İqbal Ağazadənin yazısı

samir-kazimliSamir Kazımlı

Ümid partiyasının sədri, deputat və “125-lər” Siyasi Klubunun təsisçilərindən (əslində isə sahibi) olan İqbal Ağazadənin “Siyasi məhbus olsaydım…” adlı yazısını oxudum. Öncə onu deyim ki, cənab Ağazadə bu yazısı ilə özünü sanki 2003-cü ilin İsa Qəmbəri olduğunu göstərmək istəyib. Yəni cənab Ağazadə özü barədə təəssürat yaratmağa çalışır ki, Azərbaycanda demokratik, azad və ədalətli cəmiyyətin qurulması uğrunda aparılan mübarizənin lideridir və insanların da ondan gözləntiləri var. Məlum bəyanata imza atdığına görə sosial şəbəkələrdə cənab Ağazadəni və onun siyasi təşkilatlarını tənqid edən şəxslərin xeylisini şəxsən tanıyıram. Və bilirəm ki, o insanların cənab Ağazadədən siyasi lider kimi heç bir gözləntisi yoxdur. Məsələ başqadır. Cənab Ağazadə tərəfindən yaradılan və onun nəzarətində olan “125-lər” Siyasi Klubu bir müddət öncə vicdan məhbusu, peşəkar hüquqşünas və gözəl insan olan İntiqam Əliyevlə bağlı kampaniyalar aparırdı, yazı müsabiqələri elan edirdi və mükafat verirdi. O vaxt bunun imitasiya olduğunu çoxu anlayırdı və bu imitasiyanın arxasında cənab Ağazadə gizlənirdi. Zaman çox gözlətmədi, həqiqəti üzə çıxardı və cənab Ağazadə siyasi məhbusları cinayətkar hesab edən bəyanata imza atdı. Bir daha sübut olundu ki, İntiqam Əliyevlə bağlı aparılan həmin kampaniya səmimi deyilmiş. Əslində siyasi baxımdan özü-özünü ifşa etdiyi üçün cənab Ağazadəyə təşəkkür düşür. Ümid sədri yazısında siyasi məhbusları cinayətkar hesab edən bəyanata niyə imza atmasına tutarlı izahat verə bilməyib. O, həmin yazıda özünü daha çox politoloq kimi göstərib. Cənab Ağazadə, bizə sizin politoloqluğunuz lazım idi? İnsanlar sizdən məlum bəyanata niyə imza atdığınızı soruşmuşdular axı. Siz isə o yazı ilə sanki rəhmətlik politoloq Vəfa müəllimin peşəsini mənimsəməklə məşğul olmusunuz. Yazınızda Rusiyanın ölkəmiz üçün təhlükə olduğunu qeyd etmisiniz. Bu isə təzə xəbər deyil. Hesab edirsiniz ki, Qərbdə Azərbaycandakı siyasi məhbusların azadlığını istəyənlərin arasında Azərbaycanı sevməyənlər var. Ola bilər. Amma bu, sizə əsas verirmi ki, siyasi məhbusları cinayətkar hesab edən bəyanata imza atasınız? Siz Azərbaycanı sevməyən qüvvələrlə mübarizə aparmaq üçün ölkəmizdəki siyasi məhbusları, heç bir günahı olmayaraq həbsə atılan insanları cinayətkar hesab etməlisiniz? Sizin üçün dövləti müdafiə etmək günahsız yerə həbsə atılan insanları cinayətkar hesab etməkdir? Yazınızda “Mən siyasi məhbus olsaydım, beynəlxalq strukturlara bir müraciət göndərərdim – mənim haqqım üzərindən millətimin və dövlətimin haqqına girməyin” kimi siyasi məhbuslara qınaq olan fikirlər də işlətmisiniz. Siz də vaxtilə günahsız yerə həbsə atılmısınız və siyasi məhbus olmusunuz. Amma sizdən fərqli olaraq, hazırda siyasi məhbus həyatı yaşayan şəxslərin bayıra bir kağız parçası göndərmək imkanları əllərindən alınıb. Hazırkı siyasi məhbuslardan fərqli olaraq siz siyasi məhbus olarkən həbsxanaya plastik qapı və pəncərə keçirə bilirdiniz. Və buna görə o vaxt sizin saxlanıldığınız cəzaçəkmə müəssisəsinin rəisi Mahir Əliyevin işdən çıxarıldığını da bilirəm. Deməyim odur ki, siz özünüzü indiki siyasi məhbusların yerinə qoymağa çalışmayın… Həm də ona görə ki, onlar o zaman sizin cinayətkar olmağınız barədə sənədə imza atmayıblar!

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button