İqbal Ağazadə: “Ya hakimiyyətdən gedəcəklər, ya da…”

“Ya normal bir məcraya keçid edəcəyik, ya da çox böyük kataklizmlər olacaq. Normal məcraya keçmək üçün hakimiyyət ciddi addımlar atmalı, barış və dialoqun hakim olması üçün sistemli xətt yürütməlidir. Bununla da cəmiyyət qarşıdurma əhval-ruhiyyəsində olmamalıdır. Bunlar edilməyəcəksə, baş verən hadisələr, daxili qaynamalar, xarici təzyiqlər ölkəni yaxşı olmayan məcraya yönəldəcək. Siyasi məhbuslar azad edilməli, siyasi təşkilatlarla gerçək və səmimi dialoqa başlanmalı, demokratik açılımın yeni mərhələsinə qədəm qoyulmalıdır. İqtisadi-sosial sferada sistemli addımlar atılmalı, yaxşı gələcək, demokratik seçki barədə cəmiyyətə mesajlar verilməlidir. Beləliklə də, siyasi institutlar, cəmiyyət, xaricdən gələn təzyiqlər səngiməli, hər kəs dövlətin yanında birlik nümayiş etdirməlidir”.

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-də canlı yayımda qonaq olarkən deyib. Bildirib ki, hakimiyyət ya vəziyyətin çətinliyini qəbul etmək istəmir, ya da hesab edir ki, bu vəziyyətdən də öncəki dönəmlərdəki kimi basqı və təzyiqlərlə çıxacaq: “Amma dünya dəyişir, idarəetmə fəlsəfəsinə baxışlar dəyişir, bu sistemə uyanlar hakimiyyətdə qalacaqlar. Uymayanlar ya normal şəkildə gedəcək, ya da özləri və cəmiyyət üçün təhlükə yaradacaqlar. Təəssüf ki, bugünkü vəziyyət belədir”.

“Azərbaycanda şəxslər yox, sistem dəyişməlidir”, – deyən İ.Ağazadə bildirib ki, əgər bu sistemi Ramiz Mehdiyev qurubsa, 20 il öncə ondan imtina edilməli idi: “2008-ci ildə ölkədə iqtisadiyyatın ən yaxşı vaxtları idi. Təkcə bir ilə 48 milyard manat neftdən gəlir gəlmişdi. O zaman islahatlar aparılmalıydı, sistem dəyişməliydi. Edilməyibsə və indi edilirsə, o zaman cəmiyyətə, müxalifətə açıq olmalı, siyasi məhbusları azad etməli, azad seçki keçirməli, insanların sosial vəziyyətini düzəltməlisiniz. O zaman cəmiyyət sizə inanar və yanınızda dayanar”.

İqbal Ağazadə milyardlar oğurlayan məmurlardan danışarkən maraqlı bir müqayisə aparıb: “Bir ailə günə 10 min manat xərcləsə, 10 ilə 3 milyon 600 min, 100 ilə 360 milyon, 300 ilə isə 1 milyard edir. Siz ala qarğasınızmı 300 il yaşayasınız? Bu qədər pul nəyinizə gərəkdir?”

Partiya sədri prezidentin keçmiş köməkçisi Əli Həsənov haqqında verilən suala belə cavab verib: “Əli Həsənov vəzifədə olanda bir müsahibəsində demişdi ki, mən fəxr edirəm, ailəm bizneslə məşğuldur, böyük biznes şəbəkəsinə rəhbərlik edirəm. Bu gün isə heç bir biznes sahəsinin olmadığını deyir. Biz isə bilirik, “Kaspi”, neçə-neçə məktəblər, liseylər, Azərbaycan Nəşriyyatı, Xəzər Televiziyası və s. Əli Həsənovun idi. Həm də Xəzər TV-ni zorla alıb oğluna vermişdi. Necə almışdısa, elə də qaytardı. Baxın, insan doğulanda bir ağa bükülürsə, öləndə də uzağı o ağı aparır, başqa heç nə. Adamların məzar daşına nə qədər rüşvət aldığı, hansı yeməyi yediyi yazılmır. Ya rəhmət aparır, ya lənət”.

Ümid lideri Tofiq Yaqublunun qanunsuz həbsindən danışarkən bu sözləri deyib: “Hakimiyyət Tofiq Yaqublunu həbsdən buraxmalıdır. Bir ssenari yazıb adamı 4 il 3 ay həbs ediblər. Hətta tutaq ki, Tofiq Yaqublu cinayət törədib, kiminləsə dalaşıb və ya yol qəzası törədib. Buna görə adama 4 il 3 ay iş verərlər? Bu ölkədə adam öldürüb həbs olunmayan adamlar var. Siz bununla barış, dialoq yaratmaq istəyirsiniz?”

Sözügedən verilişi sizə təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button