İntihar edən iş adamı ilə bağlı yeni təfərrüatlar

nazim ibrahimovun qaynı«Məzahir Cəfərov ailədə özünü asan üçüncü adam olub»

İlham Qasımov: “Sahibin şirkəti bütün mənzillərin pulunu ödəmişdi”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərov intihar edib. Oxucular onun adını “Sahil D” kompleksi işindən tanıyırlar. “Bizim Yol” qəzetinə müraciət edən iş adamı İlham Qasımov ortağı Sahib İbrahimovu Bakı Əyləncə Mərkəzində birlikdə inşa etdirdikləri 4 binadan ibarət kompleksin tikintisinə sərmayə qoymadığı halda mənzilləri təkrar sataraq pulunu mənimsəməkdə təqsirləndirirdi. Bildirirdi ki, cənab İbrahimov onun xəbəri olmadan müəssisənin kassasından 8 milyon 250 min manat pul götürüb, bununla yanaşı 200 mənzili təkrar fərqli adamlara satıb. “Qəzetimizə müsahibə verən S.İbrahimov isə ortağının ittihamlarını rədd edir, mübahisəli kompleksə 16 milyon 625 min dollar sərmayə yatırdığını, ona çatacaq əmlak payının məhkəmə vasitəsilə bərpa edildiyini bildirirdi. Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M.Cəfərov şərikli biznesdə maliyyə işlərinə nəzarət edirdi.

S.İbrahimov və İ.Qasımovun ortaqlığının sonu olaraq bir mənzilin bir neçə nəfərə satılmasında imzası olan M.Cəfərov saxlanılıb, Kürdəxanıdakı istintaq təcridxanasına göndərilmişdi. Bu tərəfdən S.İbrahimov məhkəməni ortağına uduzandan sonra Rövşən Əliyev küçəsindəki hər biri 24 mərtəbəli 4 binadan ibarət “Sahil D” kompleksi İ.Qasımovun nəzarətinə keçdi. Cənab Qasımov məhkəməni qazanıb mübahisəli kompleksi türk iş adamlarına dövr etməklə yaxasını tamamilə bu işdən qurtardı. Məlumatlara görə, “STS” şirkətinin direktoru vəzifəsini icra edən M.Cəfərovun satdığı mənzillərin pulunu S.İbrahimova verdiyi barədə imzalı, möhürlü sənədləri olub. İlkin istintaqda M.Cəfərovun pulları mənimsədiyi sübut olunmayıb. Hər halda o, müvəqqəti olaraq sərbəst buraxılıb. Bu dəfə S.İbrahimovun qaynı “Sahil D Kompany” MMC-nin təsisçisi Taleh Abdullayev saxlanıldı. Vətəndaşlara çatacaq 71 mənzilin S.İbrahimovun, 15-ə yaxın mənzil isə T.Abdullayevin üzərində olduğu bildirilirdi. Yəni evlərin satılmasında T.Abdullayevin də imzası olub. Cənab Qasımov M.Cəfərovun günahsız olduğunu bildirir, “İbrahimovların özlərini qorumaq üçün onun həbsində maraqlı olduqları”nı söyləyirdi. Özü M.Cəfərova vəkil tutub, müdafiə işlərini üzərinə götürməklə onun azadlığa çıxmasına nail də oldu. S.İbrahimov isə M.Cəfərovu heç vaxt sözdə müdafiə etməyib, əksinə “kimliyindən asılı olmayaraq hər kəs etdiyinə görə cəzasını almalıdır”, deyə məsələni belə şərh edirdi.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, “STS” və “Sahil D Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı M.Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyi bəlli olub. Beləliklə, özgənin əmlakını ələ keçirmək məqsədilə “Sahil-D Company” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Bu barədə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib. Nəhayətmart ayında cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
M.Cəfərov azadlığa çıxandan sonra onunla telefon əlaqəsi saxlayan “Bizim Yol” qəzeti əməkdaşına müsahibə verəcəyini demişdi. Yəni mətbuata deyəcək sözü vardı. Amma suallarıma telefonla cavab vermək istəməmişdi, “bunlar telefon söhbəti deyil, görüşüb danışarıq”, demişdi. Sonradan mesajında yenə zəng edəcəyini yazsa da, telefonunu açmadığı səbəbindən görüşə bilmədik. Hər halda M.Cəfərov müsahibə üçün görüşməyi vəd etməklə bizim bilmədiyimiz mətləblərdən agah olduğunu göstərmişdi. Bütün faktlar onun əleyhinə idi, 2 maddə ilə təqsirli bilinirdi. Amma o maddələr üzərindən götürülsə də, başqa birinin üzərinə qoyulmadı. T.Abdullayev də hazırda azadlıqdadır. Bu işdə heç kim həbsdə qalmadı. Yəni pullarını ödədilər, azadlıqda qaldılar.
M.Cəfərovun ölüm faktı üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharında mərhumun yaxınları keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu səbəb kimi göstərir. Rəhmətə gedənin yaxın qohumu İbrahim İbrahimov (Nehrəmli) Anspress-ə bildirib ki, “Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən olanları ürəyinə salırdı. Buna görə də, sağalmaz xəstəliyə tutulmuşdu. Beynində bədxassəli şiş vardı. Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də, tez bir zamanda problemlərini həll etmişdi. Onun şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər, onun borcu yox idi”.
İş adamı,”Real LTD” şirkətinin sahibi İ.Qasımovla telefon əlaqəsi yaratdım. O da ailəyə yaxın adamdır. Hüzürdəydi, M.Cəfərov son gününə qədər yenə də onun şirkətində çalışırmış. Cənab Qasımov mərhumun ölümü ilə bağlı “Bizim Yol” qəzetinə kiçik müsahibə verdi:
– İbrahim İbrahimov açıqlamasında “Məzahir Cəfərov şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar”, deyib. Sizinlə dəfələrlə bu barədə müsahibə aparmışıq, ortaqlığınızın İbrahimovun qardaşı Sahib İbrahimovla olduğunu demisiz. Hacı İbrahim niyə Məzahirin sizinlə ortaq olduğunu deyir? Mərhumla bir ortaqlığınız var idimi? 
 
– Məzahirin mənimlə heç bir ortaqlığı olmayıb, o, sadəcə bizdə direktor olub.
– Müsahibələrində İbrahim İbrahimov qardaşını bu məsələlərdən kənarda tutmağa çalışır, belə qələmə verir ki, Cəfərov sizin şərikiniz imiş. 
 
– Yox, biz Sahiblə ortaq idik.
– Hacı İbrahim deyib ki, “Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən olanları ürəyinə salırdı. Buna görə də sağalmaz xəstəliyə tutulmuşdu”… 
 
– Məzahirin başında xərçəng vardı, bu məsələni atası, bacısı, bir də qaynı Nazim müəllim bilirmiş, başqa heç kimə deməyib. Onun əvvəllər də baş ağrısı vardı. Yadınızdadır, siz görüşmək istəyəndə dedi ki, xəstədir. Həm də bu, onlarda irsidir. Onun bir bacısı 20 yaşında, gəlinləri də 24 yaşında özlərini asıblar. Yəni bu məsələ irsi olub, başında da xərçəng olduğunu biləndə kiməsə əziyyət vermək istəməyib. Ola bilər ki, mənzil məsələləri üzündən psixoloji durumunda problemlər yaranıbmış, amma o işlərdən qurtardığını dəqiq bilirəm.
– Problemlərin xəstəliyinə təsiri necə, sizcə ola bilərdimi? 
 
– Heç bir əlaqəsi yoxdur. Hər kəsə çatacaq vəsait ödənmiş, bütün işlər həll olunmuşdu.
– Axı prokurorluqdan iş məhkəməyə göndərilmişdi, həbs olunma ehtimalı var idi…   
– Hər şey artıq qurtarmışdı, qətiyyən həbs olunma ehtimalı yox idi.
– Onun yaxını idiniz, sizə də dərdini deyə bilərdi.
– Deməyib, kimsəyə əziyyət vermək istəməyib, cəmi 3 ailə üzvünə söyləyib.
– Məncə onun mətbuata deyiləcək sözü vardı. Ailəsi ölümündə sizi, digər ortağınızı günahkar bilirmi?
– Hamısı artıq bilir ki, onun başında xərçəng olub və bu səbəbdən intihara əl atıb. Həm də dediyim kimi ailədə özünü asan üçüncü adam olub.
– Həbsdən çıxandan sonra işsiz idi? 
– Daim bir yerdəydik, bizdə şirkətdə direktor işləməyə davam edirdi.
– Mənzillərin bir neçə dəfə satılmasında sənədləri o, imzalamışdı. İş məhkəməyə gedəndən sonra onun əvəzinə pulları kim ödədi? 
– Sahibin şirkəti ödədi.
– Siz heç vaxt mərhumu günahkar hesab etməmisiz…
– Hesab etməmişəm.
– Mətbuatda ilk olaraq belə rəy yarandı ki, bu məsələyə görə intihar edib, ortada külli miqdarda ödənməyən borclar vardı, hüquqi məsuliyyətindən başqa bir də ödəmələr onun üzərində qalmışdı. Həm də söhbət milyonlardan gedirdi. 
– Bizneslə bu işin heç bir əlaqəsi yoxdur.
– Məhkəmə bitmişdi, yoxsa “Məzahir Cəfərovun dünyasını dəyişməsi ilə bu işə nöqtə qoyuldu”, demək olar? 
– İş buna qədər bitmişdi. Hər kəsin evi ödənmişdi, ödənəcək vəsait qalmamışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button