq istəsə də, məqsədinə çatmayıb və adamlar orada baş verənlərin gerçək mahiyyətini bilirlər: “Müsbət haldır ki, yerli və beynəlxalq ictimaiyyət o hadisələrə AzTV-nin kamerasından baxmadı. Nardaran hadisələri qeyri-insani ssenari idi. Bu hadisələrdən film çəkilsə, onlardan xəbərsiz adam elə bilər ki, göstərilənlər rejissorun fantaziyasıdır. Biz isə onları reallıqda yaşamışıq”.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button