İnternet TV-lərin rəhbərləri İlham Əliyevə müraciət etdilər: “İnternetsiz əl-qolumuz bağlanıb…”

Bu gün 5 internet televiziyasının rəhbəri görüşərək internet televiziyalarının əsas problemlərini və ölkədə internetə qoyulan qadağaları müzakirə ediblər. İnternet TV rəhbərləri müzakirənin sonunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Xural.com xəbər verir ki, prezidentə müraciəti imzalayanlar 5 internet tv rəhbərliyinə daxil olan şəxslərdir. Müraciəti olduğu kimi təqdim edirik:

 

“Hörmətli prezident!

Erməni  silahlı qüvvələrinin xaincəsinə hücumlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və uğurla davam etdirdiyi əməliyyatlar bizi sevinc göz yaşlarına qərq edib. Qəlbimiz fərəhlə dolub. Alınan kəndlərimiz, fəth olunan əzəli torpaqlarımız, axan qanlarımız Millət olduğumuzu və imzamızın imzalar içində olduğunu sübut edir. Qürurlanırıq! İçimizdəki əziklik və natamamlıq sindromunu atırıq və Dövlət qurmaq yolunda Millət oluruq!

Təbii ki, bütün bu müsbət və sevindirici hadisələrin qovuşuğunda problemlərimiz də yox deyil. Biz düşmənə hər zaman təbliğat cəbhəsində uduzuruq. Zaman-zaman önəmli həmlələr etsək də, bu cəbhədə işlər hələ də kafi deyil. Bizlər bu istiqamətdə əlimizdən gələni etsək də, bəzən ya zəlzələdən, ya da vəlvələdən istədiklərimiz olmur. Təəssüf ki, Azərbaycan mediası və təbliğat ruporları heç də hər zaman millətimizin və dövlətimizin maraqları istiqamətində irəliləməyib. Bu gün də təəssüf ki, işlər doğru yönə getmir!

 

Hörmətli prezident!

Savaşın ilk günü – 27.09.2020-ci ildə sosial şəbəkələrin və xüsusən, youtube kanalının fəaliyyətinə məhdudiyyətlər qoyulması hamının olduğu kimi bizim də təqdirimizi qazandı. Bilirik və fərqindəyik nə qədər ağır zamanlardan keçdiyimizin. İçimizdəki düşmənlərin xarici düşmənlərimiz kimi məkrli olduğunu biz də hiss edirik. Ona görə də ilk günkü məhdudiyyətlərin çox qısa olacağını, uzağı 24 saatdan sonra sosial şəbəkələrin, xüsusən youtube kanalının fəaliyyətinin bərpa olunacağını düşündük. Axı beynəlxalq oyunların və təbliğat fəaliyyətlərinin burada getdiyini bilməyənimiz yoxdur. Əsas savaş dağlarda düşmənlə gedir, əsas savaş yaşayış məntəqələrinin və yüksəkliklərin alınmasında qanla yazılır, bunu bilirik, amma Cənab Prezident, bir başqa savaş da var ki, orada savaş qələmlə, sözlə, ürəklə gedir – ora da sosial şəbəkələr və internet televiziyalarıdır, bunu da bilməliyik. Biz çox təəssüf ki, artıq bu savaşda yenə geriləməyə başlayırıq. Yenə bu sahədə ermənilər at oynatmağa başlayıblar, halbuki bizim əl-qolumuz bağlanmamalıdır, biz də Azərbaycanın informasiya savaşında və informasiya təhlükəsizliyində öz savaşımızı verməyi, öz sözümüzün qanını tökməyi istəyirik. Əsas savaş həm də bu sahədə aparılmalıdır. Azərbaycanın parlamaqda olan, insanlarımızın ciddi etimadını qazanan və baxış rekordları qıraraq yüz minlərlə auditoriya qazanan internet televiziyalarını kənarda qoymaq yanlış mətbu siyasətin yenidən rişələnməsidir.

 

Hörmətli prezident!

Ümid edirik ki, Azərbaycanın yeni təbliğat müharibəsində internet telekanallarının rolunu düzgün qiymətləndirə bilməyənlərin cavabını verəcək və youtube kanalının ölkədə fəaliyyətinə şərait yaradacaqsınız. Bizi yenidən orta əsrlər geriliyinə qaytaranlara sərt reaksiya verəcəyinizi gözləyir, Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq!

 

Sizə hörmətlə:

  1. Əvəz Zeynallı, Xural TV,
  2. Zaur Qəriboğlu, Reaksiya TV,
  3. Ləman Ələşrəfqızı, Laf TV,
  4. Afət Telmanqızı, Laf TV,
  5. Aygün Muradxanlı, Prime TV
  6. Şahin Nəcəfov, Prime TV,
  7. Əziz Orucov, Kanal 13.

 

01 noyabr 2020-ci il, Bakı şəhəri”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button