“İnsan haqları kütləvi şəkildə pozulur”- fəallar Milli İnsan Haqları Gününü qeyd edib

Fəallar insan hüquqları sahəsində durumun acınacaqlı olduğunu bildirir

Azərbaycanda insan haqları kütləvi şəkildə pozulur, çoxsaylı siyasi məhbuslar var, vətəndaş fəalları həbsə məhkum edilir, media azadlığının, siyasi və sosial azadlıqların durumu dözülməzdir. Ölkədə qadınların, uşaqların, hər kəsin hüquqları pozulur.

Bu ifadələr iyunun 18-də hüquq müdafiə fəallarının Milli İnsan Hüquqları Günü münasibəti ilə keçirdiyi toplantıdakı çıxışların ana xəttini təşkil edib.

 

Azadlıqların durumu

 

“Ölkədə vətəndaş cəmiyyəti, azad media məhv edilib. Özbaşınalıq, aqressivlik, cəzasızlıq göz önündədir. Azadlğa və demokratiyaya çağırış edən insanlar dövlətə təhlükə kimi təqdim olunur. Tənqidlərə görə insanlar həbs edilir, fəal gənclər təqib olunur. Bütün bunlar demokratik azadlıqlar uğrunda mübarizə aparan insanları narahat etməyə bilməz”, Helsinki Vətəndaş Cəmiyyətinin həmsədri Arzu Abdullayeva bildirib.

 

Qadın hüquqları hər an pozulur, xarici donorlar ölkəni tərk edib

Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Əvəz Həsənov

Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Əvəz Həsənov

 

“Biz xarici donorlarla uzun müddət işləmişik. Onlar insan haqlarının və demokratik azadlıqların inkişafına çalışırdılar. Əhali arasında, xüsusilə regionlarda azadlıqlarla bağlı maarifləndirmə işlərini dəstəkləyirdilər. Xarici donorları dövlət çevrilişinə səy göstərməkdə, inqilab təbliğatında günahlandırdılar. Amma əməkdaşlığımız dövründə bir dəfə də onların belə cəhdlərinə, danışıqlarına rast gəlmədik”, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, maarifləndirmə işləri olmadığından bəzi ailələrdə qadınların hüquqları görünməmiş dərəcədə pozulur.

“Vəhabi ailə başçısının qadını deyir ki, günəşin batmasını, səhərin açılmasını, baharın gəlişini, ağacların çiçəkləməsini, yağışın yağmasını görmək istəyir. Onun həyat yoldaşı evdə televizora baxılmasını da qadağan edib. Görün qadını hansı duruma gətiriblər ki, iki uşağını atıb qaçmaq istəyir. Bu dəhşətdir”, Novella Cəfəroğlu qeyd edib.

Hüquq müdafiəçiləri son illər çoxsaylı QHT rəhbərlərinin istintaqa cəlb edilməsini, həbsini pisləyib.

“2015-ci ildəki maliyyə böhranı zamanı ölkənin hər bir ailəsinə böyük ziyan vuruldu. Bir nəfər rəsmi şəxs belə məsuliyyətə cəlb edilmədi. Ancaq insan hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə işləri aparan QHT rəhbərləri həbs edilir”, o deyib.

 

Media hüquqları

 

Media hüquqları sahəsində durum da toplantının diqqət mərkəzində olub.

Mehman Əliyev və Əvəz Zeynallı

Mehman Əliyev və Əvəz Zeynallı

 

“Ölkədə ənənəvi media sıradan çıxarıldıqdan sonra sosial şəbəkələrdə informasiya təşəbbüsləri genişlənib. Bunun qarşılığında hökumətin nəzarətində olan media sosial şəbəkələrdəki informasiya təşəbbüsləri ilə bacara bilmir. Buna qarşı trollar şəbəkəsi qurublar. Onlara isə heç kim inanmır. Sosial şəbəkələrdə təhqir, böhtan, şəxsiyyətin hüquqlarının tapdalanması geniş vüsət alıb. Bu bir oyundur və oyunda bir tərəfdə Prezident Administrasiyasının müvafiq qurumu, o biri tərəfdə isə onların opponentləri durur. Sağlam, məsuliyyətli media olmadığından bu siyasət cəmiyyətə də təsir edir”, Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Onun fikrincə, növbədənkənar prezident seçkilərindən sonra başlanan həbslər göstərir ki, hakimiyyət cəmiyyəti qorxu altında saxlamaq siyasəti yürüdür və bu siyasəti sərtləşdirir.

 

Həbslər

 

Hüquq müdafiəçisi Elşən Həsənovun fikrincə, hakimiyyətin siyasi fəallığı həbslərlə davam etdirilir.

Elşən Həsənov

Elşən Həsənov, Hilal Məmmədov və Orxan Baxışlının anası Kəmalə Rəhimli

 

“Prezident seçkiləri dövründə Milli Şuranın icazəli mitinqlərindən öncə yüzdən çox fəal polisə çağırılıb. Həbs olunanlar olub. Son dövrlər işgəncə metodları geniş vüsət alıb, narkotik ittihamı ilə həbslər adi hala çevrilib. İnsanlar tutulduqdan sonra bəzən 10 günə qədər onların harada saxlanıldığı bilinmir, vəkilləri tutulan şəxlərin yanına buraxmırlar”, o qeyd edib.

Hüquq müdafiəçisi Hilal Məmmədov diqqəti fəallara görə ailə üzvlərinin və qohumlarının təqibinə yönəldib.

“Avropada hansısa insan fəallıq göstərir, onun Azərbaycandakı ailə üzvləri, qohumları təqiblə üzləşir. Hansı ki, bu insanların onlarla hər hansı əlaqəsi yoxdur”, o vurğulayıb.

 

“Cəza siyasəti yanlışdır”

 

Keçmiş siyasi məhbus Əvəz Zeynallı hesab edir ki, hazırki cəza siyasəti yanlışdır.

Avropa İnsan Hüquqları Konvensiyası

Avropa İnsan Hüquqları Konvensiyası

 

“Qanunvericilikdə həbsdə ailə üzvlərinin bir-biri ilə görüşü nəzərdə tutulmayıb. Yəqin vaxtı ilə ailə üzvlərinin bir neçəsinin eyni vaxtda tutulacağı vaxtlar olacağını düşünməyiblər. Həbsxanalarda növbədənkənar telefonla danışmaq, görüşmək üçün pul müqabilində imkan yaradılır. Əgər pul müqabilində bu imkan verilirsə, insanlara qanuni yollarla bu imkanlar yaradılmalıdır”, o qeyd edib.

Hüquq müdafiəçiləri əfv tədbirlərinin daimi xarakter daşımasının vacibliyini bildirib.

“Qanunsuzluqların qarşısını almağın yeganə yolu əfvdir. Bu tədbir də son zamanlar çox az həyata keçirilir”, Zeynallı deyib.

Arzu Abdullayeva

Arzu Abdullayeva

 

Hüquq müdafiəçiləri yekun oplaraq ölkədə vətəndaş hərəkatının genişləndirilməsinin, insanlar arasında, xüsusilə regionlarda maarifləndirmə işlərinin aparılmasının, xarici donorların ölkəyə qaytarılmasının, QHT-lərə qarşı münasibətin dəyişdirilməsinin, media azadlığının bərpa edilməsinin, siyasi təqiblərə, işgəncələrə son qoyulmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, rəsmi Bakı insan haqları sahəsində tənqidləri qəbul etmir, ölkədə fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.(amerikaninsesi.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button