İqbal Ağazadənin tarixi ifadəsi-2003-cü ildə nələr oldu?

İqbal Ağazadə ifadə verdi

 

Daxili işlər nazirinin müavini Oruc Zalov “Bandotdel” əməkdaşlarına “onu ayaq üstdə yox, yerə yıxıb döyün” deyirmiş

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə əsassız ittihamlarla həbsdə saxlanılan müxalifət liderlərinin məhkəməsi davam etdirildi.

İclasda ilk mübahisə bayırda toplaşan insanların zala buraxılmaması ilə bağlı yarandı. Liderlər hüquq müdafiəçisi Leyla Yunus da daxil olmaqla, çox sayda ictimaiyyət nümayəndələrinin məhkəməyə buraxılmadığını bildirdlər və hakim Mənsur İbayevdən bunun səbəbini soruşdular. Yarım saata yaxın mübahisədən sonra nəhayət ki, Leyla xanım və daha dörd nəfər zala buraxıldılar. Digər şəxslər isə yenə də prosesi izləməkdən məhrum edildilər.

 

         Müdafiə tərəfinin şahidlərinin müəyyən qisminin dindirilməsi barədə qərar qəbul edildi.

 

Sonrakı mübahisələr müdafiə tərəfinin şahidlərinin dindirilməsi məsələsi ilə bağlı oldu. Hakim İbayev yenə də əvvəl liderlərin ifadə verməsini, sonra şahidlərlə bağlı məsələnin həll olunmasını istədi. Lakin liderlər bildirdilər ki, əvvəlcə şahidlərlə bağlı qərar qəbul olunmalıdır. On-on beş dəqiqə də bununla bağlı mübahisəyə sərf olundu. İbayev nəhayət razılaşdı ki, müdafiə tərəfinin şahidləri qismən dindirilsin.

P.Hüseyn: “Bu qismən nə deməkdir?”

M.İbayev: “Məsələn, orada elə şahidlər var ki, bizə də lazım deyil, sizə də lazım deyil”.

S.Cəlaloğlu: “Sizin ixtiyarınız yoxdur ki, qabaqcadan sübutlara qiymət verəsiniz. Siz nə bilirsiniz ki, mənim şahidim mənə lazımdır, yay yox?”

P.Hüseyn: “Mənsur müəllim, bizim siyahılarda 1000 nəfərə yaxın şahidin adı var. Sizdən də tələbimiz budur ki, bu şahidlərin içərisindən optimal say müəyyənləşdirəsiniz və qərar qəbul edəsiniz. İttiham tərəfinin 55 nəfər şahidi varsa, Avropa Konvensiyasının tələblərinə görə, bizim də bu sayda şahid çağırmaq hüququmuz var. İndi siz deyirsiniz ki, biz müzakirə edək, konkret adlar üzrə siyahı müəyyənləşdirək. Bəlkə biz çağırdıq, məlum oldu ki, o siyahıdan on nəfəri ölkədə deyil, on beş nəfəri xəstədir, on beş nəfəri çıxıb işinin arxasınca gedib, onda nə olsun? Siz zəhmət çəkin, bizim siyahımıza uyğun optimal say müəyyənləşdirin, qərar qəbul edin, bu iş bitsin”.

Mənsur İbayev axır ki, müdafiə tərəfininin şahidlərinin dindirilməsi ilə bağlı qərar qəbul etdi. Həmin qərara görə, şahidlərin müəyyən qismi dindiriləcək.

         İqbal Ağazadə ifadə verdi:

Bundan sonra Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məhkəməyə sərbəst ifadə verdi. O, barəsində qaldırılan cinayət işi üzrə özünü təqsirli bilmədiyini dedi. İ.Ağazadə qeyd etdi ki, qondarma ittihamlar və saxta şahid ifadələri ilə cinayət məsuliyyətinə cəlb olunması mövcud Azərbaycan iqtidarına qarşı sədri olduğu Ümid Partiyasının və millət vəkili kimi özünün apardığı siyasi xətt, müxtəlif çıxışları, haqsızlığa qarşı barışmazlığı, demokratik təsisatların bərqərar olması, şəffaf və demokratik seçkilər keçirilməsi naminə apardığı mübarizə ilə bilavasitə bağlıdır.

         “220-ci maddə Cinayət Məcəlləsinə müxalifətçilər üçün salınıb”

Millət vəkili ilk növbədə CM-in 220.1 və 315.2-ci maddələrin mahiyyəti, onların hazırda təqsirləndirilən tətbiq olunmasının hüquqiliyi ilə bağlı danışdı. O, istər bu maddələrin hakim komanda tərəfindən sifarişlə CM-ə salınmasını, istərsə də həmin maddələrin liderlərə tətbiq olunmasının absurdluğunu ətraflı şəkildə və çox dəyərli arqumentlərlə əsaslandırdı. Qeyd etdi ki, konkret olaraq 220-ci maddədə sadalanan hər bir qanunsuz hərəkət – zorakılıq, əmlakının məhv edilməsi, hakimiyyət nümayəndəsinə müqavimət, oğurluq və talan, nəqliyyat vasitələrini və yolları dağıtma kimi əməllərə görə CM-in ayrı-ayrı maddələri ilə tövsif olunur və cəza nəzərdə tutur: “Avropa Şurasının üzvü olan, özünün siyasi kursunda demokratik prinsipləri əsas xətt kimi qəbul etdiyini bəyan edən heç bir ölkənin CM-də kütləvi iğtişaşla bağlı maddə yoxdur. Bu Azərbaycanın mövcud hakimiyyətini öz siyasi rəqiblərini sıradan çıxarmaq, onların qanuni tələblərini əngəlləmək və daha ağır maddələrlə ittiham etmək üçün CM-ə əlavə etdiyi xüsusi maddədir, hesab edirəm ki, bu maddə məhz müxalifət üçün nəzərdə tutulub, gec-tez demokratik qüvvələrin hakimiyyət başına gəlməsi, bu maddəni CM-dən bütünlükdə çıxaracaq”.

İqbal bəy 220-ci maddə Cinayət Məcəlləsi qəbul olunan gündən bu vaxta qədər yalnız üç dəfə – 2001-ci ildə Qarabağ qazilərinə, 2002-ci ildə nardaranlılara, 2003-cü ildə isə müxalifət nümayəndələrinə tətbiq olunmasının da təsadüfi olmadığını dedi. Ümid Partiyasının sədri hakmiyyətin 220-ci maddənin tətbiqində maraqlı olması səbəblərinə də aydınlıq gətirdi. O bildirdi ki, bu maddəni tətbiq etməklə rejim öz rəqiblərini daha ağır cəzaya məruz qoymaq, bununla da onları siyasi səhnədən uzaqlaşdırmaq məqsədi güdür.

 

“Hakimiyyətin xalqı Azadlıq meydanına gətirmək planı mövcud olub”

 

İ.Ağazadə daha sonra 16 oktyabrda baş verən hadisələrin mahiyyəti ilə bağlı danışdı. O, “Bizim Azərbaycan” Blokunun 16 oktyabrda Xalçaçılıq muzeyi qarşısında keçirdiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsinin heç bir əsası olmadığını vurğuladı. Fikrini həm qanunun və Konstitusiyanın mitinqə “yox” cavabı verilməsini qadağan etməsi ilə, həm də Xalçaçılıq muzeyi qarşısında YAP-ın təbliğat mitinqinin keçirilməsi faktının mövcudluğu ilə əsaslandıran İqbal bəy BŞİH-in mitinq təşkilatçılarına rəsmi məlumat verməməsini də qanunsuzluq kimi dəyərləndirdi: “İcra Hakimiyyəti, hətta mitinqə icazə verməsəydi belə – hərçənd ki, bu addımın özü qanunsuzdur – rəsmi məktuba cavab verməli, həmin şəxslərə məktubun alınması ilə bağlı sənəd imzalandırılmalı idi. Lakin ortada belə bir sənəd yoxdur.

Digər tərəfdən, ictimai asayişi qorumağa borclu olan Bakı Şəhər Baş Polis İdarəsi mitinq üçün müraciət etmiş şəxsləri dəvət etməli, onlarla söhbət aparmalı, mitinqin keçirilməsinin qarşısını almaq üçün danışıqlardan istifadə etməli idi. BŞBPİ və ya hüquq mühafizə orqanlarının heç bir qolu belə bir təşəbbüsdə bulunmayb. Millət vəkili mitinqin təşkilatçıları ilə hər hansı danışıq aparılmadığı, ortada heç bir rəsmi məktub olmadığı halda informasiya kanallarında BŞİH-in guya “Qələbə” kinoteatrının qarşısında mitinq keçirməyə icazə verdiyi haqda informasiyalar səsləndirilməsinin də təsadüfi olmadığını vurğuladı: “Hakimiyyət vahid mərkəzdən idarə olunan seçkinin saxtalaşdırılmasına əsaslanan plan çərçivəsində hərəkət edirdi. 16 oktyabr 2000-ci ildə hakimiyyətin yuxarı eşalonu seçki saxtakarlığından və hakimiyyətin mənimsənilməsi faktından diqqəti yayındırmaq üçün xalqın dinc aksiyasına qarşı basqın həyata keçirib, nümayişçilərə qarşı xüsusi amansızlıqla güc tətbiq edərək, onları radikallaşdırıb, bəzi hallarda isə xüsusi təxribatçı qruplar vasitəsi ilə dinc mitinqçiləri güc nümayişinə məcbur edib. Xalçaçılıq Muzeyinin qarşısında əlinda heç bir predmeti olmayan, yalnız şüarlar deyən xalqı polisin üstünə qaldırmaqda məqsəd nə idi? İş materiallarında olan kassetlərdən də aydın görünür ki, xalq Xalçaçılıq muzeyinin qarşısına heç bir xüsusi hazırlıq olmadan toplaşıb. Onların əlində heç bir vasitə yoxdur. Əgər diqqət etsək, görərik ki, güc strukturları mitinq təyin olunan yerə, Xalçaçılıq muzeyinin ətrafına çox azsaylı qüvvə toplaşmışdı. Məntiq etibarilə, mitinqin qarşısını almaq istəyən hökumət nümayəndələri əsas qüvvələrini məhz bu ərazidə cəmləməli idi. Əgər iddia edirlərsə ki, bu dinc mitinq yox, iğtişaş və ya hökuməti ələ almaq və ya seçkini öz namizədlərinin xeyrinə dəyişmək idi, onda hər şey MSK-ya basqına hesablanmış addım olmalı idi. Hakimiyyət nümayəndələri çox gözəl bilirdilər ki, mitinqi təşkil edənlərin və iştirakçıların belə bir niyyəti yoxdur. Lakin onu da anlayırdılar ki, saxtakarlıq edib, hakimiyyəti zəbt etmək faktına qarşı bütün xalq ayağa qalxacaq, dinc mitinqçilər təxribata çəkilməsə, repressiya maşını iş düşməsə, öz namizədlərini prezident kürsüsündə əyləşdirə bilməyəcəklər. Buna görə də əvvəlcədən bəlli plan hazırladılar ki, Xalçaçılıq muzeyi qarşısına çox az polis toplanır, mitinqçilərin üzərinə basqın edilir, sonra polis qüvvələri düz Azadlıq meydanına qədər qaçır. Onları qovan mitinqçilər yol boyu bəzi ictimai binalara, maşınlara xəsarət yetirilər. Bir fakt da çox diqqət çəkəndir. Daxili qoşun əsgərləri və xüsusi təyinatlı qüvvələr əvvəlcədən Azadlıq meydanına yaxın yerdə gözləmə mövqeyi tutmuşlar.

 

“16 oktyabr hadisələrinin məsuliyyəti Hacıbala Abutalıbovun, ona mitinqi qadağan etmək göstərişi verənlərin və hüquq-mühafizə orqanlarının üzərindədir”

 

İqbal bəy qeyd etdi ki, hakimiyyət əvvəlcədən xalqın Azadlıq meydanına gətirilməsi planına malik olub. Həm bu, həm də digər təxribatlar xalqı polislə qarşıdurmaya çəkmək məqsədi daşıyıb. Bu fikirlərini də konkret faktlarla əsaslandıran İ.Ağazadə bildirdi ki, 16 oktyabr hadisələrinin məsuliyyəti müxalifətin qanuni mitinq tələbinə icazə verməyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun, ona göstəriş verən daha yuxarı dairələrin və mitinqçilərə qarşı qeyri-adekvat güc tətbiq edən hüquq mühafizə orqanlarının üzərindədir.

İ.Ağazadə öz ifadəsində prokurorluğun hadisələrin mahiyyətini nə üçün şişirtməsi səbəblərinə də toxundu. O, faktlara istinadən qeyd etdi ki, hələ seçkidən əvvəl hakimiyyət nümayəndələri seçkidən sonra diqqəti saxtakarlıqdan yayındırmaq üçün çeşidli ssenarilər cızıb, bir qrup şəxsi, o cümlədən də onu ittiham etmək üçün baza hazırlayırmış. 16 oktyabrda YAP-çı millət vəkillərinin onun deputat toxunulmazlığı ilə bağlı məsələ qaldırmasının da bu ssenariyə daxil olduğunu vurğulayan İ.Ağazadə sual etdi: “YAP-dan olan millət vəkilləri hadisələr tədqiq olunmamış, mənim nə dərəcədə bu hadisələrdə iştirak etməm aydınlaşdırılmamış deputat toxunulmazlığımın götürülüb cinayət məsuliyyətinə cəlb olunmağımı hansı məntiqlə tələb edir və eyni zamanda Milli Məclisin fövqəladə sessiyasını çağırırdılar? Axı respublikanın baş prokuroru Milli Məclisə deputat toxunulmazlığımın aradan qaldırılması üçün təqdimatı 17 oktyabr tarixində ünvanlayıb. Məqsəd aydındır. Siyasi hakimiyyət bu hadisələrdən sonra kimləri həbs edəcəyini əvvəlcədən bilib, buna görə də YAP-dan olan deputatlar siyasi hakimiyyətin iradəsinə uyğun olaraq prokurorluğun təqdimatın gözləmədən fövqəladə sessiyanı çağırıblar. Baş Prokurorluq isə əlində heç bir əsas olmadan siyasi hakimiyyətin iradəsi ilə yalnız sessiyanın cağırılması haqqında qərar verildikdən sonra təqdimatla çıxış edib. Elə həmin gün – yəni 16 oktyabr 2003-cü il tarixdə Rusiyanın Azərbaycandakı səfiri Ryabov Az.TV-də efirə gedən “Xəbərlər” proqramında çıxış edərək məni bu hadisələrin təşkilatçısı hesab edib, ünvanıma müxtəlif təhqirlər söyləyib. Bu faktın özü sübut edir ki, hakimiyyət bunun üçün bütün imkanları işə salıb, əvvəlcədən barəmdə qəti qərar verib, prokurorsa, sadəcə siyasi oyunlara qatılaraq bu işin icrasını tələb edib”.

 

“16 oktyabr hadisələrini törədən səbəb seçki saxtakarlığıdır”

 

İqbal bəy 16 oktyabr hadisələrini törədən səbəbin seçki saxtakarlığı  olduğunu dedi və qeyd etdi ki, seçki saxtakarlığını MSK 694 məntəqədə seçkinin nəticələrini ləğv etməklə təsdiqləyib: “Amma bu saxtakarlığı və ya qanun pozuntusunu həyata keçirən və nəticədə 694 məntəqədə seçkinin nəticələrinin ləğvinə gətirib çıxaran cinayətə görə bir nəfər də cinayət məsuliyyətinə cəlb olunmayıb. 16 oktyabr hadisələrinin törədilməsində səbəb seçki saxtakarlığı idisə, ona şəraiti qeyri-qanuni olaraq müxalifət partiyalarına sərbəst toplaşma hüququnu məhdudlaşdırdığına görə BŞİH yaratmışdı”.

 

Zakir Qaralov cinayət edərək İqbal Agazadənin həbsi üçün heç bir əsas olmadan Milli Məclisə təqdimat göndərib

 

İ.Ağazadə baş prokuror  Zakir Qaralovun onun həbsi ilə bağlı təqdimatını da diqqətə çatdırdı. Qeyd edək ki, həmin sənəddə Qaralov İqbal bəyin cinayətdə iştirakını təsdiqləyən kifayət qədər sübutun olduğunu iddia edir. Amma iş materialları bunun tamam əksini deyir: “İş materialarında göstərilir ki, 17 oktyabr saat 20:05 – 20:50 dəqiqədə BŞBPİ-nin əməkdaşı Kazımov Mahmud Mirzəağa oğlu müstəntinq Müstəcəb Əliyevə ifadə verərək məni meydanda gördüyünü bildirib. Lakin elə həmin tarixdə və həmin dəqiqələrdə Müstəcəb Əliyev məni dindirirdi. Demək, bu şahid ifadəsi qanun pozuntusu ilə rəsmiləşdirilib və mənim saxlanılmağım, deputat toxunulmazlığımın götürülməsi üçün əsas ola bilməzdi. Digər şahid Məmmədov Müşfiq də 17 oktyabr saat 21:10 (bitmə vaxtı yoxdur) dəqiqədə müstəntiq Qasımov Nurəddin tərəfindən dindirilib, həmin vaxtda isə mənim deputat toxunulmazlığım baş prokurorun təqdimatı əsasında ləğv olunmuş, mən isə həbs olunaraq ifadə vermiş, Nəsimi rayon məhkəməsi isə barəmdə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Demək, bu şahid ifadəsi da həbsim üçün əsas ola bilməzdi. Başqa bir şahid Qocayev Şahin Məhəmməd oğlu 16 oktyabr, saat 18:43 – 20:30 dəqiqələrində dindirilib və mənim əleyhimə ifadə verib. Lakin o, Rəşid Məhərrəmlinin sədrliyi ilə keçən məhkəmə iclasında sərbəst ifadə verərək bildirib kl, 16 oktyabr 2003-cü ildə o tam fərqli məzmunda ifadə verib, bu ifadədə heç kimi günahlandırmayıb, lakin müstəntiq 17 oktyabrda həmin ifadəni qəbul etməyərək, axşam radələrində ondan hədə-qorxu, fiziki təzyiq, şəxsiyyyətin və ləyaqətin alçaldılması üsulu ilə yenidən ifadə alaraq, onu 16 oktyabr tarixinə saxtalaşdırıb. Lakin bu məhkəmədə o, yenidən ifadəsindən imtina etdi.”

       

  İqbal Ağazadə “bandotdel” dəhşətlərini açıqlayır

 

İ.Ağazada 17 oktyabrda KİV-ə bir neçə müsahibə verərək, istənilən an istintaqa gedə biləcəyini söylədiyi haqda da məhkəməyə məlumat verdi. Qeyd etdi ki, buna baxmayaraq, Respublika Prokuorluğu qaldırdığı cinayət işi üzrə heç bir bildiriş, çağırış vərəqəsi, teleqramm, telefonoqram, faksoqram göndərməyib, əvəzində DİN MCMİ onun evinə basqın edib. Millət vəkilinin ifadəsinin ən təsirli epizodu da MCQMİ-də başına gətirilənlərlə bağlı idi: “17 Oktyabr saat 16 radələrində 100-ə yaxın maskalı, avtomat silahlarla silahlanmış MCMİ əməkdaşları heç bir əsas olmadan, boyük kobudluqla avtomat silahlardan atəş açmaqla, söyüş-təhqirlə həyətimin hasarının üzərinə qalxıb, evimə basqın etdilər. Onlar qapını zorakılıq yolu ilə açdılar, azyaşlı ailə üzvlərimin, yaşlıların olmasına baxmayaraq, avtomat silahlardan atəş açaraq həyətdə olan hər kəsi yerə uzatdılar və heç bir sorğu-sual etmədən döyməyə başladılar. Jurnalistlər Mahir Məmmədli, Aqil Camal, Şahbaz Xuduoğlu, qaynatam, qardaşım, bacımın həyat yoldaşı, əmimoğlu, digər qohumlarm, əlində qanuni order olmasına və onu təqdim etməsinə baxmayaraq, vəkilim Mübariz Qarayev vəhşicəsinə döyüldülər və maşına əyləşəndən sonra da bu proses davam etdi. Yol boyu təhqirlər, fiziki işgəncələr, zərbələr MCMİ-nin Elxan adlı əməkdaşı tərəfindən həyata keçirilirdi. Mənim ona cavab vermək imkanımın olmamasına baxmayaraq, cəhd edən kimi avtomat üzərimə qaldırıb, məni və maşında olan digər qohumlarımı güllələməklə hədələyirdi. MCMİ-nin binasına az qalmış bu idarənin rəhbərlərindən kimsə Elxana telefon açdı və ona müəyyən təlimat verdi. Bundan sonra Elxan digər maşınlarda olanlara telefonla təlimat verdi və amansız davranmağı, maşınlardakıları məhv etməyi tapşırdı. Biz MCMİ-nin həyətinə gətiriləndə birinci olaraq maşından mən düşürüldüm və dərhal maskalı şəxslərin fasiləsiz dəyənək zərbələrinə, təhqirlərinə, söyüşlərinə, şəxsiyyətimi və ləyaqətimi alçaldan sözlərinə məruz qalaraq yerə uzadıldım. Bundan sonra təxminən 5 metr məsafadən məni sürüyərək aparıb, başqa bir yerə uzatdılar. Analoji hal mənim qohumlarımın da başına gətirildi. O sayda qohum-əqrəbamın jurnalistlərin gözü qarşısında MCMİ əməkdaşları məndən iki adam o tərəfdə yerdə uzadılmış qardaşım İlqar Ağazadənin üzərinə tapança qoydular. Bu zaman mən MCMİ rəisi Vilayət Eyvazova Vilayət müəllim, belə şeylər etməyin” -deyəndə başıma dəyənəklə vuruldu. Mən bir də başımı qaldıranda isə MCMİ əməkdaşlarından biri ayağı ilə mənim başımdan basdı və artıq tərpənmək imkanım olmadı. Maraqlı hallardan biri də budur ki, bütün bunların hamısı videolentə köçürülürdü. Həmin andan sonra mən qohumlarımı görmədim. Mənim MCMİ-nin dördüncü mərtəbəsinə qaldırdılar, rəis müavini Vaqif Məmmədovun otağına gətirdilər və 6-7 nəfər maskalı şəxs iki saata yaxın heç bir sorğu-sual etmədən, heç nə demədən növbə ilə məni döydülər. Mən saat 18:30 radələrində MCMİ-də Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsinə gətirildim. Məni MCMİ-nin iki əməkdaşı gətirdi. Vəkilim Mübariz Qarayev də həbs olunduğu üçün istintaq idarəsində mən Osman Kazımovu çağırtdırdım. Osman bəy gələndə mən çox ağır vəziyyətdə idim. Ayaqlarıma, sinəmə o qədər vurmuşdular ki, tərpənə bilmirdim. Orada Müstəcəb Əliyevin dediyi bir ifadəni olduğu kimi təkrar edirəm. M.Əliyev məni belə vəziyyətdə görəndə o iki nəfərə qayıtdı ki, “heç olmasa, insafınız, kişiliyiniz olsun, bu, axı millət vəkilidir, bunu niyə bu günə salmısınız?” Mən M.Əliyevə hadisələr barədə bildiyim obyektiv ifadəmi verdim, seçkinin total saxtalaşdırıldığını, xalqın saxtakarlığa etiraz hüququnun olduğunu bildirdim və meydanda heç bir çıxış etmədiyimi söylədim. Eyni zamanda orada tibbi ekspertiza tələb etməklə yanaşı, MCMİ-də təhlükəsizliyimə təminat olmadığını əsas gətirərək, Nəsimi rayon məhkəməsinin qərarına əsasən, saxlanılma yerimin BŞBPİ-yə həvalə olunmasını, qohumlarımın, doğmalarımın, vəkilimin azad olunmasını, onları işgəncəyə məruz qalanların məsuliyyətə cəlb edilməsini istəmişəm. Orada mən ekspertizadan keçirilmişəm, xəsarətlər də qeyd olunub. Mən evimdən MCMİ-yə qədərki məsafədə gördüklərimdən və iki saatda başıma gətirilən müsibətlərdən sonra yenidən qayıtdıqda orada məni nələr gözlədiyini bilirdim. Amma təəssüf ki, Müştəcəb Əliyev “mən bu məsələni həll edə bilməyəcəyəm” – deyib işi öz boynundan atdı və məni yenidən MCMİ-nin zirzəmisinə gətirdilər. Həmin vaxt MCMİ-də mənim qardaşım, əmim oğlu, bacımın yoldaşı, vəkilim və başqa qohumlarım da zirzəmidə işgəncələrə məruz qalırdılar.”

 

MCQMİ-dəki vəhşiliklərə daxili işlər nazirinin müavini Oruc Zalov nəzarət edirmiş

 

Bu sözlərdən sonra İqbal bəy detallara keçdi: “Ayın 17-də günorta məni döydükləri vaxt çox maraqlı bir hadisə baş verdi. Məni Vaqif Məmmədovun otağında döyürdülər. Amma hələ ayaq üstəydim, hərəsi əlinə keçən bir şeylə vururdu. Bu zaman daxili işlər nazirinin müavini Oruc Zalov qapıdan baxdı və dedi ki, “niyə ayaq üstə döyürsünüz, onu yıxın yerə, elə döyün”. Bundan sonra məni yerə yıxıb döyməyə başladılar” .

 

“MCQMİ-də hər döyüləndən sonra dəsmalın arasında buz parçaları verirdilər ki, əzilən yerlərə qoyum”

 

Bu tapşırığı Oruc Zalov İqbal Ağazadə yenicə tutulub gətiriləndən sonra – işgəncə prosesinin ilk mərhələsində verib. İ.Ağazadə istintaqa ifadə verib qayıtdıqdan sonra –gecə saat 1-də isə onu yenidən Vaqif Məmmədovun kabinetinə qaldırıblar: “Orada saat 4-ə qədər fasliəsiz döyüldüm. Məndən istədikləri istintaqa verdiyim ifadəni dəyişməyim, hakimiyyətin siyahısında adları olan liderlərin əleyhinə ifadə verməyim idi. Mən axıra qədər susdum və gecə saat 4 radələrində məni kamerama qaytardılar. Onu da qeyd edim ki, ayın 17-18-i mən əllərim arxadan bağlı şəkildə saxlanmışam. Ayın 18-də gündüz mənə elə təzyiq olmadı, yalnız saat 11 radələrində söhbətə apardılar, söhbət etmədim, geri qaytardılar. Həmin gün saat 7-dən sonra yenidən Vaqif Məmmədovun otağında bir neçə saat döyəndən sonra zirzəmiyə qaytardılar. Zirzəmidə isə hər dəfə yuxarı aparıb qaytarandan sonra mənə ağ, dama-dama çay dəsmalının arasında saxlanan buz parçaları verirdilər və israr edirdilər ki, onu əzilən yerlərə qoyum. Mən, hətta buna sentimental yanaşırdım ki, hər halda, vicdanını itirməmiş adamlar da var. Amma sən demə bu, MCMİ-nin zirzəmisindəki soyuducuda buz parçaları ona görə saxlanılırmış ki, insanlara işgəncə verəndən sonra buzu ezilən yerlərə qoysunlar, izi itirsinlər. Mən bunu MCMİ-də olduğum son günlərdə başa düşdüm.”

 

BİRİNCİ ULTİMATUM:

 

         “Biz deyən ifadəni verməsən, qardaşın cinayət məsuliyyətinə cəlb olunacaq”

İ.Ağazadə bildirdi ki, oktyabrın 18-dəki son döyülmədən sonra ona birinci ultimatum verilib: “Əgər bu gün biz dediyimiz ifadə verilməsə, sabah qardaşın cinayət məsuliyyətinə cəlb olunacaq.” Mən ifadə vermədim, oktyabrın 19-da qardaşım haqqında saxta cinayət işi başlanıldı və Nərimanov məhkəməsində İlqar Ağazadənin barəsində iki aylıq həbs-qətimkan tədbiri seçildi. Güman etdim ki, bununla proses başa çatdı, daha məndən əl çəkəcəklər. Amma bundan sonra da əl çəkmədilər…”

 

İKİNCİ ULTIMATUM:

 

         “İfade verməsən, qadın qohumların həbs ediləcək”

– İqbal bəy bundan sonrakı təhdidləri, hədələri üstüörtülü şəkildə təsvir etdi: “Qohum-əqrabamın siyahısını çixartdılar, onların harada işləmələri, harada yaşamaları barədə tam detallı məlumat toplamışdılar. Mən bu məsələyə qayıtmaq istəmirəm, mənim üçün çox ağırdır. Oktyabrın 19-dan 20-nə keçən gecə mənə tam fərqli ultimatum verdilər. Qardaşımın müəssisəsində payçılardan biri mənim ailəmin qadın üzvlərindən biridir. MCMİ-də onun da cinayət məsuliyyətinə cəlb  olunacağı, hadisələrin təşkilatçısı kimi həbs ediləcəyi və sair barədə ultimatum verib, səhərədək düşünməyimi istədilər. Bu, sadəcə söz deyildi. Elə həmin gün daxill işlər nazirinin müavini Əsgər Ələkbərovun KİV-ə verdiyi müsahibə dərc olunmuşdu. O müsahibədə mənim qardaşım və digər qohumlarım 16 oktyabr hadisələrinin təşkilində, maliyyə yardımı göstərmədə və iştirakda günahlandırılırdı. Yəni MCMİ-də deyilən, sadəcə, şantaj deyildi, reallıq idi.”

 

         ÜÇÜNCÜ ULTIMATUM:

 

         “Artıq qrup hazırdır, ifadə verməsən, dediyimiz adamlar gətirilir”

İ.Ağazadənin sözlərinə görə, o, 20 oktyabrda, saat 4-ə qədər fikirləşib: “Vaqif Məmmədovun otağına gətiriləndə gördüm ki, o, Vilayət Eyvazovla məsləhətləşir. Mənim orada aldığım informasiya budur ki, artıq qrup da, tərkib də hazırdır, iyrənc şəkildə ifadə verməsəm, dedikləri qohumlarım gətiriləcəklər, ittihamlar da onların üzərinə qoyulacaq. Bu zaman məcbur olub, onların ifadəsini oxudum. Müstəcəb Əliyev həmin ifadəni məndən MCMİ-də aldı və bu zaman Vaqif Məmmədov otaqda baş tərəfdə əyləşərək, tapançanı əlində oynadırdı.”

İqbal bəy ondan işgəncə altında alınan ifadənin Rauf Arifoğluna və İsa Qəmbərə qarşı yönəldiyini, bunun hakimiyyətin həbs olunmalılar siyahısında olan R.Arifoğlunun həbsinə hazırlıq niyyəti daşıdığını bildirdi. Eyni zamanda qeyd etdi ki, 4 noyabrda müstəntiq yenidən gələrək, ondan 20 oktyabr tarixli işgəncə ifadəsini təsdiqləməsini istəyib və qarşısına şərt qoyub: “Əsgər Ələkbərovun bəyanatı mənim stolumun üstünə qoyuldu və bildirildi ki, qardaşının zaminə çıxmasını və əvvəl dediyimiz digər qohumlarının məsuliyyətə cəlb olunmasını istəyirsənsə, ifadəni təsdiqləmə.”

İ.Ağazadə 23 mart 2004-cü – ildə Baş Prokurorluğa müraciət edərək, 20 oktyabr və 4 – noyabr tarixli ifadələrindən imtina etdiyini bildirdi. O, bir daha həmin ifadələrinin cinayət işi materialları arasından xaric edilməsini istədi. İ.Ağazada eyni zamanda işgəncələrlə bağlı məhkəməyə müraciət etdiyini, hazırda həmin şikayətin Ali Məhkəmə mərhələsində olduğunu söylədi.

 

“İş materiallarında mənim təşkilatçılığımla bağlı bircə fakt da yoxdur”

 

Daha sonra Ümid sədri özünə münasibətdə yol verilən prosessual pozuntularla da bağlı geniş danışdı. Hüquq-mühafizə orqanlarının yol verdiyi 17 cinayət əməlini sadalayan İ.Ağazadə konkret maddələrə istinad etdi. Bundan sonra isə o, “təşkilatçılıq” ittihamının absurdluğunu sübuta yetirdi. Bildirdi ki, cinayət işinin materiallarında təşkilatçılıqla bağlı bircə fakt belə yoxdur: “Əgər mən təşkilatçıyamsa, hökmən kimlərəsə şifahi və ya yazılı göstəriş verməli, onların arasında vəzifə bölgüsü aparmalı, fəaliyyətlərini istiqamətləndirməli, icraçıları, təhrikçini, köməkçini müəyyən etməli, hər birinin qarşısında konkret vəzifə  müəyyən etməli idim. İttiham tərəfi bir fakt belə səsləndirə bilməz ki, bu əməlləri özündə birləşdirsin və kimsə mənim tərəfimdən bu funksiyalar üçün təlimatlandırılmış olsun. Digər tərəfdən, ittiham tərəfi hər hansı bir iclasın, toplantının keçirildiyini və iddia etdiyi cinayətin təşkilatçılığını əks etdirən audio, videomateriala, həmçinin şahid ifadəsinə malik deyil. Bəs haradan alınıb bu təşkilatçılıq maddəsi?”

İqbal bəy “zərərçəkən”lərin və ittiham tərəfinin “şahid”lərinin ifadələri ilə üzə çıxan xüsusatlara, ziddiyyətlərə da toxundu va ittihamı darmadağın etdi. O, adbaad hər şahidin ifadəsi nəticəsində üzə çıxan saxtakarlıqları, istintaqın cinayətlərini, liderlərin təqsirsizliyini təsdiqləyən faktları sadaladı.

 

 “Mən Azadlıq meydanında çıxış etməmişəm”

 

15- 16 oktyabrda hərəkət trayektoriyası və meydandakı davranışlar barədə isə o, bunları dedi: “15 oktyabrda təxminən 21 radələrinə qədər mən AXP sədri Pənah Hüseynlə birgə Ümid Partiyasının qərargahında olmuşam. Saat 21 radələrində Nərimanov rayon Pİ-nin rəis müavini Mərdanov və 17-ci bölmənin əməkdaşları gələrək partiya qərargahında axtarış keçirmək istədiklərini bildiriblər. Mən məhkəmə  qərarı istədikdə onlar qeyri-qanuni hərəkət etdiklərini anlayaraq, bunun profilaktik tədbir olduğunu deyiblər. Həmin anda Mərdanova qərargahda qeyri-qanuni heç nəyin saxlanılmadığını, partiya üzvlərinin qeyri-qanuni hərəkət etməyəcəyini demişəm. Təxminən saat 21:30 radələrində Pənah bəyə birgə Müsavat qərargahına gəlmişəm. Bunun səbəbi seçkilərin nəticələri ilə mərkəzləşdirilmiş qaydada tanış olmaq idi. Biz gələndə artiq seçkinin nəticələrini öyrənmək istəyən bir sıra şəxslər də partiya qərargahında, onun qarşısında idilər və gələn məlumatları eşitdikcə, sevinclərini izhar edirdilər. Biz də nəticələrlə bağlı məlumatları eşidirdik. Əlahidda qəbul, iclas yox idi, bu, əvvəlcədən də nəzərdə tutulmamışdı. Yalnız Piter Ayker gələndə İsa bəy onunla görüşüb söhbət elədi. Dünyanın hər yerində seçki günü partiya qərargahları qarşısına insanların toplaşması halının baş verməsinə baxmayaraq, polis orqanları qeyri-qanuni olaraq Müsavat Partiyasının qarşısındakı insanların seçkinin nəticəsini öyrənmək istəyinə qarşı çıxaraq yolları bağladı, kordonlar quruldu, informasiya almaq imkanlarını məhdudlaşdırdı, basqın edərək çox sayda insanlara xəsarət yetirdi. Uzun danışıqlardan sonra gecə saat 4-ün yarısında mən evə gəldim. 16 oktyabr günü səhər-səhər partiyanın qərargahında olmuşam, bir müddət sonra Pənah Hüseynlə zəngləşmişik. Bilirsiniz ki, “Bizim Azərbaycan” Bloku 16 oktyabra mitinq planlaşdırmışdı, lakin 15 oktyabrda baş verənlərdən sonra bunu müzakirə etməyə imkan olmamışdı. Ona görə də Pənah Hüseynlə zəngləşdik, lakin onda da heç bir məlumat olmadı. Mən onu öz qərargahımıza dəvət etdim. Saat təxminən 2 radələrində İsa bəyin Müsavat qərargahına gəldiyi barədə xəbər daxil oldu. Bildirdilər ki, İsa bəy bizi cağırır, iclas olacaq. Biz Müsavat qərargahına getmək qərarına gəldik. Hökumət Evinin arxasından keçərkən bir qrup adamın Azadlıq meydanına doğru istiqamətləndiyinin şahidi olduq, amma onlar çox sakit olduqlar üçün yolumuza davam etdik. Müsavat Partiyasının qərargahında polislər bizi maşını saxlamağa imkan vermədilər, sürüb getməyimizi istədilər. Biz “Cənub” mehmanxanasının yanından dönəndə artıq xalqın Azərbaycan prospekti ilə getməsinin şahidi olduq. İstədik Azadlıq meydanına gedək, lakin yol bağlı olduğundan Rəşid Behbudov küçəsinə döndük. Yollar tıxac olduğu üçün heç yerə dönə bilmədik və Milli Bankın qarşısına qədər irəlilədik. Orada bizə zəng gəldi ki, xalq artıq Azadlıq meydanına daxil olub. Və biz oradan dönüb Azadlıq meydanına gəldik. Açığı, o istiqamətdə gələndə heç bir maneə ilə rastlaşmadıq, gəldik, meydanda maşından düşdük və tribunaya çıxdıq, iki dəqiqədən sonra isə heç bir toqquşmanın şahidi olmadan mən Azadlıq meydanını tərk etdim. Azadlıq meydanında mənim heç bir çıxışım olmadı, yalnız ANS televiziyasına müsahibə verdim.”

Çıxışının sonunda İqbal Ağazadə 80365 saylı cinayət işinin materiallarının etibarsız sayılmasını tələb etdi. O, bu işin icraatı zamanı CPM-in əksər müddəalarının (114 maddəsinin) Konstitusiyanın 24, 25, 26, 28, 29, 31, 32, 33, 46, 61, 63, 67,71-ci maddələrinin, Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulduğunu bildirdi.

 

 Prokuror şəhəri tanımır?

 

3 saatdan artıq ifadə verdikidən sonra İqbal bəy sualları cavablandırdı. İlk sualı dövlət ittihamçısı Nazir Bayramov verdi: “16 oktyabrda mitinqin keçiriləcəyi barədə məlumatı nə vaxt, kimdən almısınız?”

İ.Ağazadə: “Səhv etmirəmsə, 12 oktyabrda eşitmişdim. Amma dəqiq yadımda qalmayıb kimdən eşitmişdim.”

N.Bayramov: “İfadənizdə dediniz ki, 16 oktyabrda kimsə zəng edib İsa Qəmbərin sizi çağırdığını və hansısa iclas keçiriləcəyini deyib. Sizin eyni zamanda məlumatınız olub ki, həmin vaxt Xalçaçılıq muzeyinin qabağında kütlə yığışıb. Bu iki fakt eyni vaxta təsadüf edir. O mitinqdə əvvəlcədən iştirak etməyi planlaşdırmışdınızmı?”

İ.Ağazadə: “Mitinqin olacağı barədə hələ heç kimdə dəqiq məlumat yox idi. “Bizim Azərbaycan” Blokunun hər hansı iclasında qərarın qüvvədə olub-olmaması, mitinqin keçirilib-keçirilməməsi barədə müzakirə aparılmadığına görə şəxsən mən qeyri-müəyyən vəziyyətdəydim.”

N.Bayramov: “Buna aydınlıq gətirmək üçün hər hansı bir tədbir gördünüzmü?”

İ.Ağazadə: “Elə bunun üçün Müsavat qərargahına gedirdim.”

N.Bayramov: “Yox, mən mitinqi deyirəm.”

İ.Ağazadə: “Şəxsən mən saat 2 tamamda Müsavat qərargahına gələn zəngdən sonra getmişəm.”

N.Bayramov: “O nə iclas idi elə? Planlaşdırılmışdımı əvvəlcədən?”

İ.Ağazada: “Planlaşdırılmamışdı. Mənə dedilər, İsa bəy gəlib, iclas olacaq.”

N.Bayramov: “Belə məlum oldu ki, siz gəldiniz, polislər dedi, dayanmayın, sürün. Siz “Cənub” mehmanxanasından MSK tərəfə getdiniz?”

İ.Ağazadə: “Xeyr. “Cənub” mehmanxanasının yanından dənizkənarına yol gedir, biz ordan döndük.”

N.Bayramov: “Qərargahı keçdiz də?”

İ.Ağazadə: “Keçdik. Kim dedi ki, keçmədik?”

N.Bayramov: “Bəs qərargahı keçəndən sonra MSK-ya çıxır axı?”

İ.Ağazadə: “Nazir müəllim, “Cənub” mehmanxanası Müsavat qərargahından sonradır. Oradan isə dəniz kənarına tərəf yol dönür.”

         N.Bayramov: “Siz onda “protiv” gəlmisiniz?”

S.Cəlaloğlu: “Ə, get şəhəri öyrən də.”

İ.Ağazadə: “Niyə “protiv” gəlirdik ki? Biz Azərbaycan prospekti ilə Müsavat Partiyasının qərargahının qabağından keçib, “Cənub” mehmanxanasının yanından dönmüşük dəniz kənarına tərəf.”

         N.Bayramov: “Siz kütləni harda gördünüz, deyirsiniz bir qrup adam gedirdi.”

İ.Ağazadə: “Hökumət Evinin arxasına çatanda.”

N.Bayramov: “Neftçilər prospektində?”

         İ.Ağazadə: “Xeyr. Azərbaycan prospektində.”

         N.Bayramov: “Siz Azərbaycan prospekti ilə gəlirdiniz ki?”

         İ.Ağazadə: “Bəs Müsavatin qərargahı hardaydı?”

         N.Bayramov: “Siz gələndə kütlə meydanı keçmişdimi?”

İ.Ağazadə: “Mən onu deyə bilmərəm.”

         N.Bayramov: “Yolda polis avtomobilləridi, hərbi maşınlardı, gördünüzmü?”

İ.Ağazadə: “Xeyr, onda yox idi.”

N.Bayramov: “Sizdə belə bir şübhə yarandımı ki, bu adamlar niyə bu tərəfə gedirlər?”

İ.Ağazadə: “Bəli, biz güman etdik ki, bu insanlar mitinqçilərdir. Sonra da biz məlumat aldıq ki, camaat meydana gedir. Mən ifadəmdə də dedim ki, biz əvvəlcə Azadlıq meydanına getmək istədik, amma “Azərbaycan” mehmanxanasının kazino tərəfdən olan hissəsi kəsilmişdi.”

N.Bayramov: “Maşınsız gəlmək mümkün deyildi ki?”

İ.Ağazadə: “Maşınsız getmək istəmədik də.”

N.Bayramov: “Sizi saxlayan oldumu ki, meydana getməyin?”

İ.Ağazadə: “Biz heç maşından düşmədik, gördük yol bağlıdır, döndük Rəşid Behbudov küçəsinə getdik. Milli Bankın yanında zəng gəldi ki, xalq artıq meydandadır, yenidən döndük, o biri küçə ilə gəldik Azadlıq meydanına. O yolda saxlayan olmadı.”

N.Bayramov: “O yolda dağıntı, filan görmədiniz?”

İ.Ağazadə: “O yolda dağıntı taktı olması barədə cinayət işində də bircə cümlə yoxdur”

         N.Bayramov: “Meydana gəldiniz?”

         İ.Ağazadə: “Düz “svetofor”dan meydana girdik.”

         N.Bayramov: “Hansı küçə ilə?”

İ.Ağazadə: “Ora küçə deyildi. Hökumət Evinin arxasından gəlir, iki küçə ayrılır, biri Baş Poçtamptın qabağına, biri Tusi adına Pedaqoji Universitetin qarşısına gedir. Biz o küçə ilə gəldik.”

N.Bayramov: “Azərbaycan prospektini keçdiniz?”

İ.Ağazadə: “Keçmədik.”

N.Bayramov: “Kəsişməlidi axı küçə?”

         İ.Ağazadə: “Xeyr, ora Azərbaycan prospektinin başlanğıcıdır.”

N.Bayramov: “Azərbaycan” prospekti “most”dan başlayır.”

İ.Ağazadə: “Hansı “most”dan? Siz yanılırsınız. O başqa küçədir.”

Prokurorun küçələri, döngələri qatıb-qarışdırması zalda heç kəsin diqqətindən yayınmamışdı. Vəkil Osman Kazımov isə bunu Bayramovun saxta ifadələrin təsiri altına düşməsi ilə izah etdi: “O ifadələrin hərəsində bir küçə göstərilib, bu da çaşıb.”

Prokuror isə mənasız sualları davam etdirirdi: “Siz Hökumət Evinin arxasından keçəndə sındırılmış avtomobillərdən, maşınlardan gördünüz?”

İ.Ağazadə: “Yox, orda heç nə yox idi.”

N.Bayramov: “Dinamo” Cəmiyyətinin yanında hərbi avtomobil yox idi?”

İ.Ağazadə: “Dinamo” Cəmiyyəti ilə oranın arasında bilirsən nə qədər məsafə var?”

N.Bayramov: “Ordan görünmür ki?”

İ.Ağazadə: “Cənab dövlət ittihamçısı, sizcə, mən sol tərəfdən gələn hay-küyə, “Azadlıq qışqırtısına qulaq asmalıydım, yoxsa sağ tərəfə baxmalıydım ki, görüm nə var, nə yox?”

N.Bayramov: “Yolda da qışqırırdılar?”

İ.Ağazadə: “Yol deyildi ora. Sizin dediyiniz Azərbaycan prospekti ilə kəsişmə yeri meydanda paraleldi.”

         N.Bayramov: “Orda insanlar vardı artıq?”

         İ.Ağazadə: “Təbii ki. Kasetdə görmədin mən gedəndə meydanda nə qədər adam var?”

Nazir Bayramovun əli hər yerdən üzülüb, indi də “tribunanın funksional təyinatı” barədə gülünc suallar verir.

         N.Bayramov: “Tribunaya gəldiniz. Dediniz orda camaatı salamlamısınız, çıxış etmək istəmisiniz, lakin emosional vəziyyət olduğu üçün çıxış etməmisiniz…”

İ.Ağazadə: “Bəli. Mən hesab edirdim ki, çıxış edərəm. Biz qeyri-resmi eşitmişdik ki, “Qələbə” kinoteatrının qarşısına icazə verilib. Düşünürdüm ki, çıxış edib deyərəm, amma vəziyyət belə idi ki, çıxış etmədim.”

N.Bayramov: “Siz gələndən əvvəl çıxış edən vardımı?”

İ.Ağazadə: “Bəli. Mən gələndə Arif Hacılı çıxış edirdi, daş atmayın, hələ qələbəmizə kölgə salmayın deyirdi.”

         N.Bayramov: “Bəs siz gələndən sonra?”

İ.Ağazadə: “Bəli, İbrahim İbrahimli çıxış etdi.”

         N.Bayramov: “Nətəhər oldu, sizdən əvvəl də, sonra da çıxış etməyə imkan olur, onlara mane olmurlar, amma sizə imkan olmur? Siz daha yüksəkdəydiniz.”

İ.Ağazadə: “Siz kasetə diqqətlə baxmamısınız. Mən bir müddət aşağıda dayandım, sonra çıxdım yuxarı. Kasetden görünür ki, orada İbrahim İbrahimli Rauf Arifoğluna deyir ki, çıxış etmək istəyirsənmi, o soruşur ki, yox, istəmirəm. Yəni mən ordaydımsa, mütləq çıxış etməliydim?”

N.Bayramov: “Bəs sizin çıxış etmək məqsədiniz yox idisə, tribunada nəyə dayanmışdınız? Tribunanın “vobşe” funksional təyinatı nədən ibarətdir?”

S.Pənahov: “Bu sualın işə nə dəxli var axı?”

         İAğazadə: “Bircə dəqiqə, Səməd bəy. İndi buna başa salacağam, tribunanın təyinatı nədir. Tribunanın funksional təyinatı ondan ibarətdir ki, bizim kimi partiya rəhbərləri gedib dayansınlar orada. Məsələn, köhnə sovet dönəmində tribunanın təyinatı bu idi ki, Brejnev əl edirdi, çıxış eləmirdi.”

N.Bayramov: “16 oktyabrda nədən ibarət idi?”

İ.Ağazadə: “16 oktyabrda elə əl eləməkdən ibarət idi.”

  1. Bayramov: “Bəs tribunada nəyə dayanmışdınız?”

İ.Ağazadə: “Tribunada yüzlərlə adam vardı. Bu o deməkdirmi ki, onların hamısı çıxış etməliydi? Mənim yüzlərdən fərqim bircə o idi ki, çıxıb əl edib, onları salamlayırdım, “ura” qışqırırdılar.”

         N.Bayramov: “Siz əl eləyəndən sonra camaat ruhlanırdı.”

         İ.Ağazadə: “Nəyə?”

         N.Bayramov: “Nəyəsə də.”

         İ.Ağazadə: “Yox, nəyəsənin adını deyin, mən sualınıza cavab verim.”

N.Bayramov: “Kütləvi hərəkətlərə ruhlanırdı.”

R.Arifoğlu: “Bayramov, sən ateist adamsan, ruhnan işin olmasın.”

N.Bayramov: “İqbal Ağazadə deyir ki, mən əl edirdim, onlar da alqışlayırdılar, nə bilim, neyləyirdilər.”

         S.Calaloğlu: “Nə bilim, neyləyirdilər yox, elə şey yazmaz İqbal. Nə yazıb onu denən.”

İ.Ağazadə: “Bayramov, nə deyirsən, açıq de.”

N.Bayramov: “Mən bunu kütlənin qızışdırılması kimi başa düşürəm. Belə qəbul etmək olardımı onu?”

İAğazadə: “Kütlənin qızışdırılması üçün qarşı tərəfdə müqayisə aparılası, yaxud hansısa qarşıdurma olası obyekt olmalıydı. Mən kütləyə əl edən dövrdə, hətta kütlə qızışsaydı da belə, qarşıda heç kəs yox idi. Kütlə qızışıb bir-birinin başını yarasıydı?”

N.Bayramov: “Kütlə ora öz-özünə gəlmişdi? Polis yox idi?”

İ.Ağazadə: “Polis yox idi. Mən nə bilim kütlə necə gəlmişdi ora.”

N.Bayramov: “Bəs bayaq deyirdiniz ki, məni meydana yaxın düşməyə qoymadılar, döndüm o tərəfə”

         İ.Ağazadə: “Hardan dedim?”

N.Bayramov: ““Azərbaycan” mehmanxanasının böyründən”.

İ.Ağazadə: “Hansı böyründən dedim?”

N.Bayramov: “Nə bilim?”

İ.Ağazadə: “Kazino tərəfdən dedim və bunu bilərəkdən dedim ki, belə sual verməyəsiniz. Amma siz deyəsən başa düşməmisiniz. Kazino tərəfdən görünmür o siz deyən yer. Mən meydana sonradan getdim.”

N.Bayramov: “Yeni siz o insanların ora necə düşdüyünü bilmədiniz?”

         İ.Ağazadə: “Xeyr. Mən gələndə kütlə orda idi.”

N.Bayramov: “Bəs deyirdiz ki, hər yerdə polis var?”

         İ.Ağazadə: “Ay dövlət ittihamçısı, mən gələndə…”

N.Bayramov: “Ağaclıq olan tərəfdə, “Azərbaycan” mehmanxanası tərəfdə görmədiniz polisi?”

İ. Ağazadə: “Xeyr. Orada heç bir polis kordonu yox idi.”

Dövlət ittihamçısı İqbal Ağazadəni çaşdırmaq istəsə də, özü gülünc vəziyyətə düşdü.

N.Bayramov: “Siz ora çatanda düşünmədinizmi ki, yalnız polisə müqavimət göstərilməsi hesabına camaat ora gəlib?”

İAğazadə: “Mən orada polisə müqavimət faktı görməmişəm. Görmədiyim məsələ barədə şərh verə bilmərəm. Mən gümanlarımı danışmalıyam sizə? Mən çox şey güman edə bilərəm. Onda da güman elədim ki, daxili işlər naziri Ramil Usubov xalqın tərəfinə keçib, mitinqçiləri Azadlıq meydanına buraxıb. Mənim gümanım budur. Mən gümanımı deməliyəm burada?”

         N.Bayramov: “Hərbi avtomobil meydanda gəzəndə gördünüz?”

         İ.Ağazadə: “Bəli.”

         N.Bayramov: “Soruşmadınız ki, bu nədi?”

         İ.Ağazadə: “Tribuna ilə hərbçilərin arasında kifayət qədər məsafə vardı. Mənim ilk gümanım bu idi ki, polis və hərbi strukturların bəzi hissələri xalqın saxta seçkiyə etiraz haqqını tanıyıb və onlar da xalqın tərəfinə keçib.”

         N.Bayramov: “Tribunanın lap yaxınlığında əllərində taxta, dəyənək, qalxan olan, nə bilim polisin şitlərini, dəyənəklərini alıb gətirən adamlar vardı. Onları görmədiniz?”

         İ.Ağazadə: “Mən nə bilim, mitinqçi onu polisin əlindən döyüb alıb, yoxsa polis özü qoyub qaçıb?”

         N.Bayramov: “Burda müsahibənizi dinlədik. Sizə sual verdilər ki, maşınların şüşələri, filan sındırıb, mən belə başa düşürəm ki, siz yayındınız, dediniz ki, mən görməmişəm. Bəs siz deputat kimi belə məlumat vardısa, niyə demirdiniz ki, belə bir hal varsa, bu qanunsuzluqdur, mən bunu pisləyirəm?”

         İ.Ağazadə: “İlk növbədə mənim müsahibəm sübut edir ki, tribunada olduğum və düşüb getdiyim vaxt heç bir qarşıdurma olmayıb. Əgər qarşıdurma olsaydı, müxbir mənə bu barədə sual verərdi. Müxbir məndən hansısa küçədə hansısa şüşənin sındırılması barədə soruşur. Mən də cavab verirəm ki, şahidi olmamışam.”

N.Bayramov. Tutaq ki, siz onu həqiqət kimi qəbul etmirsiniz, niyə münasibət bildimirsiniz?

         İ.Ağazadə: “Əvvəla, münasibət bildirib-bilədirməmək cinayət işinin predmeti deyil, mənim vətəndaşlıq və millət vəkili fəaliyyətim də burada tənqid olunmur. Amma bir halda ki, sual verirsiniz, cavab verirəm. Mən görmədiyim hadisə barədə hər hansı müxbirin sözü ilə necə münasibət bildirə bilərəm axı? Mən hadisəyə münasibət bildirirəm”.

N.Bayramov: “O şəxslərin əllərində gördüyümüz taxtalara, ağaclara görə o mitinqi dinc nümayis adlandırmaq olar? Siz dinc nümayişdə iştirak edibsiz də, bunu dinc numayiş adlandırmaq olar?

E.Əsədov: Ə, rəhmətliyin oğlu, dinc mitinqdə bayraq, şəkil, şüar olur da.

İ.Ağazadə: “Əvvəla, mitinqin dinc olub-olmamasının, hansı formada olub-olmamasının mən meydanda gələndə hadisələrə heç bir təsiri olmayıb. Siz nə demək istəyirsiniz? Bilmək istəyirsiniz ki, əlində ağac gördüyüm adamların toplaşdığı meydanda niyə tribunaya çıxmışam?”

         N.Bayramov: “Mən maraqlanıram ki, siz niyə o hadisələr dinc nümayiş deyirsiniz?”

         İ.Ağazadə: “Bəs nə deyim? Adı nədir, siz deyin.”

N.Bayramov: “Qanunsuz aksiya. Ən azı, zorakı əməl.”

İ.Ağazadə: “Biz ona nə zorakı, nə qeyri-qanuni mitinq deyə bilmərik. Çünki Konstitusiyanın 49-cu maddəsinə, “Siyasi partiyalar”, “Sərbəst toplaşma azadlığı” haqqında qanunların maddələrinə uyğun olaraq, 5 gün əvvəldən müvafiq icra hakimiyyətinə xəbərdarlıq edilib, aksiya keçirilir. İcra Hakimiyyətinin bu mitinqi qadağan etmək, qeyri-qanuni elan etmək ixtiyarı yoxdur. BŞİH bu qanunları pozub, icazə verməyibsə, məsuliyyət də onun üzərinə düşür.”

         N.Bayramov: “Biz bu barədə araşdırma aparmırıq. Qanunların işləməsi mexanizmi fərqli olur.”

         S.Calaloğlu: “Niyə araşdırmırıq, araşdıracağıq.”

         N.Bayramov: “Belə bir sübut varsa ki, yüzlərlə polis döyülüb, bu dinc mitinqdir?”

         İ.Ağazadə: “Mən polis döyüldüyünü görməmişəm.”

         N.Bayramov: “Nəticələrini görmüsünüz də.”

         İ.Ağazada: “Harda?”

         N.Bayramov: “Meydanda əlində taxta, daş, qalxan olan adamlar nə deməkdir?”

İ.Ağazadə: “Sizin evdə, mətbəxdə əlinizdə bıçaq tutmağınız ailə üzvlərinizdən kiməsə xəsarət yetirməyiniz deməkdirmi? Kiminsə əlində ağac varsa, bu o deməkdir ki, o, hansısa polisin başına vurub gəlib? Ayıb deyilmi, bu nə səviyyəsiz suallardır verirsiniz?”

N.Bayramov: “İfadə verərkən müdafiəçiləriniz yanınızdamı olub?

İ.Ağazadə: “Nə vaxt?”

         N.Bayramov: “Oktyabrın 20-də”

         İ.Ağazadə: “Bəli”

         N.Bayramov: – “Siz ifadələrinizin hamısından imtina edirsiniz?”

İ.Ağazadə: “Mən burada şahid kimi ifadə verən polislərinizdən deyiləm ki, belə ciddi məsələlərlə məni dolaşdırarsınız. Mən oktyabrın 17-dəki ifadəmdən başqa bütün ifadələrimdən imtina edirəm. Bunun səbəblərini göstərdim və sizə dedim ki, bu kişilik, şərəf, ləyaqət məsələsində çox dərinə getməyin.”

N.Bayramov: “İstintaq materiallarında var, ona görə soruşuram.”

İ.Ağazadə: “Cinayət materiallarında varsa da, vicdanınız, şərəfiniz olsun, susun.”

         N.Bayramov: “Sizə ayın 20-də müstəntiq sual verir ki, özününzü təqsirli bilirsinizmi, deyirsiniz yox. Çıxış etmisinizmi, deyirsiniz yox. Əgər bu təzyiq idisə, onları da elə deməzdiniz də.”

İ.Ağazadə: “Əvvəla, mənim onlara aydın sözüm olub ki, özümə qarşı nə ifadə deyirsiniz, verim, nə istəyirsiniz, boynuma götürüm. Vaqif Məmmədov gedib kiminləsə məsləhətləşib gəldi. Dedi, sənin özünə qarşı deyəcəyin hər söz sonda 17 oktyabrdakı ifadə ilə tam təkzib olunacaq, belə çıxacaq ki, səni özünə qarşı ifadə verməyə məcbur etmişik. Biz nə deyəcəyiksə onu edəcəksən. Mənim 20 oktyabr tarixli ifadəmi onun Səməd adlı müavini yazıb gətirib. Ona görə də mən bir də deyirəm, bu məsələnin çox üstünə getməyin”.

 

         Nazir Bayramov İqbal Ağızadə ilə yanaşı, onun qardaşının məhkəməsini də nəzarətdə saxlayır

 

N.Bayramov: “Siz 26 martda imtina etmisiniz. Bəs niyə ona qədər işgəncələrlə bağlı şikayət etməmisiniz?”

İ.Ağazadə: “Necə yəni şikayət etməmişəm? Bu işə Nəsimi məhkəməsi baxıb deyirəm.”

N.Bayramov: “Tutaq ki, siz belə mövqe tutmusunuz ki, nə desələr, onu edəcəksiniz. Bəs vəkil niyə şikayət etməyib?”

İ.Ağazadə: “Gözlə deyim. Yadınızdadırmı, mən burada bir emosional çıxış da etdim və qardaşımın da mənimlə bərabər məhkəməsinin getdiyini dedim. 228.1-ci maddə  ilə nə qədər cinayət işi gedə bilər?”

N.Bayramov: “Onu sonsuza qədər uzatmaq olar.”

         S.Cəlaloğlu: “Xeyr, Sən saxtakarlığa öyrəşmisən, ona görə elə bilirsən. Qanunda konkret vaxt müəyyənləşib.”

İ.Ağazadə: “Mən 220.1, 315.2 maddəsi ilə, qardaşım isə 228.1 maddəsi ilə paralel mühakimə olunur. Onun işində cəmi iki şahid var, amma hələ də məhkəmə gedir…”

N.Bayramov: “Vəkil gəlmir, ona görə iş uzanır da.”

O.Kazımov: “Kim deyir, vəkil getmir? İqbal Ağazadənin qardaşının işini bir hakimdən alıb, başqasına veriblər. Niyə? Məlumat da verilmir”.

N.Bayramov: “Hakim məzuniyyətdədir”.

  1. Kazımov: “Burada yalan danışma.”

S.Cəlaloğlu: “Ə, sən hardan bilirsən İlqar Ağazadənin işi necə gedir, hakim hardadı, proses nə vaxt başlayıb?”

O.Kazımov: “Etiraf edir də. Təsdiq edir ki, İlqar Ağazadənin qardaşının işini də nəzarətda saxlayırlar.”

         İ.Ağazadə: “Nazir müəllim, zəlzələdən, ya vəlvələdən mənim qardaşımın məhkəməsi hələ yekunlaşmayıbsa, işin faktiki halı dəyişməyibsə, o şikayəti oktyabrda, noyabrda, ya yanvarda verməyin əhəmiyyəti yox idi. Çünki mənim ekspertiza sənədim o işdəydi. Mən necə şikayət verə bilərdim?”

N.Bayramov: “Müdafiə tərəfinin günahından uzadılıb o iş.”

         O.Kazımov: “Nazir Bayramov, əvvəla, o ifadəni işlətməyin…”

N.Bayramov: “Mən İlqar Ağazadənin işini deyirəm.”

         O.Kazımov: “Səhv edirsən. O işə mən çıxıram. Bilmədiyin sözü danışma, otur yerində də.”

 

     “Prokuror “sərbəst toplaşma azadlığı haqqında” qanuna dəyişiklik edib

 

Nazir Bayramov bu dəfə “yüksək hüquqi savad” nümayiş etdirib, “Sərbəst toplaşma azadlığı haqqında” qanunu baş-ayaq şərh etməyə başladı: “Orda yazılıb ki, mitinqdə baş verə biləcək hər hansı qanuna zidd hərəkətlərə görə təşkilatçı məsuliyyət daşıyır.”

         S.Calaloğlu: “Get, qanun oxu. Yoxdu orda elə şey. Təşkilatçının məsuliyyəti olsaydı, polisin təhlükəsizliyi təmin etməsi məsələsi qanuna salınmazdı.”

         M.İbayev: “Qoy İqbal bəy cavab versin də”

         A.Hacılı: “Nəyə cavab versin? Bu adam qanunu bilmir. Futbol oyunlarını UEFA təşkil edir, onda oyunda baş verən qanunazidd hərəkətlərə görə məsuliyyəti UEFA daşıyır?”

İ.Ağazadə: “Nazir müəllim, hər bir vətəndaşın məsulliyyəti qanunla müəyyən olunur. Mən elə bir norma tanımıram ki, orada mitinq təşkilatçısının məsuliyyəti müəyyən olunsun. Azərbaycanda belə bir normativ yoxdur.”

         N.Bayramov: “Meydandan niyə tez gəldiniz?”

İ.Ağazadə: “Yaxşı elədim. Çıxış eləmədim, düşdüm aşağı. Çıxıb getdim.

Bayramov suallarını bitirdikdən sonra bayaqdan mürgüləyən İlqar Murğuzov başladı: “Siz BŞİH-ə müraciətə hansı cavabı aldınız?”

İ.Ağazadə: “Mən heç bir cavab almamışam. Mən məktub yazmışdım ki?”

         İ.Murğuzov: “Əvvəla, müraciət edəndə cavab alırdınızmı?”

İ.Ağazadə: Mütləq. İmza da atırdı ki, cavabı aldıq.”

         İ.Murğuzov: “Siz sərbəst ifadənizdə bildirmisiniz ki, BŞİH rəsmi məlumat vermədən mitinqə qadağa qoyub. Siz nə bilirdiniz?”

İ.Ağazadə: “Mən elə həmin ifadəmdə bildirmişəm ki, bizə bu barədə qeyri-rəsmi məlumat daxil olmuşdu.”

İ.Murğuzov: “Ayın 15-də Xalçaçılıq muzeyinin qarşısında mitinq keçirilməsi barədə müzakirə olubmu?”

İ.Ağazadə: “Heç bir müzakirə olmayıb. İclas olsaydı, mən hökmən iclasda iştirak edərdim.”

İ.Murğuzov: “Orda çöldə yağışanlar nə edirdilər?”

İ.Ağazadə: “Polis hücumuna qədər oynayırdılar, sevinirdilər, mahnıya qulaq asırdılar. Bunun arxasınca bilirəm ki, taxta barədə sual verəcəksiz, qabaqcadan deyim ki, o bayraqlar idi. Hətta İsa Qəmbər  o bayraqlardan birini Piter Aykerə də göstərdi.”

         İ. Murğuzov: “Hay-küy yox idimi o vaxt?”

İ.Ağazadə: “Niyə yox idi? Var idi, oynayan, oxuyan vardı.”

S.Cəlaloğlu: “İsa Qəmbər o boyda qələbə qazanıb, prezident olmuşdu, deyirsən, iki tərəfdarı da oynamayaydı?”

İ.Murğuzov: “Qərargahda, İsa Qəmbərin yanında dağılışmaq barədə söhbət gedirdimi?”

İ.Ağazadə: “İsa Qəmbərin yanında olmadı, amma Çingiz Qənizadə Ramil Usubovla telefonla danışıq aparırdı.”

İ. Murğuzov: “Nəsə tədbir görüldümü?”

İ.Ağazadə: “Danışıq onunla bağlı idi ki, polis kordonu aralasın, camaat dağılışıb getsin. Çünki oradan çıxan hər kəsi polis tuturdu. Camaatın təhlükəsizliyinə təminat yox idi.”

N.Bayramov: “Kasetdə gördük ki, Fəxrəddin Bağırov deyir, başqan deyir, dağılışın. Deməli, buradan mən belə qənaətə gəlirəm ki, əvvəlcədən orda “yığılışın” qərarı olub, sonra “dağılışın” qərarı olub.”

İ.Ağazadə: “Nazir müəllim, o gecə qərargahın içindəki döyülmüş adamlar belə çölə çıxmağa qorxurdu ki, tutacaqlar. Fəxrəddin Bağırov da buna görə deyir, eşitmisinizsə, arxasınca da deyir ki, Ramil Usubov namusuna and içib ki, heç kəs tutulmayacaq.”

         İ. Murğuzov: “O gecə ictimai asayiş pozulmuşdumu?”

         İ.Ağazadə: “Mən ictimai asayişin təmin olunması üzrə mütəxəssis deyiləm, Müsavat qərargahı qarşısında ictimai asayişi qoruyacağım haqda heç bir öhdəlik götürməmişəm, nə də o insanları ora çağırmamışdım ki, mən çağırdığıma görə ictimai asayiş pozulacaq deyə, “dağılın” deyim.”

N.Bayramov: “Fəxrəddin Bağırov kasetdə deyir ki, sabahkı tədbirimiz qüvvədədir. O, nəyi nəzərdə tutur?”

İ.Ağazadə: “Fəxrəddin Bağırov gəlmişdi də, özündən soruşaydınız. Mən nə bilim nəyi nəzərdə tutur?”

P.Hüseyn: “Soruşdu da. Fəxrəddin Bağırov da dedi ki, yemək-içmək tədbiri idi, İsa Qəmbərin qələbəsini qeyd edəcəkdik.”

 

         İlqar Murğuzov üçün namus-qeyrət anlayışı yoxdur

 

İ.Murğuzov sualları bir qədər dolandırıb yenə İ.Ağazadənin 16 oktyabrdakı marşrutuna gətirdi. Bu zaman məlum oldu ki, Nazir Bayramov şəhəri həqiqətən tanımır. O (N.Bayramov) bildirdi ki, Azərbaycan prospekti ilə MSK-yə tərəf gələndə əvvəlcə “Cənub” mehmanxanası, sonra isə Müsavatın keçmiş qərargahı yerləşir. Bu isə zalda gülüşməyə səbəb oldu. İ.Murğuzovun növbəti sualı isə ümumiyyətlə, gülünc idi: “Əgər mitinq olmasaydı, Arzu Həsənovanın uşağı və Abdulla Talıbov xəsarat alardılarmı?”

İ.Ağazadə: “Əgər BŞİH 11 oktyabrda müraciət edən müxalifət nümayəndələrinin qanuni tələbinə “hə” desəydi, 15 oktyabrda keçirilən seçkilər saxtalaşdırılmasaydı, Müsavat Partiyası Qərargahının qarşısında qaramaskalılar xalqa divan tutmasaydı, 16 oktyabrda Xalçaçılıq muzeyinin qarşısında polislər xalqı onlara qarşı çıxmağa məcbur etməsəydi, nəticə etibarilə heç nə olmayacaqdı. Xalq qanuni hakimiyyətini qoruyurdu.”

         İ.Murğuzovun növbəti sualı isə əsəbləri gərdi: “Siz dediniz ki, qardaşınız, qohumlarınız tutuldu, ifadə vermədiniz, amma qadın məsələsi olanda qərara gəldiniz ki, ifadə verəsiniz. Bu necə olur ki, qardaşının tutulmağına razı olursan, amma qadın məsələsi olanda ifadə verirsən…?”

İ.Ağazadə: “Ə, biqeyrət, söhbət bacımdan gedirdi, başa düşdün? Namussuz. Çaqqal. Sənə dedim, bu məsələnin üstünə gəlmə, alçaq.”

M.İbayev: “Yaxşı, sakit olun.”

İlqar Murğuzov utanmadan suallarını davam etdirmək istədi. Lakin İqbal bəy onun suallarına cavab verməyəcəyini bildirdi. Osman Kazımov isə bu durumdan daha da əsəbiləşdi: “Bu, nə sualdır verir axı bu adam? Hüquq-mühafizə orqanlarında binamusluq baş alıb gedir, göz yumduğunuz bəs deyil, hələ utanmırsınız? Allah uzaq eləsin, sizin ailə üzvlərinizi getirsələr, yaxşı olarmı? Gedib o düdüklərdən, namussuzlardan niyə soruşmursunuz kil, niyə belə qələt eləmisən?”

 

          İqbal Ağazadədən ifadə alınarkən Vaqif Məmmədovun əlində tapança fırlatması videokasetdə əksini tapıb

 

Nahayət, prokuror Nazir Bayramov vəziyyətdən çıxmaq üçün İqbal Ağazədənin istintaqdakı ifadəsinin elan olunmasını istədi. Ancaq məlum oldu ki, o, İqbal bəyin imtina etdiyi 20 oktyabr tarixli protokolu oxumaq istəyir. Lakin liderlər buna imkan vermədilər və bildirdilər ki, öncə 17 oktyabr tarixli obyektiv ifadə elan olunsun. Nazir Bayramov həmin ifadəni o qədər yavaş saslə oxumağa başladı ki, heç kəs eşitmədi. Bu zaman Osman Kazımov ifadəni onun əlindən alıb, özü oxudu. Məlum oldu ki, həmin ifadə məhkəməyə İ.Ağazadənin verdiyi sərbəst ifadə ilə tamamilə üst-üstə düşür və həqiqətləri əks etdirir. Daha sonra İlqar Murğuzov İqbal bəydən işgəncə yolu ilə alınmış ifadəni elan etdi. Həmin ifadədən aydınca görünürdü ki, cümlələrin heç biri İqbal Ağazadəyə məxsus deyil. Çünki İqbal bəy kifayət qədər səlis, aydın və məntiqli cümlələr qurmağı bacaran siyasətçilərdən biri kimi tanınır. Namus təhdidi ilə ona oxutdurulan ifadə isə məntiqsiz, rabitəsiz cümlələrlə dolu idi. Bundan başqa, məhkəmə iclasında məlum oldu ki, həmin ifadədə yalnız vəkil Mübariz Qarayevin saxtalaşdırılmış qolu var, Osman Kazımovun imzası isə ümumiyyətlə, yoxdur.

Ən son olaraq İ.Ağazadədən alınan işgəncə ifadəsinin videolenti nümayiş etdirildi. Bu kasetdə ilk kadrdan görünür ki, MCQMİ rəis müavini Vaqif Məmmədov otaqda, başdakı stolda oturub. Onun qarşısında isə Müstəcəb Əliyev onunla üzbəüz oturmuş İqbal Ağazadədən ifadə alır. Kadrlardan birində Vaqif Məmmədovun əlində tapançanı fırlatdığı da aydın görünür. Eyni zamanda kadrlardan İqbal Ağazadənin sifətindəki döyülmə izləri olan qara ləkələri, gözlərinin altının şişməsini, sifətinin əzələlərinin əsəbdən səyriməsini də görməmək mümkün deyil. Bundan başqa, aydınca hiss olunur ki, İ.Ağazadənin danışdıqları onun öz iradəsinin ifadəsi deyil.

Baxış bitən kimi vəkillər bir neçə məsələ qaldırdılar. Səməd Pənahov videoçəkilişin sonadək aparılmadığını və Vaqif Məmmədovun dindirmədə iştirakının protokola qeyd olunmadığını bildirdi. Osman Kazımov isə prokurordan arayış tələb etdi: “Nə üçün dindirmə MCQMİ-də, Vaqif Məmmədovun otağında aparılıb? Nə üçün Vaqif Məmmədov o dindirmədə iştirak edib? Nə üçün stolun üstündə zaman silah var? Nəüçün həmin protokola dindirmədə iştirak edən şəxslərin hamısı imza atmayıb? Bu barədə arayış versin prokuror.”

Bu məqamda Pənah Hüseyn ortaya çıxmış bir sıra yeni xüsusatlarla bağlı Müsavat başqanı İsa Qəmbərin şahid qismində məhkəməyə, dəvət olunması ilə bağlı vəsatət qaldırdı. Hakim M.İbayev ənənəvi qaydada bu vəsatəti də sonrakı mərhələyə saxladı.

Nəhayət, vəkillər artıq iş vaxtının bitdiyini bildirdilər. Onlar təklif etdilər ki, növbəti iclasda İ.Ağazadənin dindirilməsi davam etdirilsin. İclası başa çatdırmağa tələsməyən hakim nəhayət ki, razılaşdı. Amma elə həmin dəqiqə də elan etdi ki, bu gündən etibarən məhkəmə iclaslarının vaxtı dəyişdirilir. İclaslar əvvəlki kimi saat 11:00-də deyil, 10:00-da başlayacaq.

Məhkəmə prosesi bu gün saat 10:00-da davam etdiriləcək.

 

Yeni Müsavat N 231 (2506), 9 sentyabr 2004

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button