İntiharlar niyə artır?

1362033860_foto-218.06.2013

Bakı Dövlət Universitetinin müəllimi, sosioloq, psixoloq Cavid İmamoğlu Azərbaycanda intihar probleminin getdikcə daha da aktuallaşdığını deyir.

Cavid İmamoğlu “Media forum” saytına açıqlamasında bildirib ki, Azərbaycanda intiharlar artıq bütün yaş dövrlərini əhatə etməyə başlayıb: “İki əvvəl Azərbaycan cəmiyyəti ahıl yaşda insanın intihar etməsi hadisəsinin şahidi oldu. Əvvəllər belə hallar yalnız yeniyetmələr arasında müşahidə edilirdi. İntihar edənlərin yaş qruplarının sayı artdıqca problemi araşdırmaq da çətinləşir.

İntiharın baş verməsinin böhran faktoru ilə birbaşa əlaqəsi var. Bu faktorlar daxili və xarici faktorlara ayrılır. Bu gün dünya mütəxəssisləri müxtəlif yaş qrupunda insanların intiharını psixoloji, fiziki, psixiatrik vəziyyət kimi daxili böhran faktoru ilə əlaqələndirirlər.

Xarici böhran faktoruna isə insanın sosial təcridini, yaşadığı icmanın bacarıqsızlığını misal gətirmək olar. İntihara meyllənən, yaxud psixoloji durumu kritik vəziyyətə çatan insana icma dəstək ola bilmirsə, onu xilas edəcək struktur, sistem yoxdursa, intihar az qala qaçılmaz hadisəyə çevrilir. Xüsusən yeniyetməlik çağı insan həyatının mənəvi boşluq dövrüdür. Belə anda ailədən, cəmiyyətdən dəstək hiss olunmalıdır”.

Cavid İmamoğlu müsəlman cəmiyyətində baş verən intiharları belə şərh edib: “Azərbaycanda nə qədər insan Allaha tapınır ki, onun qadağasından da qorxsun? Bu gün cəmiyyətdə mənəvi boşluq var. İnsanlar dini baxımdan məlumatsızdır, islamı olduğu kimi yaşamır. Mənəvi boşluğa düşmək intihara meyl yaradır. Avropa cəmiyyətinə nəzər salsaq, kifayət qədər intihar faktı var. İnkişaf etmiş İsveç belə dünyada ən çox intihar faktının qeydə alındığı ölkədir. İnsanlar maddiyyatdan çox mənəvi tələbatın ödənilməsi marağındadır. Hansı inancla, nəyin eşqinə yaşadığını bilən adam dünyanı tərk etmək fikrinə düşməyəcək. Biz müsəlman cəmiyyətində yaşasaq da, insanların həyatında bu dəyərlər, mənəvi-əxlaqi keyfiyyətlər az müşahidə edilir”.

“Birlik.az” saytının baş redaktoru, şərqşünas Vüsal Hətəmov da insanları intihara sürükləyən əsas amilin mənəvi boşluq olduğunu düşünür: “Statistik göstəricilərə görə, 2020-ci ildə intihar hallarının sayı ildə yarım milyona çatacaq. İndi hər il dünyada 60 milyon insan intihara cəhd edir. Bu, əlbəttə ki, acınacaqlı haldır və insanların mənəvi rabitəsizliyi probleminə söykənir. İnsan biləndə ki, istənilən problemin arxasında dadına yetəcək varlıq var, həyatına qəsd etməz. İslam özünə qəsdi qadağan edir və haram bilir. “Quran”ın ayələrindən birində deyilir ki, bir nəfəri öldürən bütün bəşəriyyəti öldürmüş hesab olunur. Yəni bütün bəşəriyyətin günahı həmin kəsin üzərinə düşür. Ən böyük günah isə insanın Allahından ümidsiz qalmasıdır. Belə halda, dinimizə görə, Allah həmin şəxsə bədgüman adı verir.

Digər bir ayədə isə deyilir ki, Allah sizə bilmədiyiniz yerdən ruzi əta edər. Heç bir halda insan Allahdan naümid qalmamalıdır.

“Quran”da o da buyurulur ki, insanın bədəni Allah qarşısında əmanətidir. Yaşadığı dövrdə onun üçün bir sıra ibadətlər buyurulur, nəticəsi də cənnətdir. İntihar etmək isə Allahın bütün ibadətlərinə arxa çevirmək və nankorluqdur”.

Məhəmməd RZAYEV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button