İqbal Ağazadə mitinqə dəstək üçün müraciət etdi: “Talış, ləzgi, tat, yəhudi, avar, saxur, kürd, ingiloy, buduğ, rus, qrız qardaş və bacılarım!”

“Ümid” Partiyasının sədri, Qarabağ Komitəsinin üzvü İqbal Ağazadə 29 sentyabrda Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılaraq keçiriləcək mitinqə dəstək mesajı yayınlayıb. Xural.com İqbal Ağazadənin mesajını təqdim edir:

“Əziz bacı və qardaşlarım!

29 sentyabr saat 15.00-da “Məhsul” stadionunda Qarabağa dəstək adlı mitinq keçirilir. İcra Hakimiyyəti ilə mitinq rəsmən razılaşdırıldı. Təşkilatçıların kim olmasından, onların mövqeyini və siyasi kursunu bəyənib bəyənməməyimizdən asılı olmayaraq hər bir vətəndaş Qarabağ adına orada olmalıdır. Bu, bizim vətəndaşlıq borcumuzdur. Dünyaya, Ermənistana, Qarabağ adı ilə spekulyasiya edən xarici təşkilatlara xalq olaraq bu torpaqlar uğrunda ölməyə belə hazır olduğumuzu nümayiş etdirməliyik.

İqtidar mənsublarına, Yeni Azərbaycan Partiyasına müraciət edirəm. Bütün gücünüzlə bu mitinqin möhtəşəm olmasına çalışın. Süni maneələr, əngəllər törətmək istəyənlərə çağırış edin, göstəriş verin ki, mitinqin izdihamlı olmasına şərait yaratsınlar.

Siyasi partiyalara, ictimai təşkilatlara səslənirəm. Bir-birimizi sevməyə bilərik, hətta siyasi müttəfiq olmaya bilərik. Lakin Qarabağ naminə hər bir üzvünüzü, təəssübkeşinizi bu mitinqə israrla dəvət etməyə borclusunuz.

Qaçqın və məcburi köçkünlərə üzümü tuturam. Cəmi 2 saat o torpaq üçün meydanda birlik nümayiş etdirək. Harada yaşamağımızdan, yolumuzun uzaq olmasından, maddi vəziyyətimizin çətinliyindən asılı olmayaraq, mütləq o saatda müqəddəslərimizin ruhu naminə birlikdə olmalıyıq.

Qazi qardaşlarıma, müharibə iştirakçılarına səslənirəm. Bir də toparlanaq. Hər kəsə sübut edək ki, biz yenə döyüşməyə hazırıq. Gənclərə, tələbələrə müraciət edirəm. Gəlin, Qarabağ üçün birlikdə millət olaraq çiyin-çiyinə dayanaq. Hər kəsə bu torpaq üçün canını verməyə hazır olan yeni, daha mübariz nəslin yetişdiyini bir daha nümayiş etdirək.

Ağbirçəklərimizi, ağsaqqallarımızı ön sırada dayanmağa, hamıya nümunə olmağa çağırıram. Dindar qardaş və bacılarıma müraciət edirəm. Vətən üçün döyüşmək, birlik nümayiş etdirmək imandandır. İmanımız, Qarabağımız üçüm meydanda olaq.

Talış, ləzgi, tat, yəhudi, avar, saxur, kürd, ingiloy, buduğ, rus, qrız qardaş və bacılarım. Həmişə bu vətən üçün bir döyüşüb, bir sevinib, bir kədərlənmişik. Birliyimiz sarsılmazdır. Bunu bir daha hər kəsə nümayiş etdirək.

Hansı mətbuat orqanında çalışmasından asılı olmayaraq, üzümü bütün jurnalistlərə tuturam. Qarabağ üçün yazın, çağırış edin və meydana gəlin. Qarabağın hamımıza ehtiyacı var.

Milli Məclisin deputatlarına səslənirəm. Sizlər o meydanda Qarabağ üçün xalqla birlikdə olun. Bu ən böyük xidmət və Qarabağı müdafiədir.

Həkimlərə, müəllimlərə, təqaüdçülərə, məktəblilərə, valideynlərə, sənət adamlarına – aktyorlara, aktrisalara, müğənnilərə, rəssamlara, heykəltaraşlara, bütün peşə sahiblərinə, bir sözlə, hər bir Azərbaycan vətəndaşına israrla, təkidlə, xahişlə müraciət edirəm. Bu, bizim milli birlik üçün ən böyük fürsətimiz, imkanımızdır. Heç kim bundan siyasi məqsəd üçün istifadə etməyəcək. Tək məqsəd dünyaya və Ermənistana bu xalqın Qarabağ üçün əl-ələ, çiyin-çiyinə dayana biləcəyini nümayiş etdirməkdir. Nə hava şəraiti, nə işimizin çoxluğu, nə imkansızlıq bizi bu birliyi nümayiş etdirməkdən çəkindirməməlidir. Hamımız Qarabağ naminə, Azərbaycanın birliyi və bütövlüyü naminə sevgi və hörmətlə yanaşı dayanmağa, bu ölkəni necə sevdiyimizi birlikdə nümayiş etdirməyə borcluyuq. Borcumuzu ödəmək zamanıdır!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button