İntihar

Gunay Umidlər

Onun çiyinlərində
Gecələri gündüzlərə
Yamadığı əzabları.
Əlində
Kədərini boğduğu
İçki şüşəsi…
Gözlərində
Çoxdan doğmalaşan
Sitəm nəşəsi…
Əynində çeynənmiş qüruru kimi
Cırıq-sökük bir kürk.

Ayaqları tələsir,
Bomboz ömrünün yükünü
Son dəfə daşıyır.
O qorxunun hikkəsiylə təkləyir,
O tələsir…
Varlığını son nəfəsə sürükləyir.

O, çürümüş hisslərində
Acı-acı
Bir cəsarət yaşayırdı…
Onun arxasında
İnsan adlanan kəslər,
Qulağında
Baş götürüb hey qaçdığı
Qırıq səslər…
Məkan seçdiyi zirvədə
Addımları susdu birdən.
Qollarını geniş açdı,
Hönkürtü ilə güldü içdən.

Ona yuxarıdan baxanları
Yuxarıdan seyr elədi.
Kirlənmiş sifətini
Tozlu ovuclarına aldı
Hey qış olan yaz ömrünü
Günahlarına bələdi.
Başı döndü.

Onun donmuş sözlərində
Bu həyatın acığına
Xoş söz demək
Daha ardı…
Onun sönmüş gözlərində
Uduzduğu bu həyatın
Son bir qələbəsi vardı
İntihar!!!

Axı neynirəm səni?

Ey ürəyim…
Yenə qış gətirdin varlığıma
Yenə səbəb oldun
Qaranlığıma…

Bəsdi süründüyün,
Bəsdi inlədiyin,
Bəsdi məni məhv etdiyin!

Yumruq qədər olmağınla,
Mənim bu varlığımı
Məhv etməyə yetirsən.
Axı günahım nədi
Məni məyus edirsən?

Axı neynirəm səni
Məyər sən deyilsənmi
Gözlərindən nisgilini axıdan?
Məyər sən deyilsənmi
Bu ağlımı, düşüncəmi
Uçurumdan yıxıdan?
Məyər sən deyilsənmi
Öz yükünü çarəsizcə,
Bu ruhuma yükləyən?
Məyər sən deyilsənmi,
Qəzəb olub
bu nitqimdə kükrəyən?
Axı neynirəm səni?
Səni ovutmağa
Əlim də yatmır,
Səni oldürməyə
Gücüm də çatmır.

Səndə doğuldu
Məhv etdiyin,
Öldürdüyün sevgilərim.
Axı səndə doğuldu
Yaşamağa qanad verən itkilərm…
Sən ağlatdın!
Sən güldürdün!
Sən doğurdun!
Sən öldürdün!
Yalvarıram,
Bu gecə əbədi tərk elə məni
Axı neynirəm səni?!

Səni yaşatmaq üçün

Bu gün özümü qarşıma aldım,
Otuzdurdum qabağımda
Nə olub dedim?
Gülüşünün hıçqırığı batırır qulağımı,
İçindəki bu sitəmin yorğunluğu
Büdrədir ayağımı…
Dedi səni yaşatmaq üçün,
Ürəyimin ağrısına daş basmışam,
Kor gözlərin tapdadığı hisslərimin
Boğazından asmışam.

Tök içini dedim ona,
Bu gün səninlə dost olaq.
Süz qəlbinin qəm şərabın,
Bu gün səninlə məst olaq.
Dedi məstəm hər gün onsuz
Namərdlərin alçaltdığı,
Güzarın təpik atdığı
Dərd əlindən məstəm onsuz.
Səni yaşatmaq üçün
İkiüzlü insanlardan arsızlığı öyrənmişəm,
Sənə öyrədə bilmədiyim arsızlığı.

Niyə belə bükülmüsən dedim ona,
Dedi
Günü-gündən hey gödələn
Yorğanımla dostlaşmaqçün kiçilmişəm.
Səni yaşatmaq üçün
Varlığımdan dünya boyda yük asmışam.

Dedim qəm eləmə
Bu yollar da mənzilinə çatar bir gün
Bu ünvansız küçələrdə,
Yorğun-yorğun sürünsən də
Dodağının təbəssümü durur hələ.
Dedi yalançı hakimlərin
Haqq, ədalət adlanan fərmanına gülürəm.
Səni yaşatmaq üçün.
Barışdığım həyatın
Bir qarış inamında
Günü-gündən ölürəm,
Sən də duymursan bunu,
Hanı bu yolun sonu?

Divarların sinəsi…

Acı danışıram,
İstəmədən qırıram insanları.
Gecələrin qaranlığını
Üstümə çəkib yatıram.
“Mənə kömək eləyin”
Deməyə utanıram.
Utanıram, acizliyim içimə qəm əkəndə,
Utanıram, qızarmış gözlərimə
İşıqlar qəh-qəh çəkəndə

Gözlərimin ovucları
Saxlamır göz yaşımı,
Əllərimin dili
Yumruqlarla danışır.
Divarların sinəsi
Əllərimin göyərmiş yerlərində
Ağrıyır…
Həzin bir musiqi
Düyünlənir boğazımda
Boğur məni…

Qələmimin qapısını döyürəm,
Qara geyinmiş sətirlərim açır qapını,
Dərdimin qaranlığı düşür gözümə,
Ümidim
Çılpaq paltarıyla
Həyamda gizlənir.
Acılarımın iniltiləri
Lay-lay çalır qaranlığıma.
Acıladığım insanların günahlarını
Örtüb üstümə
Yatıram…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button