İnsan, sən kimsən?!-II hissə

Eldar İsmayıl

Eldar İsmayılın yeni poeması insanlığın əsas probleminin – «Sən kimsən, İnsan» sualının araşdırılması və sorğulanması üzərində yoğunlaşıb. Eldar İsmayıl insanın insanın qurdu olmasını, «dünyanın əşrəfi» olmalı ikən dünyanın cəlladı olmasını gözlər önünə sərir, insanın dünyanı düzəltməli ikən dünyanı dağıtmasını, bütün gözəllikləri bu dünyaya gətirməli ikən bütün vəhşiliklərdə dünyanın bütün məxluqlarını ötüb keçməsini anlaya bilmir. Bunun üçün tarixə, şahların, xanların ömrünə müraciət edir şair, ancaq dünyasını dəyişən və yaşadığı zamanlarda insanlara əzab verən bir xanın övladlarına etdiyi ibrətamiz vəsiyyəti diqqətə çatdıranda sarsıldığı hiss olunur. Eldar İsmayıl həm də ölkədə baş verənlərdən narahatdır. Bu narahatçılıq bir qırmızı xətt kimi, «İnsan, Sən kimsən?» harayı ilə müşayiət olunur…

«Xural» Oxucularının poemanı sevəcəklərinə və məmnuniyyətlə oxuyacaqlarına inanırıq. Çünki orada həm də Azərbaycan gerçəkliyi var. Biz hamımız o gerçəkliyin sərt nidaları altında ömür sürür, yaşamağa çalışırıq…

Bəşərin nicatı insanlaşmaqdadır.
İnsanlaşın, insanlaşdırın…

Asif ATA, Böyük Azərbaycan filosofu

Şükür olsun ki, siz varsınız, insanlığı qoruyub saxlayan ey müdrik insanlar! Əks halda məxluq səviyyəsində olub, insanlaşa bilməyən adamlar qısa zamanda dünyanı didib, parçalayıb udardılar…

II hissə

Mənəviyyat pozulanda…

Mənəviyyat bax beləcə
Bax beləcə ucuzlaşıb,
Mehvərindən pozulubdu.
Zaman-zaman
İnsanlığın təməlinə,
Mənasına,
hikmətinə
Balta dəyib, şər dolubdu.
Rüşvət ilə,
oğurluqla,
Qul haqqıyla tikilmişdir
Başı buluda söykənən
Saysız-hesabsız binalar.
Bu tikinti hesabında
Gör nə qədər istismarlar,
Gör nə qədər haram əl var.
Nəyə görə fabrik quran,
Zavod açan ya başqandı,
Ya da ünlü vəzifəli?!
Nəyə görə villaları
Məmur tikir,
ancaq məmur?
Nəyə görə bu səadət
Zəhmətkeşə nəsib olmur?!
Ola bilməz,
çünki hər şey
Zaman-zaman belə olub.
Ola bilməz
Çünki hər şey
Mazarratlıq yolu tutan
Dağa-daşa sahib çıxan
Talançılar əlindədi.
Zaman-zaman belə olub.
Düzə əyri,
əyriyə düz,
Şərə xeyir,
xeyirə şər,
Toxlara ac,
aclara tox
Deyə bilən,
haqsız olan
Yalançılar əlindədi.
Zaman-zaman belə olub.
Çəkib-söküb talayanlar,
El malını dağıdanlar
Qapı açıb özlərinə.
Bir də kimlər «bəli» desə
Kükürd qoxan sözlərinə
Qapı açıb.
Bir də, bir də
Ətrafında fırfıratək
Fırlanana,
Yalmanana qapı açıb.
Gözüqıpıq olan kəsə,
Ağ qatığa qara deyib,
Quyruq kimi
Bulanana qapı açıb.
Sözü üzə deyənlərə,
Düzü düzə deyənlərə,
Halal çörək yeyənlərə
İgidlərə, məğrurlara
Qapıları bağlı olub.
Zaman-zaman belə olub.
Çırmananlar ödül alıb,
Şırmananlar ödül alıb!
Qurdyeməzlər başa keçib,
Danışanlar noxtalanıb,
Taleləri daşa keçib.
Bəşəriyyət tarixini
Səhvə-səhvə aradıqca
Balta əldə olan zaman
Öncə palıd yıxılıbdı.
Namərdlər qoltuğa girib,
Mərd insanlar sıxılıbdı!
Hər bir şeyi açıb töksək
Həyat bizi tamam yorar.
İnsan oğlu, çox dərdin var!

Zülm eləyən kim?!..

Yetim haqqı yeyən kəslər
Zaman-zaman belə olub.
Əli qabarlı insanın
Arxasında şələ olub.
Torpaqbasdı adı ilə
Qulluqçular insanları
Çəkib soyub acgözlüklə.
Vergi ilə, töycü ilə
Zülm edilib zəlalətlə,
Xalqa olan xəyanətlə.
Çarəsizlik yoxsulları
Üzbəüzə gətiribdi
Səfilliklə, rəzalətlə.
Soyan məmur,
soyulan xalq,
İkisi də Adəm oğlu…
Biri harınlaşıb gedib,
Birinin yolları bağlı.
Biri milyona pul demir,
Biri manat həsrətində.
Kasıb yadırğayıb ətə,
Varlılar quyruq yedirir
Boz pişiyə,
bozdar itə.
«Vayıst» kəslər saldı ancaq
Fəqirləri bu hillətə.
Yoxsul ayranın satammır,
Dünya aşır,
dünya daşır
Müdirlərın şirkətində.
Kasıb uçuq bir daxmada,
Bu da ola,
ya olmaya…
Müdir qurduran villalar
Saymaq ilə gəlməz saya.
Zəhmətçəkən alacankeş,
Müdir varlı,
ərkli, harın,
Kasıb töyşüyər acından.
Karsalalar ulduz olar,
Kabab şişlər, bağlar qarın.
Kasıb üçün bulaqların
Yanı yasaq, yönü yasaq.
Yaşıl donlu meşələrin
Qucağı dar, qoynu yasaq.
Tanrı hər nə yaradıbsa
Zənginəmi,
varlıyamı,
Zalımamı bəxş eləyib?
Ulu Tanrı hər neməti,
Hər sərvəti hər kəs üçün
Hamı üçün yaradıbdı.
Acgözləri, naqisləri
Nəfsləri, tamahları
İnsanlıqdan qoparıbdı.
Ancaq heç də belə deyil,
Bir vaxt köhlən at oynadan
Çox darğalar, çox zalımlar
Yola salıb, yola dünya.
Baş əyməyib heç bir hökmə,
Hamını qatıb torpağa,
Rüşvətə meyl etməyib,
Əl qatmayıb pula dünya.

Haşiyə…

Bir hind hekayətindən

İnsaf və mürvətini itirmiş, rəiyyəti ağır vergi altında saxlayan, insanları haqlı-haqsız döyüb, söyüb, işgəncələrə məruz qoyan, suçsuz yerə zindanlara atdıran, harınlaşmış
vəzir, vəkil, naiblərinin hərəkətinə göz yuman Əhməd adlı bir xan varmış. Zalım və zülümkar Əhməd xan deyərmiş ki, rəiyyət nə qədər yoxsul olsa ağasına bir o qədər sadiq olar. Gün gəlir, vaxt çatır Əhməd xan dünyasını dəyişir… Xanın ölümünün yeddinci günü oğlanlarından biri yuxuda görür ki, atası ağ kəfəndə qapının ağzında dayanıb deyir:
– Mənim məzarımı təmtəraqlı düzəltdirməyin. Xanlıqda əldə etdiyim xəzinə pullarından məzara xərc qoymayın (Əslində, xəzinə şahın yox, rəiyyətin imiş). Atamdan qalan köhnə evimizi tanıyırsınız. Qardaşlarına və qohum-əqrəbaya da de, həmin evi satıb məzarımı düzəltdirin. Məzar daşına mənim bu vəsiyyətimi yazdırın. Qoy həm gəlib-gedən oxusun, həm də məndən sonra gələn xanlara, bəylərə ibrət dərsi olsun.
Xanın oğlanları məzar daşına onun bu vəsiyyətini yazırlar.

Mənim sözüm məndən sonra
Uca mənsəb tuta bilən
Hər məmura, hər xanadı!
İnsan gedərgi bir qonaq,
Dünya evi bir kahadı!
Mən bunları anlamadım,
Mən hər kəsə zülm elədim.
Rəiyyətin dolanmasın
Kəsə-kəsə zülm elədim.
Dinənin dilin kəsdirdim,
Uzanan əlin kəsdirdim.
Riyakarlıq həddin aşdı,
Məmurlar yurda daraşdı.
Çəkdilər milləti dara,
Xalq zülümdən gəldi zara.
Kor oldu gözüm görmədi,
Kar oldu qulağım mənim.
Sorğu-sual başlayıbdı,
Quruyub dodağım mənim.
Qəbristana gələn hər kəs,
Məni nifrətlə yad edir.
Burdan ötən bir qarı da
Bir çobana rəhmət deyir,
Məni lənətlə yad edir.
Ətrafımda cütçü yatır,
Nökər yatır, çoban yatır,
Hamısının ruhları şad.
Hər biri savab içində,
Axirət dünyası abad.
Çil-çıraqlı saraylarım
Birdən-birə dönüb oldu
Dar, qaranlıq torpaq məzar…
Dəbdəbəli o evlərin
Odu burda yaxır məni.
Tağlı, mərmər saraylarda
Alın tərin yoxdu deyə
Qəbir daşı sıxır məni.
Ədalət-divan qurulur,
Hər cür haqq-hesab sorulur,
Xanlıqdakı eyş-işrətim
Burda burnumdan tökülür.
Verdiyim zillət yerinə
Qabırğam bir-bir sökülür.
Xalqa divan tuta-tuta,
İnsanlığı bitirmişəm.
O dünyamın hesabına
Bu dünyamı itirmişəm.
Məzlum, fəqir insanları
Səfalətə sala-sala,
Qul haqqını yeyə-yeyə
Xəznə qurdum, daş-qaş yığdım,
Şan-şöhrət tutdu gözümü…
İnsanları məngənədə
Sıxa-sıxa məhv elədim.
Çarmıxlara çəkə-çəkə,
Yıxa-yıxa məhv elədim.
Rəzalət tutdu gözümü,
İlanlarla, əqrəblərlə
Bir mənzildə yatağım var.
Cəlladlarla, qatillərlə
Yan-yanaşı qonşu düşən,
Bir odam var, otağım var.
Bir gün əvvəl bir nurani,
Abid gəlib sordu məndən:
– Halın necə, ey zalım xan?
Cəzanı versin Yaradan!
Günahsız, səbəbsiz yerə
Bir gün sənin qolbəylərin
Oğlumu döyüb atdılar,
Sonra da dustaq etdilər.
Sənə diləkçələr yazdım,
Çox yalvardım, – faydası nə…
Sən rəhm etməzsən dedilər.
Etmədin də!
Cavab verdim:
– Mən heç kəsə rəhm etmədim!
İnsanlığı itirən kəs.
İnsanlıqdan məhrum olan
Rəhm etməyi bacararamı?
O zavallı, taleyi kəm
Mən olmuşam!
Mən olmuşam həmin acgöz!
Həmin qatil, həmin alçaq
Bu divandan qurtararmı?
Bir də sordu, abid məndən:
– İndi səni qoruyurmu,
Topladığın haram dövlət,
Qazandığın sonsuz günah?
Cavab verdim o abidə:
– Məzarıma arı kimi,
Milçək kimi uçub dolub
İnsanların hər qarğışı,
Fəryad, nalə, ələm, o ah…
Sözüm sizə, xan olanlar,
Sözüm sizə, ey insanlar,
İnsanlıq qalxır ortadan
İnsafsızlıq gələn yerdə.
Mən cəlladlıq yolu tutdum
İnsan eşqi ölən yerdə…
Mən bu dünyaya aldandım,
Mən vara-mülkə aldandım.
Amandı siz aldanmayın…
Vəzifə yumdu gözümü,
Rəiyyətə mən zülm etdim,
Yoxsul qoydum, ac saxladım.
Bu vəhşəti siz etməyin.
İnsanları zəlil qoydum,
Loxmasını boğazından
Geri çəkdim, ləzzət aldım,
Bu ləzzəti siz almayın!
Dedim daim xalqın gözü
Mənim əllərimdə olsun.
Bu bir qoyun sürüsüdü,
Qalan qalsın, ölən ölsün!
Mənim yolum qanlı bir yol.
Sizsə bu yolla getməyin!
Mən xan ikən düşünürdüm,
Xanlar üçün ölüm yoxdur.
Dili üstə dil olammaz,
Əli üstə əl olammaz.
Xanlar asar, xanlar kəsər,
Onlar üçün zülüm yoxdur.
Əbədidir bu səltənət,
Bu vaxt, bu tac, hörmət, izzət…
Mən bədbəxt nə düşündümsə
Sizlər belə düşünməyin.
Uduzarsız mənim kimi,
Hər varlığın bir sonu var,
Hər xanın da, verəcəyi
Bir imtahan, bir sorğu var.
Uduzarsız mənim kimi,
Ey ixtiyar sahibləri!
Sizi xilas edən deyil
Dünyanın parası, zəri!
Mən özümlə o dünyadan
Bu dünyaya nə gətirdim?
Xəzinədən nə götürdüm?
Nə qazandım?
Nə itirdim?
Bu amanat dünya üçün
Axirəti itirdim mən!
Ey xələfim, şərəf üçün
Vəzifəni itir, qorxma,
İnsanlığı qoru, saxla,
İnsanlığı itirmə sən!
Mən hər zaman eyş-işrət
Kef-damaqda gün keçirdim,
Yoxsullar düşmədi yada.
Ona görə atılmalı
Bu nəşim, cəsədim oda!
Hökmü keçən, ey insanlar,
Haram qazanc axtarmayın.
Lənət adlı o qazancı
Axirətə gətirməyin!
Yazıqsınız boynunuza
Bu günahı götürməyin!
Mənim hökmüm keçmir burda,
Sənin hökmün keçməz burda.
Bizdən əvvəl gələn xanlar
Xəbər varmı görən harda?!
Vəzifələr, şan-şöhrətlər
O var-dövlət gəldi-gedər.
İnsanlara tamah üstə
Zülm eləmək tamam hədər…
Zavallılar, insanlara
Zülm etməyin mənim qədər!
İnsanlıq sorulur bu gün,
Cavab verə bilmirəm mən.
Haqq-divan qurulur bu gün
Cavab verə bilmirəm mən.
Dil tutulur, göz qaralır,
Diz əyilir, əlim əsir.
Bir cəlladın önündəyəm,
Möhür basan əllərimi
Bıçaq alıb cəllad kəsir.
Mənim kimi zalımlarım
Əməlləri böyük günah!
İnanmıram bağışlasın
Mənim kimi qəddar xanı
Nə rəiyyət, nə də Allah!

Əhməd XAN

Zülm-zalım…

2-27 iyul 2010-cu il

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button