İNQİLABI LABÜD EDƏN İQTİDAR!

Qaranlıq məqam

Bakir Həsənbəyli

Özlərini labirintə salıblar. Nə mənasızcasına şişirdilən büdcə, nə analoqsuz inkişaf şousu, nə də asfalt döşənmiş yollar artıq heç bir işə yaramır. Hər şey, hətta zaman belə bu iqtidarla tərs mütənasiblik təşkil edir. Və hələ ki, hər kəs gözləyir. Dünyada hamının və hər kəsin gözləmə mövqeyində durmağından təhlükəli nə isə ola bilməz. Çünki nəticəsi olmayan gözləntinin axırı xıncdır. Həm də təhlükəli xınc. Artıq nə isə bunlara divident gətirmir. Son iyirmi ildə Azərbaycanda o qədər münasibət bildirilməli məsələ olub ki, amma həm ata, həm də oğul əliyevlər sadəcə görməzlikdən gəldilər. İllər öncə bağlanarkən “əsrin müqaviləsi” adlandırılan, sonucda özəl müəssisə kimi bir ailəyə xidmət edən proses zamanı belə, son günlər Xəzərin Azərbaycan sektorunda tapılan “Abşeron” qaz yatağının kəşfi zamanı İlham Əliyevin sifətinə verdiyi sevinc ifadələri heç o vaxt olmamışdı. Ola bilsin dəyərli Oxucu “hakim ailə yeni gəlir mənbəyi əldə etdi” deyə düşünəcək. Əsla belə deyil. Yataq gəlir gətirəcək fəaliyyətə 2020-2022-ci illərdə başlayacaq. Həm də Əliyevlər sülaləsinin hələ yüz il sonraya belə hər gün yeddi dəfə Ziya Məmmədovun restoranlarında yeyib, Kəmaləddin Heydərovun otellərində yatsalar da pulları çatar. Sadəcə, adam ərəb ölkələrindəki iğtişaşları görür. Görür 30 il hakimiyyətdə olub, milyardlara sahib olan, sonucda yəqin ki, son mənzilə də tək nəfərlik kameradan əzizləri, doğmaları olmadan yolçu olacaq Hüsnü Mübarəki? Eyni zamanda 42 il liviyalıların anasını ağladıb indi qapı itinə dönən Müəmmər Qəzzafini. Bəlkə 32 il zülm odu səpib, nəhayətdə şalvarına od vurulan Yəmən prezidentinin aqibəti yaxşı oldu? Əsla. Bunları bu iqtidarın ən kiçik ranqlı məmuru belə gözəl bilir. Gərək insanlar bu həddə gətirilməyəydi.

49% kasıblıq həddinin 9%-ə düşdüyünü iddia edirlər. Əslində, vəziyyət belədirmi? Qətiyyən. Ağ yalandır. Balasına tək bir şalvar alıb məktəbə göndərə bilməyən zavallı atanın əlində nə qəzetə danışmaq imkanı, nə də ki, efirə çıxmaq şansı var. Amma olacaq. Həmin zamanı məhz sizlər – bir millətin 20 illik tarixini zibil edən bu məmur sürüsü yetişdirəcək. Bu gün də olmasa, sabah insanlar Liviyada, Misirdə olduğu kimi bu məmur sürüsünün illərlə üzdüyü hovuzu, yatdığı yatağı, oturduğu kreslonu onlara haram edəcək. Bax onda bu gün süni sevinclə “2,5 triliyon m3 qaz ehtiyatımız var” anonsunu o qazın sahibləri özləri verəcək. Həm də səmimiyyətlə, fəxrlə. Elə bilirsiniz neft satmaq, komfort yaşamaq yalnız sizlərinmi haqqıdır?

Bunlar heç düz əməlli diktator da deyillər. 6 ay öncə yumurta inqilabı edən Birincinin sözü cəmi 3-4 aydan sonra nəinki yerə düşdü, tamamilə mənasızlaşdırılaraq, unuduldu. Yumurta yenə yerlə göylə əlləşir. İndi də ət. Deyəsən, ət inqilabına da ehtiyac var. Kənd təsərrüfatı nazirliyinin əməkdaşı ətin 1 kq-nın maya dəyərinin 5.25 manat olduğunu söyləyir. Reallıqda isə qiymət daha baha – 8-8,5 manatdır. Rəsmilər “Ətin qiymətini bəzi qüvvələr qaldırırlar” – deyirlər. Yumurta inqilabı zamanı da prezident məhz belə söyləmişdi: “Yumurtanın qiymətini süni şəkildə qaldıran qüvvələr var”. Əgər bu məmləkətdə hər şeyi başqaları qaldırırsa, həmin o maraqlı qüvvələr istədiklərini arzuladıqları vaxt edirlərsə, incimə qardaşım, bəs sən nə işlə məşğulsan? Və ya sən nə üçün orada oturmalısan? Yadıma Böyük Vətən Müharibəsinə (olmaz olaydı) həsr olunmuş sovet filimindəki bir epizod düşdü. Özü döyüşdə olmayıb, lakin sursatları tükənmiş, fədakarlıq göstərərək yaralanmış əsgərləri geri çəkilməkdə ittiham edən komandirə yaralı əsgər belə deyir: “Biz döyüşüb qanımızı axıdanda sən nə edirdin? ŞOKALAD TIXIRDIN?”

Daxili siyasətə etiraz edən insan selinə qarışan 5 yaşlı körpəni anası ilə birlikdə polis idarəsi görməyə məcbur edən hakimiyyət bir qrup provokatoru müəyyənləşdirib cəzalandıra bilmirmi? Əslində, bilmir. Bu divanələr kimi özü-öz başına döyməyə bənzəyər. Çünki bir müddət öncə onun da qıtlığını yaşadığımız kibriti belə ölkəyə monopolist – oliqarx nazir – məmurlar gətirir.

Əksər sahələrdə dövlət müəssisələrində çalışan şəxslər üçün müəyyənləşdirilmiş 65 yaş həddi özlüyündə təqdir olunası haldır. Kütləvi və rüşvətxorluğa qarşı mübarizə metodları kimi qisasçılıq xarakteri daşıması normal prosesdir. Amma bu iqtidarın bütün addımları kimi bu proses də birtərəflidir. Yox, əgər səmimidirlərsə, bəs onda PA-nın rəhbəri cənab Ramiz Mehdiyev, ARDNŞ-in I vitse-prezidenti cənab Xoşbəxt Yusifzadə nə üçün təqaüdə göndərilmir? Bəlkə hörmətlı Xoşbəxt müəllim mənimlə bir sinifdə oxuyub? Və ya cənab Mehdiyev “Oksford”u ötən il bitirən gənclərdəndir? Parlamentdə bir dəfə belə görünməyən 80 yaşını da ötmüş hörmətli Cəlal müəllimi Siyavuş Novruzovun intizam komissiyasına vermək təşəbbüsündə olan bir nəfər parlamentari varmı? Mümkünü yoxdur! Nə üçün? Belə çıxır ki, Xoşbəxt müəllim cənab İlham Əliyevin hörmət etdiyi ağsaqqal, hörmətli Cəlal müəllimlə Ramiz Mehdiyev isə əmiləri olduqları üçün toxunulmazdılar? Onda mən də cənab Əvəz Zeynallıdan xahiş edirəm, mənim də əmimi “Xural”a işə qəbul etsin. Nə olsun ki, jurnalist deyil, həm də qocadır.

P.S. Cənab prezident, əgər hörmətli Ramiz müəllimi istefaya göndərərsinizsə, qətiyyən başqa namizəd axtarmayın. Verin o vəzifəni mənə. Mən onun sirrini bilirəm.

                                                                                                     “Xural” qəzeti,

                                                         il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button