İpək yolu minalanıb!

General Ramiz Zeynalovun diqqətinə!!!

Ramiz Zeynalovun DYP əməkdaşları Bakıdan Qazaxa qədər avtomobili ilə hərəkət edən «Azadlıq» Partiyasının sədri Əhməd Orucu canından bezdirib… Partiya sədri xüsusi olaraq bu hadisəni «Xural» üçün qələmə alıb…

Uzun müddət idi ki, rayona maşınla getmirdim. Lazım olanda  qatarla, hərdən isə avtobusla bu 500 km-lik səfərə çıxırdım. Qatarlara biletin olmaması, avtobusların gecə reyslərinin ləğv edilməsi və illərdir təmir olunan ipək yolunun hazır olmasını nəzərə alıb maşınla səfərə çıxdım.

Mən DYP işçilərinin Bakıda hansı pəsdahlardan çıxdığını görmüşdüm və hər dəfə bu eybəcərliklərə qarşı öz münasibətimi bildirmişdim. İpək yolunda DYP əməkdaşlarının hoqqaları isə tamam  ayrı  bir  «yaradıcılıq» sahəsidir.  Yolboyu hər 3-5 km-dən bir  hər maşının, ağacın arxasından, eşşək arabasından, yol kənarındakı tualetlərdən, bağlardan, evlərdən bir kameranı yola tuşlayıblar. Hər 10-15 km-dən bir kamera sahibləri yolun sağ-solu boyu gestapo əsgərləri kimi düzülüblər. Bunların millətə münasibətləri faşistlərdən fərqlənməsə də, bədən quruluşları (hamısı kökəlib), əllərindəki silahlar (bunlarda avtomat yerinə ikirəngli bir zopa var), pulap münasibətləri fərqlidir (sürücüdən pulu alan kimi sifətləri dəyişir, bayaqkı qanun keşikçisi, sərt sifətli alman göz önündəcə dönüb olur Əli, Məmməd, Hacıbala və nə bilim kim). Maşın dayanan kimi  «sənədləri ver, radara düşübsən», «nə radar, harada düşmüşəm, radara düşmüşəm, göndər yaşadığım ünvana» dialoqunun ardından «ümumi nəzarət qaydasında yoxlama hüququ, yerində cərimələmə, maşın cərimə meydançasına gedəcək!» kimi hüquq və hədələmələr və sonda protokol yazmaqla hədə. Başa düşmək olmur, bu adamlar yolu tənzimləmək üçün yoldadırlar, yoxsa sürücüləri cəzalandırmaq üçün, şərləmək üçün,  hərənin min-bir zəhmətə ailəsi-övladı üçün qazandığı bir tikə çörəyi əlindən almaq üçün?! Yolda ən çox hərəkət edən yük maşınlarının hər postda haqları var, maşını söndürmədən saxlayır, düşür, DYP əməkdaşı ilə «salamlaşır» və yoluna davam edir. Rayonlara işləyən avtobuslar aylıq haqq verir və onları artıq heç bir postda saxlamırlar.

Hər postda içəri girən kimi bir neçə nəfərin kompüter arxasında oturub maşınların şəkillərini mantaj elədiklərini görürsən. Bu yerlərdə polisinin istifadə etdiyi əsas fənd «yaşayış məntəqələrində sürət məhdudiyyəti» fəndidir. Polis sənə kompüter ekranında öz maşınının tikililərin qarşısından keçərkən  və sürətin çox olduğu qeyd olunmuş şəklini göstərir. Çox vaxt bu tikili yaşayış məntəqəsi statusu olmayan, heç bir yoltənzimləyici işarəsi olmayan restoranların, tək tikililərin fonunda çəkilir və ya mantaj edilir.

Bu ölkədə hər bir yol polisi əməkdaşının gündəlik haqqı olduğunu, bu pulların üzü yuxarı ölkə rəhbərliyi üçün toparlandığını hamı bilir. Millətin böyük bir qismi büna artıq öyrəşib və «onların da işi budur, axşama plan verməlidirlər» kimi yol polisinə haqq qazandıranlar da olur. Bəziləri yolda verdiyi pulu sadağa hesab edir, bəziləri ölkə başçısına kömək və s.

Gürcüstanda yol polisi ləğv olunub, bir dənə də olsun DYP postu yoxdur. Azərbaycanda isə postların, polislərin, DYP maşınlarının sayı artır, yollar boyu sanki «canlı minalar» düzülüb, bir postdan, ikincidən, üçüncüdən keçsən də, mənzil başına çatana qədər haradasa ilişməlisən. Gürcüstanda ölkə rəhbərliyi öz vətəndaşlarının rifahına, bizdəkilər isə vtəndaşların diz çökdürülməsinə çalışır.

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button