İnqilab aşiqləri üçün yarımçıq statistika

azər həsrət

Azər Həsrət, azer@azerhasret.com

Bu yaxınlarda Misirli bir jurnalist Qərb mediasına verdiyi açıqlamada demişdi ki, indi onun ölkəsindəki durum Hüsnü Mübarək dönəmindəkindən də pisdir. Demokratiya, insan haqları, media sahəsində bəslənən ümidlər nəinki özünü doğrultmayıb, əksinə, inqilabçı Misir xalqı daha çətin şəraitdə yaşamağa məhkum edilib.

Bu fikirlər “ərəb baharı”nın beş ili tamam olan günlərdə Qərb mediasında yer alıb. Halbuki düz beş il öncə məhz həmin Qərb mediası ərəb coğrafiyasında inqilabın fitilini durmadan körükləndirirdi. Ərəblər də sadəlövhcəsinə Qərbin təbliğatına alət olurdular. Özü də könüllü.

Biz o günlərdə yazırdıq, deyirdik və proqnozlaşdırırdıq ki, xaricdən idxal edilən inqilab ərəblərə qan və məhrumiyyətdən başqa bir şey gətirə bilməz. Amma buna görə tənqid və hətta təhqir edilirdik ki, dünyada gedən “demokratikləşmə prosesləri”nə mane oluruq, “diktatorları dəstəkləyirik”. Zaman bizim haqlı olduğumuzu göstərdi.

İnqilabın altını üstünə çevirdiyi Liviyadan da belə bir səs yüksəlir. Bu günlərdə İngiltərənin “The Guardian” qəzetinə adının açıqlanmaması şərtilə müsahibə verən bir liviyalı tibb tələbəsi də eyni təəssüf hissini bölüşüb: “Bəzi adamlar deyir ki, onlar geriyə – Qəzzafi dönəminə qayıtmaq istərdilər. Mənsə istəmirəm. Getmək istədiyim tək yer xaricdir. Təki buradan çıxım. Biz azadlıq uğrunda mübarizə aparırdıq. Aradan bu qədər keçdikdən sonra düşünürük ki, buna dəyərmiydi?”

Dəyərmiydi? Təbii ki, dəyməzdi. Çünki inqilab bu tələbənin ölkəsinə ən azı 5 min nəfərin günahsız yerə həlak olmasını bəxş edib. Bu gəncin sabahı bəlli olmayan ölkəsi iki ayrı şəhərdən iki ayrı hakimiyyət tərəfindən idarə edilir. Üçüncü bir hakimiyyət isə ölkə dışından proseslərə müdaxilə edir. Yarım milyondan çox dinc insan öz yurdlarını tərk edərək qaçqın-köçkünə çevrilib. Bu prosesin nə vaxt sona çatacağı isə bəlli deyil. Düz beş il öncə sakit, sabit ömür sürən bütün liviyalıların həyatı cəhənnəm əzabına çevrilib indi. Çünki diktatordan bezmişdilər, daha ona dözmək istəmirdilər. Diktatorsa nə edirdi? Vətəndaşı yağ-bal içində saxlayırdı. Tək günahı Qərbin çaldığına oynamamaq idi. Ona görə də diktator elan edildi və devrildi.

Suriya isə tam başqa bir fəlakətdir. Bu günlərdə açıqlanan rəqəmləri görmək belə insanın tüklərinin biz-biz durmasına yetər. Suriya Siyasi Araşdırmalar Mərkəzi adlı bir təşkilat müəyyən edib ki, “ərəb baharı” bu ölkə əhalisinin ən azı 11,5 faizinin öldürülməsi və yaralanmasına səbəb olub. Düz 470 min Suriyalı ötən beş il ərzində həlak olub. İki milyona yaxın insansa yaralanıb. Ölkəyə 255 milyard dollar zərər dəyib bu iç savaş sonucu.

Suriya əhalisinin demək olar ki, yarısı bu bitməmiş inqilab üzündən qaçqın-köçkünə çevrilib. Onların ən azı 4 milyonu ölkəni tərk edə bilsə də, 7 milyona yaxın insan ölkə içində yer dəyişməli olub. Dünyanın hər cür pisliyi indi Suriya torpaqlarında “mücadilə” aparmaqdadır. Hər gün neçə-neçə kənd, şəhər bombalanır, bəzi nəsillərin soyu qurudulur. Bu coğrafiyada ədalətli mücadilə verən Türkiyə isə bütün dünya tərəfindən təklənib.

Suriyanın halı necə olacaq, vurulan zərbələrdən nə zaman özünə gələcək? Bunu heç kim deyə bilməz.

“Ərəb baharı” dalğasında inqilab xəstəliyinə yoluxan Ukraynanın da durumu fərqli deyil. Krım bu ölkənin əlindən alınıb. Donbasda vəziyyətə bölücülər nəzarət edir. İqtisadiyyat çöküb, dövlətin avtoriteti ayaqlar altındadır. Qərbsə bunlara da vədlər verməkdən uzağa getmir.

Bu sırada Yəmənlə Tunis də var. Bunların hamısı beş il öncə sakit və sabit həyat yaşayan ölkələr idi. Amma indi elə deyil. Hamısı qaynar qazandır. Hər gün insanların öldüyü, bombaların partladığı, aclıq, səfalət və xəstəliklərin tüğyan etdiyi bir coğrafiyadır buralar indi.

“Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq.” Prezident İlham Əliyevin 17 fevral 2016-cı ildə Gəncədəki “İmamzadə” dini kompleksindəki çıxışından

Necə deyərlər, gözü çıxan qardaşına bax, ibrət götür. Neçə ildir bizdə də gah ərəblərdən, gah da Ukraynadan həvəslənərək inqilab etmək eşqinə düşənlər var. Onlara davamlı olaraq izah edirik ki, ölkədəki problemləri həll etməyin yolu inqilab deyil, islahatlardır. Hazırda Prezident İlham Əliyevin şəxsən həyata keçirdiyi islahatlar da bizim fərqli və ən doğru yol seçdiyimizin göstəricisidir.

Əgər bu gün kimlərsə inqilab çağırışları edirsə, o adamların məqsədi demokratikləşmə, iqtisadi inkişaf və ya islahatlar deyil. Belə adamlar ərəb coğrafiyasını cəhənnəmə çevirmiş Qərb dairələrinin əlində könüllü şəkildə alət olmağa razılıq vermiş dağıdıcı ünsürlərdir. Nə yaxşı ki, Azərbaycan xalqı onların ardınca getmir. Əhalinin böyük bir qismi belə çağırışlara sağlam yanaşmağı bacarır, ümumiyyətlə isə onların əsl məqsədini yaxşı anlayır. Bu, yaxşı göstəricidir.

Hazırda bizim əsas məqsədimiz ölkədəki sabitliyi qorumaq, dünya neft bazarındakı ucuzlaşmanın özüylə gətirdiyi iqtisadi sıxıntıların bir an öncə aşılması üçün əl-ələ verib çalışmaqdır. O kəslər ki, ərəb ölkələrində olduğu kimi Azərbaycana da xaricdən inqilab idxal etmək istəyir, onların bütün cəhdləri beşiyində boğulmalıdır. Özü də bu məsələdə təkcə dövlət deyil, hər bir vətəndaş məsuliyyət yükünə ortaq olmalıdır.

Əks təqdirdə…

Əksini dilə gətirmək belə istəməzdik…


İnqilabın xaraba qoyduğu Suriyanın Homs şəhəri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button