İnsanlar prezidentlə niyə görüşə bilmirlər?!

Prezidentin qəbulundan…

Artıq şikayət etmirəm, yalvarıram!

İlham Əliyev Heydər Əliyevin “dublikatıdır”…

 Bu günlərdə ölkə rəhbərliyi əhalinin üzləşdiyi problemlərin aidiyyatı qurumlara zamanında çatdırılması və həlli məqsədilə hətta əksər dövlət idarələrinın rəhbərlərinin qəbuluna yazılmağın internet variantını təklif etdi. Yəni insanlar hər hansı dövlət qurumuna gəlmədən evində oturub qəbula yazıla və zamanı çatanda isə istədiyi məmurla görüşə bilər. Azərbaycan reallığı üçün bu sadəcə bir yuxudur. Bu hakimiyyət durduqca heç zaman çin olmayan bir yuxu. Ərəb inqilablarından gözləri ciddi şəkildə qorxduğu üçün sadəcə insanların diqqətini cəlb edən tapşırıqlar verilir. Ancaq cənab İlham Əliyevin xəbəri yoxdur ki, onun hakimiyyətini yerlə-yeksan edəcək hələ ki, real qüvvə məhz onun öz ətrafıdır. Düzdür, evdə böyükdən də çox şey aslıdır. Amma yalançı informatorluq bu insanı ciddi problemlə üz–üzə qoyub. Bu gün Azərbaycan məmurunu patriarxa və monarxa çevirən məhz ölkə rəhbərinə verilən “hər şey əladır” informasiyasıdır. İnformatorlar yaratdıqları bu əminlikdən daxili rahatlıq əldə ediblər. Adamlar gizli bir şəbəkə qurublar. Kimdən nə soruşulursa cavab eyni olur – “dəstəklənirsiniz”. Ancaq bu o demək deyil ki, Birinci elə bu informasiyalarla kifayətlənib əbədi hakimiyyət uçun düşüncələrə dalır. Xeyr. Bu rejimdə hər kəs bir–birinin tam eynidir. Lap bir medalın iki eyni üzü kimi. Sadəcə, bu cür vəziyyət hər kəsə sərf edir.

Bütün bunları bildiyimiz üçün qəbullardan davamlı olaraq reportajlar hazırlamaq qərarına gəldik. Projemizə elə Birincinin – Prezident İlham Əliyevin qəbulundan start verdik.

 Lenin deyirdi ki…

 Qəbula yazılmaq üçün nəzərdə tutulmuş qapıdan içəri daxil olub növbədə duran insanlara qoşulmaq istərkən qapıda duran mühafizəçi kimin qəbuluna yazılmaq istədiyimi soruşdu. İlk ağlıma gələn PA–nın ictimai–siyasi şöbəsinin müdri Əli Həsənov oldu. Elə düşündüyüm kimi də cavab verdim.

–        Əli müəllimin qəbulu sentyabrın 5–də olub. Bir də gələn ay gələrsiniz.

–        Onda növbəyə durub gələn ay qəbul olunmaq üçün yazılım.

–        Hələ siyahı gəlməyib, oktyabrın 1-də gəlib yazılın.

Maksimum dialoqu qısa edib adamdan qurtulmaq istəyirəm. “Bu gün kimin qəbuludur” – sualıma:

–        Fatma xanımın – cavabını alıram.

–        Olsun, elə Fatma xanımla görüşərəm.

Adamdan yaxamı qurtarıram. Otağa daxil olan kimi üç qocanın mübahisəsi diqqətimi çəkir.

 I qoca:

–        Əşi, Lenin demişdi də, xüsusi mülkiyyət olan yerdə dava–dalaş olacaq. Qulaq asmadıq. Yıxdıq gül kimi hökuməti. Bu da bazar iqtisadiyyatı. Bazarda belə olacaq də…

 II qoca:

–        Bazarda heç olmasa mizan–tərəzi var. Bunlarda heç nə yoxdur.

 Xeyli adam var. Dərdli deyingən olar, hamı danışır. Hər kəs də nostaljıyə köklənib. Vətəndaşları qəbullara yazmaq üçün üç otaq nəzərdə tutulsa da, kütləvi növbə yalnız bir otaqın qarşısındadır. Səbəbini soruşuram, yaşlı bir qadın dərindən ah çəkib deyir:

–        Ay oğul bəyəm kasıbı adam hesab edən varmı ki, gəlib əziyyət vermədən qəbula da yazsınlar. Mənim burada zülm çəkməyim bəlkə onlara hələ bir ləzzət də edir.

–        Görəsən prezident bunları görmür? – deyə orta yaşlı bir xanım özü–özündən soruşurmuş kimi kimsənin üzünə baxmadan sual verir.

–        Niyə görmür. Görür. Amma vecinə almır – bu, bir az öncə Leninin sözünə baxmadığı üçün özünü danlayan qoca idi.

 Sənin kimi tələbəm olsaydı, onu məhv edərdim!

 Vaxt uzandıqca əsəblər tarıma çəkilirdi. İnsanlar daha ciddi şəkildə narazılıq edirdi. Girişdə quraşdırılmış daxili telefonla danışan bir ixtiyar yüksək səslə xəttin digər başındakına ərizəsinin qəbul edilməməsinin səbəbini öyrənə bilmirdi.

–        Axı yoldaş (?) prezident deyib ki, hər şey şəffaf olsun. Niyə insanlara vətənini sevməyə imkan vermirsiniz? Sizin kimilərin əməlləridir ki, adam öz dövlətinə qarşı çıxır, vətənindən küsür. Məni şöbə müdiri ilə calaşdır.

–        …

–        Əgər yoxdursa səndən böyük kim varsa onunla danışmaq istəyirəm.

–        …

   –  Belə çıxır ki, bu boyda Prezident Aparatı boşdur?   

     – …

     – Mən müəllim deyiləm. Ağsaqqal bir kişiyəm. Ancaq müəllim olsaydım, məhv edərdim sənin kimi tələbəmi.

 Artıq şikayət etmirəm, yalvarıram!

 Arıq, çəlimsiz bir kişi qapıda duran mühafizəçiyə yaxınlaşır. Mühafizəçi ələ salırmış kimi:

–        Hə, sən yenə şikayətə gəlmisən? – deyə soruşur. Nimdaş geyimli ürək ağrıdıcı görkəmdə olan həmin şəxs təlaşla:

–        Yox, qardaş, artıq sikayət etmirəm, yalvarıram – deyə zarıdı.

Doğrusu, adamın bu qədər zavallı görkəmi, həyatdan küskün vəziyyəti ürək ağrıdıcı bir mənzərə yaradırdı. Zalda qoyulmuş stolların birinin arxasına keçib əyləşdi. Bir əli ilə başını tutub gözlərini yummuşdu. Ona yaxılaşdım.

–        Qardaş, niyə problemini yalvararaq deyirsən?

Səksəndi. Üzr istədim.

–        Elə bilirsən qışqırıb nə isə əldə edəcəm? Bura gəldiyimin sayını artıq itirmişəm. Əvvəllər mən də elə düşünürdüm. Cəsarətli idim, tələb edirdim. Amma hər dəfə gəlib-gedəndən sonra haqlarında şikayət etdiyim şəxslərə buradan olunan zənglərdən sonra vəziyyəti bir az da pisləşdirirdilər. Sonda isə məni ailəmin gözü qarşısında vəhşi kimi döydürdülər.

–        Kimdən şikayət edirsən ki?

–        Mən müəllim işləyirdim, amma imkan vermədilər.

–        Mən jurnalistəm. “Xural” qəzetində çalışıram, istəyirsiniz gedək redaksiyaya nə dərdiniz varsa, danışın bizə.

–        Məni öldürərlər…

Adam dəhşətlə söylədi son cümləsini. Ayağa durub növbədə duranların yanına getdi. Kənardan mənə baxıb bir az öncə söylədiyi fikirini təsdiq edirmiş kimi başını yellədi. Deməli, Azərbaycanda vəziyyət biz düşündüyümüzdən də kritik imiş. Bu rejimin amansız cəza metodlarının olduğunu sadə və zavallılaşdırılmış bir müəllim də təsdiqlədi.

 “Zamanın sahibi”də prezidentin qəbulunda!..

 Müəllimin sözlərinin təsirindəykən bir nəfər 35–40 yaşlarında kişi mənə yaxınlaşdı:

– Qardaş, mən kitab çıxarmaq istəyirəm, görəsən kimin qəbuluna yazılım?

–        Kitab çıxarmaq üçün daha qəbula niyə yazılırsan, get kitabını çıxar də – deyə cavab verdim. Açığı, müəllimlə söhbətdən sonra bütün əhvalım korlanmışdı, kimsə ilə söhbət etmək istəmirdim. Sadəcə, bir az da müşahidə edib, qəbula yazanın kimliyini öyrənib gedəcəkdim. Həm də adamın yersiz sualı xoşuma gəlmədi. İnsanların bu qədər dərdinin müqabilində başqa nə isə düşünməkmi olar? Həm də heç kitab yazana oxşamırdı. Amma kitabları çox sevdiyim üçün nədən yazdığını soruşdum:

–        Özümdən.

–        Sən kimsən ki, özündən kitab yazırsan?

–        Zamanın sahibi…

Həmən Tövbə etdim. İnşallah, qulaq şahidi olmağım üçün Allahımdan əfv dilədim.

–        Qardaş, küfr danışma, günahdı.

–        Sən də mənə inanmadın?

–        Niyə inanmalıyam ki?

 İlham Əliyev də, meyxanaçı Vüqar da dublikatdır…

 Adam danışmağa başladı. 2007-ci ildə “zühur” etdiyini, dünyanın xilas yolunu yalnız özünün bildiyini, daha nələr, nələr…, dayanmadan danışmağa başladı.

–        Əgər xilaskarsansa, onda nəyi gözləyirsən, xilas et də?

–        Əvvəl İlham Əliyevin qəbulunda olum, ondan icazə alım, sonra.

–        Ay qardaş, əgər səni (tövbə, əstəğfürullah) Allah göndəribsə, İlham Əliyevdən niyə icazə alırsan?

–        O, Heydər Əliyevin “dublikatıdır”.

–        Olsun də…

–        Bilirsən, bütün peyğəmbərlərin və imamların (tövbə, əstəğfürullah) “dublikatları” hal-hazırda yer kürrəsində yaşayırlar.

–        Tövbə de, Tanrı Sevimliləri haqqında elə ifadələr işlətmə, günahdı.

–        Vüqar Ədilovu tanıyırsan?

–        Meyxanaçı Vüqarı?

–        Hə, bax o da dublikatdır.

 Əli Həsənova yeni vəzifə verilib?

 Elə bu vaxt növbəti adam içəridən çıxdı, mənim növbəm olsa da, İlhamı (həmin şəxsin adı İlham idi. Söhbət zamanı fürsət tapıb adını da soruşmuşdum. Sumqayıtdan gəlmişdi) içəri saldım. Amma qapını açıq saxladım. Nə deyəcəyi və alacağı cavab mənim üçün çox maraqlı idi. Açıq qapıdan içəri boylandım (Bir az öncə mühafizəçidən qəbula yazanın adını soruşarkən, “Azər müəllim” demişdi). Elə bu zaman qapı açıldı. Qarşımda 1,4–1,5 metr boyu olan çəlimsiz, amma Napoleon kimi durmuş bir şəxs dayandı. İlham isə dayanmadan mənə söylədiklərini “Napoleona” danışırdı. “Napoleon” ağzındakı mənim üçün naməlum olan nəyisə bir ovurdundan o birinə keçirə-keçirə İlhama:

–        Mən “obedə” gedirəm, sən Əli Həsənovun qəbuluna yazıl, bu işlərlə o məşğul olur – deyib, üzünü mənə çevirdi:

–        Sizin nə dərdiniz var?

–        Mənim dərdim yoxdur.

–        Kimin qəbuluna yazılmaq istəyirsiniz?

–        Prezidentin.

–        Axı prezidentin qəbulu yoxdur.

–        Narahat olmayın, onunla özüm həll edərəm.

Mənə bu cım–cıqqılı adamın nə ədası, nə aqzındakı, nə də son cümləmdən çaşqınlığı maraqlı gəlmədi. İlhamın sağlıq problemi olduğu hərəkətlərindən və sözlərindən bəlli idi. Allah şəfasını versin. Əsas marağıma səbəb olan Azər müəllimin nə üçün ruhi xəstəyə məhz Əli Həsənovla görüşməyi tövsiyə etməsi oldu. Həm də “bəşəriyyətin xilası” ilə bağlı. Yoxsa cənab Həsənov artıq göylərə də nüfz edir? Və ya əksinə, hörmətli şöbə müdirinə artıq dəliləri etibar edirlər?

 XuralTAC       

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button