İnqilabı kim edəcək?!

Əvəz Zeynallı

İnkvizator hakimlər…

Qələmindən qan tökülən hakimlər zümrəsi ilə qarşı-qarşıyayıq. Bir-birinin ardınca ədalətsiz qərarlar verirlər. Ümumiyyətlə, Azərbaycanda məhkəmənin Apellyasiya, Kassasiya və Ali Məhkəmə instansiyalarını ləğv etmək lazımdır. İlkin instansiya məhkəmələri varsa və bu məhkəmələrin verdiyi əcaib-qəraib qərarlar yuxarı instansiya məhkəmələrinin sözsüz-söhbətsiz təsdiqləmələri ilə müşayiət olunacaqsa, o zaman nəyə lazımdır bu məhkəmələr?

İndi Azərbaycanda hamını düşündürən bir sual var – inqilab olacaqmı və olacaqsa o inqilabı kimlər edəcək?!

Mən deyim. Bu müxalifətlə inqilab etmək yox, inqilabı yatırmaq və toplanan enerjini püskürtmək mümkündür. Amma iqtidarın bu hakimləri ilə Azərbaycanda inqilab ola bilər. Baxın, Sevinc Quliyeva adlı inkvizator hakim Nərimanov rayon məhkəməsində bağıra-bağıra 6 dəqiqəyə 30.000 işarəlik qərar çıxarıb gətirdi. Apellyasiya Məhkəməsində qarşı tərəf – Vüqar Səfərli iştirak etməyə-etməyə hakim Məmməd Məmmədov və Raqif Qurbanov mənim yox, onun iddiasını təmin etdilər və mətbuata dəstək olmaqla vəzifələndirilən bir zatın iddiasını 500 manatdan 5.000 manata qaldırdılar. Bu inkvizator hakimlər utandıqlarından gözlərimizin içinə baxmasalar da, heç bir şey dəyişməz. Onlara təşəkkür etmək və haqsızlıqlarını daha da çoxaltmalarını rica etmək lazımdır. Üzü inqilaba gedir ya…

Bu həftə də gülməşəkər müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə Apellyasiya (əslində inkvizisiya) Məhkəməsinin başqa bir hakimi Əflatun Qasımov iinkvizator Sevinc Quliyevanın 3.000 manatlıq qərarını təsdiqlədi. Bizim hakimlər hər iclasda inadına yeni-yeni keyfiyyətlər üzə çıxarırlar. Əflatun Qasımov müşavirə otağına belə getməyə ehtiyac duymadı. Elə qərarı oturduğu yerdəcə oxudu: «Qüvvədə qalsın!» O zaman bizi niyə iki gün dalbadal əziyyət verib ora çağırdı, anlamadım…

Nüşabə isə sağ olsun, yazdıqlarımın və davamın haqlılığını məhz bu mərhələdə özü bir daha sübuta yetirdi. Onun, onun zəng etdiklərinin, onun ətrafının və çevrəsinin hamısı jurnalistlərə dedikləri kimi baxırlar. Utanmadan da «jurnalistə düdük dedim», deyir. Anlayışa bax… Polisi təhqir et, jurnalisti təhqir et – hamını təhqir et, sonra da bu təhqirləri etiraf et və ayağını ayağının üzərinə sallayıb otur…

Nüşabə Ələsgərli jurnalistləri təhqir edəndə Apellyasiya Məhkəməsinin inkvizator hakimi Əflatun (adına sevdikləri qurban) Qasımov onun iştirakı olmadan 3.000 manatlıq qərarı qüvvədə saxlayırdı. Ramiz Mehdiyev boyda adam gör kimlərin ümidinə qalıb…

Hə, onu yazırdım axı… İnqilabı bax belə hakimlər, əl quzusuna çevrilən inkvizatorlar edəcək. Fikrət Məmmədovun hakimləri – onlar əsl inqilab ixracçılarıdır…

Umayra Tağıyeva…

İnqilab gözlənilməyən yerdən, gözlənilməyən təbəqədən, gözlənilməyən insan qruplarından gələ bilir. Vüqar Səfərlinin «şapka» ilə yardım ayırdığı qəzetlərdən birinin sıravi bir Oxucusu, qudurmuş və harınlamış nazirliklərin adamdöyən əməkdaşlarından birinin başına qapaz endirdiyi bir sürücü, zəngin balalarının evlərinə aparıb hürdürdüyü və sonra buraxdığı bir qul bazarında duran vətəndaş da inqilaba səbəb ola bilər. Bütün hallarda inqilabın başında inanılmış, hamının inandığı bir adam dayanmalıdır. Bu adam sıradan bir adam da ola bilər.

Məsələn, mən son günlərdə bir ad eşidir və müşahidə edirəm. İnsanlar Umayra Tağıyevanın dilindən eşitdikləri hər proqnoza inanırlar. Bu sadə, gözəl və qayğılı çöhrə azərbaycanlılara güvən verir. Ona görə yox ki, Umayra hansısa nazirliyin əməkdaşıdır, yox, ona görə ki, onun dediyi düz çıxır. Artıq insanları maraqlandırmır ki, tutaq ki, Hüseynağa Bağırov yaxşı texnika alıb və Umayra da o texnikanın verdiyi bilgiləri oxuyur. Dəfələrlə müşahidə etmişəm ki, insanlar Umayra olanda diqqət kəsilirlər hava proqnozlarına, o olmayanda hər şeyi boş verirlər.

Dediyim odur ki, bir də görərsiniz ki, Umayra Tağıyeva inqilabın simvoluna çevrildi. Sadəcə düz danışdığına görə. Gülməyin. 100 illik İngiltərə-Fransa müharibəsini sadə və səmimi bir fransalı qızcığaz – Janna Dark həll etmədimi?

Eyvazın həyat yoldaşı

Adamın damarlarında qanı donur. Bir ölkədə nə qədər intihar olar? «Xural» hər həftə intiharların siyahısını verir, amma bu həftə baş verən bir intihar hamını sarsıtdı. Hamımızın tanıdığımız Eyvaz Elləzoğlunun ölümündən sonra həyat yoldaşı özünü asdı. Ziyalı, bütün ömrünü qələmə və sözə həsr edən Eyvazın yoldaşı kirayədə yaşayırmış.  Nə acı tale?!

İnsanlar dözə bilməyib intihar edir. İntiharlar ölkəni başına bürüyüb. Bir gün intihar etməkdənsə inqilab etmək istəyənlərin sayı hər gün artacaq. O zaman heç bir şeyin qarşısını almaq mümkün olmaycaq…

Allah hamımıza rəhmət eləsin!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button