İnkişaf etmiş ölkədə mətbuat niyə yardım alır?

Oxunmalı yazı…

Şahvələd Çobanoğlu

Yenə də KİV-ə Dövlət Dəstəyi Fondunun mətbuata yardımından yazmalı oluruq. Təkcə ona görə yox ki, bu dəfə siyahı daha çox “gəl-gəl” deyir. Bəli, bu dəfə pul alan KIV-lərin siyahısında ayrı-seçkilik daha aşkar görünür. Hakimiyyətin oxunmayan qəzetlərini siyahıya doldurublar. Mən “Azadlıq”ın pul almasının davasını çəkmirəm, ümumiyyətlə, onun bu puldan imtinasının tərəfdarıyam, amma elə qəzetlər “Azadlıq”dan çox vəsait alıb ki, açıq haqsızlıqdır. “Bizim yol” qəzetinə 10 min, heç kimin oxumadığı “Mövqe”,  “Palitra”, “Paritet” qəzetlərinə 40 min manat veriblər. Bu qəzetlərdən birincisi isə həmin fondun rəhbərinindir. Görürsünüzmü, necə insaflıdırlar! Hamı gülür və lağa qoyur bunu. Üstəlik, siyahıya düşməyən müstəqil qəzetlər (“Xural” və s. kimi) var…

Konstitusiyaya zidd olan fond

…Lakin mənim gerçək məqsədim KİV-ə Dəstək Fondunun bölgüsünü və onun öz qəzetlərinə pul ayıran rəhbərini tənqid etmək deyil. Mən bu fondun yaradılmasını kökündən qəbul etmirəm. İcra hakimiyyətinin belə bir fond yaradıb mətbuata pul ayırması ölkə Konstitusiyanın prinsiplərinə, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir. İcra hakimiyyətinin başçısı kimi prezident İlham Əliyevin KİV-ə Dəstək Fondu yaradıb qəzetlərə pul paylaması, daha sonra ev tikdirib jurnalistlərə mənzil verməyə hazırlaşması demokratik bir ölkədə rüşvət kimi qiymətləndirilməlidir. Dövlət başçısının mətbuata verdiyi rüşvət kimi. Bu isə qanunla qadağan olunur, yenə də deyirəm, Konstitusiyanın prinsiplərinə, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir.

Mətbuat niyə yardıma möhtacdır?

Belə çıxır ki, əvvəlcə səni pulsuz qoyurlar, sonra da pul verirlər. Ayrılan pullar bu gün mövcud olan müstəqil qəzetlərin ehtiyaclarına hava və su kimi lazım ola bilər. Bəs niyə qəzetlər bu qədər ehtiyaclıdır? Haradan doğur bu ehtiyac? Məsələn, nədən qəzetlər reklamdan pul qazana bilmir? Niyə reklamlara siyasi qadağa ortadan götürülmür?

Bizim ölkədə mətbuat yayımı sektoru hakimiyyətin inhisarındadır, qəzetlərin satışı üçün bir əngələ çevrilib. Yalnız Bakıda qəzet satılan məntəqələrin sıxlığı orta Avropa ölkəsində olduğundan 10 dəfə azdır. Regionlarda, kəndlərdə isə istəsən də qəzet tapıb ala bilmirsən. Supermarketlər ictimai-siyasi nəşrləri satmağa qorxur. Halbuki bütün dünyada satışın 30 faizdən çoxu supermarketlərin payına düşür. Abunə haqqında danışarkən, hakimiyyətə bağlı qəzetlərin əsas tirajının abunədən ibarət olduğunu hökmən deməliyik. Necə olur ki, köşkdə satışı yox səviyyəsində olan qəzetin abunəsi köşkdə satışı ən yüksək olan qəzetlərin abunəsindən 500 dəfə çox olur? Aydındır ki, burada bir tərəfə siyasi imtiyazlı abunənin təşkilindən, digər tərəfə isə abunəyə qadağanın qoyulmasından söhbət gedir.

Əgər mətbuatı belə çox istəyib yardım edirsinizsə, niyə bu sadalanan əngəlləri aradan qaldırmırsınız? Onlar həll edilsə, nəşrlərin satışı və tirajı, təbii ki, maddi imkanları da dəfələrlə artar…

İnkişaf edən ölkənin reklamı hanı?

Rusiyada mətbuatın ümumi reklam büdcəsi Azərbaycanın tərifli dövlət büdcəsindən böyükdür. Bu nisbətdə, bizim mətbuat ildə 800 milyon dollar reklam almalıdır. Heç 30 milyon dollarlıq reklam yoxdur bu ölkədə, olan da hakimiyyətin nəzarətə aldığı TV-lərin payına düşür. Ölkədə inkişaf varsa, reklam hanı? İqtisadi inkişaf reklamsız olmur axı!

Analoqu olmayan dəstək

Mətbuata dəstək onun yemlənməsindən ibarət olmalı deyil, bunun əvəzinə sektorun infrastruktur inkişafına yardım etmək lazımdır. Normal ölkələrdə mətbuatın fəaliyyətinə əngəl olan bütün problemlər aradan qaldırılır. Üstəlik, bu sektoru inkişaf etdirən kampaniyalar keçirilir. Məsələn, bir çox ölkələrdə pulsuz abunə kampaniyası var. Gənclər abunə yazılacağı qəzeti özü seçir, abunənin pulu isə büdcədən ödənilir. Pulun kimə çatacağını Oxucular, xalq müəyyən edir – məhz bazar prinsipləri ilə. Mətbuata dəstəyin geniş təcrübəsi var dünyada. Təbii ki, əsl dəstəkdən, qanuni dəstəkdən söhbət gedir. Gözə kül üfürməkdən yox!

“Azadlıq” qəzeti

Cümə axşamı, 30 İyun 2011-ci il

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button