İqtidar Avropa Şurasında çətin durumda

Səməd Seyidov: «Nə üçün Azərbaycanla bağlı siyasi məruzəçi təyin olunur?»

 Dünən Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayıb. Azərbaycanla bağlı hansısa məsələnin müzakirə edilməsi gündəliyə salınmasa da, Azərbaycan nümayəndə heyəti siyasi məruzəçinin təyin edilməsiylə bağlı Şuranın icrası məcburi olan qərarına etiraz etmək niyyətindədir. Bu barədə açıqlama verən S.Seyidov Azərbaycanın Avropa Şurasının bəzi orqanları ilə əməkdaşlıqdan imtina etməsi barədə fikirlərə toxunaraq Azərbaycanın Avropa Şurasının heç bir strukturu ilə əməkdaşlıqdan yayınmadığını və hər cür dialoqa hazır olduğunu bildirib. O, Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin məsələsi üzrə məruzəçinin təyin olunması və onunla əməkdaşlıqdan danışıb: “Hamı unudur ki, Avropa Şurasının bir çox ölkələrində bu cür məsələlər mövcuddur. Amma həmin dövlətlərə qarşı eyni mövzuda məruzəçi təyin olunmur. Heç kim özündə cəsarət tapıb belə bir məruzəçinin həmin ölkələrə təyin olunmasını tələb etmir. Nə üçün Azərbaycanla bağlı belə bir məruzəçi təyin olunur? Əgər biz büronun məcburi qərarlarından danışırıqsa, Kristof Ştrasserin təyin olunması da məcburi qərardırsa və Azərbaycan hökuməti buna əməl etməlidirsə, o zaman büronun digər qərarlarından niyə danışmırıq? Bu qərarlardan biri də Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa olunmasıdır. Biz büroda komitənin fəaliyyətinin bərpa olunmasına yekdilliklə səs vermişik, lakin nədənsə kimsə yekdilliklə verilən qərardan sonra fəaliyyəti bərpa olunan komitənin fəaliyyətsizliyindən danışmır. Heç kim erməni tərəfinin bu komitənin işini boykot etməsindən bəhs etmir və nəticədə büronun bu qərarı lazımsız bir sənədə çevrilib. Gəlin, bu haqda danışaq. Biz bundan sonra da Avropa Şurasında ikili standartlara qarşı çıxış edəcəyik”.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button