İnanılmaz bir rüsvayçılıq

Anar Mahmudoğlu

  Və ya «Xural»ın Bəxtiyar Sadıqovunun menyüsünə iki cümlə

 Cənabi-möhtərəmimizin sayğıdəyər baldığı Nərgiz xanım Paşayevanın narazılığından və açıqca təhdidindən sonra axır ki, Moskva Dövlət Açıq Universiteti Bakı filialının rəhbərliyi aylar öncə həbs edildi. Nəzərə alsaq ki, Universitetin başında erməni əsilli bir şəxsin dayanması barədə səhih bilgilər vardı və onun Bakı filialındakı şərikləri ağına-bozuna baxmadan gəncləri pul müqabilində ali təhsil müəssisəsinə qəbul edirdilər, onda bu həbsin ictimai əsasını da anlamaq olardı – baxmayaraq ki, bu kontkstdə «ictimai əsas» yox, möhtərəmin baldızının sözü əsas götürülmüşdü.

Dünən Ağır Cinayətlər üzrə Məhkəmədə həmin həbs olunanların məhkəməsi keçirilib. Nə baş verib, bilirsinizmi? Filialın rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və xəzinədar Nemət Həsənovu şərti cəza ilə məhkəmə zalındanca azadlığa buraxmaq haqda hakim qərar çıxarıb.

İnanılmaz bir rüsvayçılıydır! Həbs olunan bu adamlar Cinayət Məcəlləsinin nə az, nə çox – düz 4 maddəsi ilə ittiham olunurdular: dələduzluq (178), mənimsəmə (179), vəzifə səlahiyyətlərindən sui-istifadə (308) və rüşvət alma (311)!

Bu adamların dələduzluğu, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rüşvət almasından düz 61 nəfər (!) zərərçəkən varmış. Bunlar hələ məhkəməyə müraciət edənlərdir. Bəs, qeyriləri? Bəs, bu rüşvət və korrupsiya məkanının Bakının göbəyində illərlə, arın-arxayın, hüquq-mühafizə orqanlarının «xəbəri olmadan» fəaliyyət göstərməsi nəticəsində şikəst edilən, təhsil əvəzinə rüşvət vermək öyrədilən on minlər? Bəs, millətin sabahına vurulan zərbə? Bəs, insanların var-yoxunu aldatmaqla əlindən alması? Bunlar hara getdi?

Bir «azadlıq» şüarına görə, «ictimai asayişi» səsləri ilə pozduğuna görə, hansısa bir dükanın şüşəsinə görə, – lap, tutaq ki, mitinqçilər sındırıb o şüşəni, – bu millətin taleyində xüsusi rol oynayan insanları, bu dövlətin müstəqilliyi və azadlığı yolunda çalışan şəxsləri, bu xalqın gələcəyi olan azad və hürr gəncləri həbs edib türmələrə dolduran və onlara 4 ilə qədər həbs kəsən məhkəmə hansı məntiqlə rüşvətxoru, dələduzu, sui-istifadəçini azadlığa buraxır? 2 aprel mitinqində «ictimai asayişi» pozanlar kimə zərər vurub? Hansı maddi və mənəvi zərbələrə məruz qoyub ictimaiyyəti? Kimlərdir zərərçəkənlər və onların ümumi zərəri nə qədərdir?

Tanınmış jurnalist Aydın Canıyevi cəmiyyətdən təcrid edirlər, «bir şüşəni qırdığına görə» ictimai təhlükəli şəxs sayırlar, ancaq onlarla insanı çapıb-talayan, yüzlərlə gənci şikəst edən, minlərlə vaplideyni gözüyaşlı qoyan dələduz rüşvətxorları azadlığa buraxırlar. Bunun məntiqi izahı bilirsinizmi nədir?

Bu ölkədə dələduz və rüşvətxor olmaq, vəzifəsindən sui-istifadə edib milyonlar yığmaq, millətin gələcəyini basıb yemək, xalqı var-yoxdan çıxarmaq «ictimai təhlükəli cinayət» sayılmır. Belə insanları cəmiyyətdən təcrid etməyə bu hakimiyyət heç bir lüzum görmür. Noolsun ki, onlar ermənilərlə işləyib; noolsun ki, azərbaycanlı tələbələrdən yığdığı təhsil haqları ilə erməninin cibini doldurub; noolsun ki, rüşvət alıb, aldadıb, atıb, yalan danışıb, vətəndaşları süründürüb, övladlarını diplomlu görmək istəyən valideynlərin əlində-ovcunda olanları sümürüb-alıb, onlarla adama maddi, mənəvi, psixoloji zərər vurub? Bəs, elə Azərbaycan cəmiyyəti belələri üçün nəzərdə tutulmayıbmı? Azərbaycan hakimiyyət sistemi belələrinin çiyinlərində bərqərar olmayıbmı?

Bu xarabada rüşvətxorluq, dələduzluq, vəzifədən sui-istifadə etmək «xüsusi təhlükəli» cinayət sayılsaydı, onda xaraba olmazdı ki?!

Əziz və sayğıdəyər dostumuz, ««Xural»ın Bəxtiyar Sadıqovu» tituluna təzəcə layiq gördüyüm Razi Abasbəyli də dünənki köşəsində «yazda başlanan antikorrupsiya projesinin məntiqi davamı» tipli məntiqsiz bir cümlə işlətməklə «müstəqil» kurs götürüb. Var olsun Ağır Cinayətlər Məhkəməsini, Razinin «müstəqil kursunun» və «konstruktivliyinin» boyunu anında və dərhal necə yerə soxdusa, əlavə və uzun-uzadı fakt sadalamağa ehtiyac qalmadı…

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button