İndi üç şey YAP-a bəladır

Şahvələd Çobanoğlu

 Birincisi – zaman. Burada “zaman” dedikdə konkret vaxt kəsiyi nəzərdə tutulur. İndiki hakimiyyətin ömrü o qədər uzandı, artıq adamlara deyə bilmirlər ki, tezliklə filan işi də görəcəyik, filan çatışmazlıqları da düzəldəcəyik. Desən də adamlar qəbul etmirlər.

Əvvəla, adamlar yaxşı bilir ki, bu hakimiyyət nəyi necə görür. Axı göz gördüyünə inanar, dil gördüyünü çağırar. Sənin hərəkətinə və bərəkətinə yaxşı bələddirlər. Az deyil 15 il…

Üstəlik, soruşmaya bilməzlər: bəs indiyəcən niyə görmürdünüz bu dediklərinizi? Köhnə qaydada davam edirsən, lap böyük fəlakət kimi görünürsən cəmiyyətə. Təzə qaydaya  keçirsən, keçmişin adamları daha da yandırır. Əsl bəladır! Bu qədər zaman boyunca eləmədiyin yaxşılıqlara görə bir cavab verməlisən, elədiklərin pisliklərə görə başqa bir cavab. Qınaq və ittiham qaçılmazdır. Zamanı heçə saymağın sonu heç də həmişə yaxşı olmur.

İkincisi – dövran. Dövran dedikdə daha geniş anlamda zamanın gedişi, xarakteri və tendensiyaları nəzərdə tutulur. Harvard dahisi Frensis Fukuyama “Tarixin sonu və axırıncı adam” əsərini yazanda Sovet İttifaqı yenicə dağılmışdı. Uzun müddət hamıya elə gəldi ki, o, səhv edir. Fukuyama “tarixin sonu” dedikdə demokratiyanın bəşəri qələbəsini nəzərdə tuturdu. O deyirdi ki, demokratiya coğrafi olaraq Yer üzünü tutacaq. Onun qələbəsi qətidir. Artıq haqla-nahaqqın siyasi döyüşü bitir. “Axırıncı insanı” yola salırıq və keşməkeşli tarix bitir.  Qarşıda biz yeni dünyada yaşayacağıq. İstəməsək də, yeni dövran başlayır.

Sonra Rusiyanın mürtəce dirənişi, postsovet ölkələrində avtoritar rejimlərin yaranması, ərəb dəyişməzliyi, terror və İran kimi faktlar şübhələri artırdı. Axı tarix uzanır!

Lakin insan idrakı tarixi anlamağa qadirmiş. Rusiyanın uğursuzluqları, İranın çalxalanması və nəhayət, “Ərəb Baharı” yenidən Fukuyamaya üzləri çevirdi. Deməli, hətta ərəb dünyası dəyişərmiş. Həm də necə? Həm də hansı istiqamətə?

Sözümüz qalmır deməyə. İndi hamı dərk edir ki, avtoritar rejimlər coğrafiyasından, dinindən, dilindən asılı olmayaraq məhvə məhkumdur. Tarixin sonu gəlir. Bu isə köhnə tarixdən bərk yapışan YAP üçün böyük bəladır. Dəyişməyə imkan varmı? Bəs nəyi dəyişək? Yaxud nəyi dəyişməməlisən ki! Ağır işdir.

Bir dəfə Əbülfəz Elçibəyə sual verdim. Gəncləri hər şənbə Bütöv Azərbaycan söhbətlərinə topladığı vaxt idi. Atatürkdən danışırdı və soruşdum: “Bəy, Atatürkü yalnız türk olduğu üçünmü bu qədər sevirsiniz?”

Cavab belə idi:

–        Xeyr! Atatürkün uğuru və qələbəsi, qurduğu respublika, laik (dünyəvi) dövlət, yeni çağa uyğun idarəçiliyi bütün dünyaya ümid verdi. Üçüncü dünya ölkələri bundan həvəsləndi. Dəyişikliklər başladı. O, dünyaya yeni ictimai dalğa gətirən bir liderdir. Vaxt gələcək yeni dalğa başlayacaq. Həmin ölkələr yeni mərhələyə – əsl demokratiyaya, əsl respublikalara yiyələnəcəklər. Hər şeydən öncə heç bir sistemə uyğun gəlməyən ərəb siyasi rejimləri dağılacaq. Bunda da Atatürkün payı var. Uzaqdan uzağa.

Şərhə ehtiyac yoxdur. “Mən deyirdim ki, bu quruluş dağılacaq” deyən o kişi də tarixin yeni çağını söyləmişdi. YAP həmin çağın mükəmməl ideyaları, dəyərləri, internet kimi güclü alətləri qarşısında dayanmağa məhkumdur.

Üçüncüsü – an. İndiki tarixdə an hər şeyi həll edir. Sən tarixin qarşısını almağa çalışırsan, Suyu üfürə-üfürə içirsən. O da birdən, Kür bəndini qırdığı kimi, daşıb əngəlləri uçurur.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button