İqbal Məmmədov hamıya meydan oxuyur – onun xuliqan oğlu azadlığa buraxıldı

Deputat İqbal Məmmədovun ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən  oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa buraxılıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədova məxsus “Relax”da yoxlama aparmaq üçün ora yollandıqda müqavimətlə rastlaşıblar. Daha sonra əraziyə polis əməkdaşları da cəlb olunub. Lakin Orxan Nərimanlı və obyektin mühasibi Famil İmanov vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. Deputatın oğlu Mirhəmid Nərimanlı isə əlində tutduğu ratsiya ilə mühafizə xidmətinin rəisi Rahim Şahverdiyev, mühafizəçi Amir Abbasov və digər işçilərə göstəriş verib ki, vergi əməkdaşları binadan çıxarılsın və içəri buraxılmasınlar. M.Nərimanlı bu göstərişinin icra olunmasına şəxsən nəzarət edərək saat 19 radələrinədək onları içəri buraxmayıb.

Bu zaman vergi əməkdaşları əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıblar. Daha sonra isə onlar vergi və polis əməkdaşlarının üzərinə hücum edərək yumruq, təpik və daş parçaları ilə zərbələr vurublar.

Xatırladaq ki, Mirhəmid Nərimanlı, Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amil Abbasov fakt üzrə saxlanılmışdılar. Onlara Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olan) və 315.2 (dövlət məmuruna qarşı həyat və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button