İnternetdə faktla düşüncənin qarışığı

Toğrul Qara

Azərbaycanda maraqlı bir tendensiya var. Ölkə müstəqilliyini əldə etdikdən sonra bu xüsusi olaraq adət halını alıb. Paytaxtda hər bir sahənin bum dövrü yaşanıb. Kafe-çayxanalar, tikiş sexləri, şirniyyat, çörəkbişirmə sexləri, əcnəbi dil kursları açmaq, araq istehsalı ilə, bina tikintisi ilə məşğul olmaq, gündə bir partiya, QHT, qəzet təsis etmək və s. işlər hamısı ötən illərdə kütləvi görülüb. Ən qorxulusu da budur ki, sadalanan sahələrlə çox vaxt onu bilməyənlər məşğul olub. Kobud səslənsə də, çoxu öz yerində olmayıb.

Bu gün başqa sahələrdə olan problemlərdən mətbuat kifayət qədər yazır. Amma media özü öz qüsurlarını aradan qaldırmağa çalışırmı? Hazırda yerli mətbuata diqqət yetirəndə, jurnalistin informasiya verməkdən daha çox hisslərə qapılaraq, Oxucunu yönləndirməyə çalışmasını müşahidə etmək olur (Müəllif yazılarını çıxmaq şərti ilə.) Qəzet və jurnallarda adi hala çevrilən bu problem internetdə gündəlik oxunan xəbər portallarında da özünə əməlli-başlı yer edib. Yəni düşüncə jurnalistikası fakt jurnalistikasını üstələyib.

Bir vaxtlar az qala hər gün yeni qəzet təsis olunurdusa, bu gün analoji problem xəbər portallarına aiddir. Bu bolluğun içində azsaylı xəbər portalları normal fəaliyyət göstərir. Normal dedikdə, heç olmasa xəbər portalının özünün informasiya yaymaq gücünə malik olduğu nəzərdə tutulur. Cəmi bir neçə informasiya saytına baxdıqda isə yuxarıda deyilən düşüncə jurnalistikasının fakt jurnalistikasını sıxışdırdığının şahidi olursan. Birinci halda jurnalist öz düşüncəsinin məhsulunu Oxucuya sırışdırır, ikinci halda isə jurnalist informasiyaya müdaxilə etmədən onu Oxucuya çatdırır. Norma kimi qəbul olunan dünya internet jurnalistikasında əsas güc fakta əsaslanaraq istehsal olnan informasiyaya verilir. Oxucu xəbər portalına hansısa jurnalistin hissləri üzərində qurulan informasiyanı oxuyub, yüklənmək üçün deyil, ona maraqlı olan sahədən informasiya almaq üçün daxil olur. Belə hallarda əsas ağırlıq xəbər portalının redaktoruna düşür. Redaktor jurnalistə hisslərə qapılaraq öz düşündüklərini yazmamağı, əgər yazmaqda israrlıdırsa, onunçün xüsusi bölmə (köşə) ayırmalıdır. Qoy, Oxucu statistikası jurnalistə sübut etsin ki, onun düşüncələri nə qədər insana maraqlıdır.

Çox vaxt internet jurnalistləri belə hesab edirlər ki, yazdıqları informasiyaya öz bədii, emosional əlavələrini daxil etməklə xəbəri daha oxunaqlı edirlər. Dünyanın aparıcı xəbər portallarında bu hallara rast gəlinməsə də, türk saytlarında xəbərə rəng qatmaq, müxtəlif bəzək-düzək vermək adiləşib. Təbii ki, türk mediasının yerli internet jurnalistikasına təsiri dərhal hiss olunur. Hansısa əcnəbi saytdan götürülən və beynəlxalq normada yazılan informasiya türk saytlarında tamam fərqli formada təqdim olunur. Nəticə etibarilə, bütün xəbəri oxuyan Oxucu eyni informasiyanı lazımsız sözlərlə yüklənərək alır. Halbuki həmin informasiya qəbul olunmuş formada – birinci abzasda başlıq açılmaqla, ikinci abzasda informasiya genişləndirilməklə, üçüncü abzasda informasiya yekunlaşdırılmaqla, ehtiyac olarsa, dördüncü abzasda qeyd və ya xatırlatma olunmaqla yazılmışdı.

İnternet jurnalisti Oxucunu cəlb etmək üçün informasiyanın tərtibatına xüsusi əhəmiyyət verməlidir. Tərtibat dedikdə, istehsal olunan informasiyanın hazırlanmasına önəm verilməsi nəzərdə tutulur. Burada xəbərin sadə konstruksiya ilə yazılması vacib rol oynayır. Jurnalist bir amili mütləq nəzərə almalıdır ki, Oxucu onun yazdığını bir dəfə istifadə edəcək. Çünki xəbər portalı pulla alınan bir neçə səhifəlik qəzet deyil. İnternet saytı üçün yazılan informasiyada “ola bilər”, “olmalıdır”, “belə olan halda”, “bir dəfə”, “ona görə”, “ondan başqa”, “yeri gəlmişkən”, “məsəlçün” və s. söz və ifadələri istifadə etməkdən yayınmaq lazımdır. İnternet jurnalistikası mücərrədliyi yox, konkretliyi tələb edir. Düşüncə və ehtimallardan çox faktlar Oxucuya cəlbedici görünür.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button