İqtidar Milli Məclisdən islahatlara başlayır?!

2,5 saatın nəticəci – hakimiyyət bölgüsü şousu

 Fransa prezidentinin son səfəri ölkə gündəminə təsirsiz qalmadı. Normalda başqa bir ölkənin, həm də Fransa kimi Avropa Birliyində söz sahibi olan, son ərəb inqilablarının ən fəal dəstəkçisi rolunda çıxış edən respublikanın prezidentinin Azərbaycana qəfil səfəri təsirsiz qalmamalı idi. Səfərin ən maraqlı cəhəti isə Sarkozinin jestləri ilə bu səfəri sanki bilərəkdən mahiyyətsiz etməsi oldu. Elə bil ki, hər şey ən xırda detalına qədər düşünülmüşdü. Sarkozi qarşılanma törənindən başqa heç bir rəsmi protokola əməl etmədi. Diplomatik təbəssümlər istisna olmaqla, hərəkətləri azərbaycanlı nazirlərin qapalı müşavirələrdə öz tabeçiliklərində olanlarla davrandıqları kimi oldu – qaraqabaq və əsəbi. Cəmi 2.5 saat çəkən səfər hakimiyyətə yaxın telekanallar tərəfindən sadəcə başmaq seyri kimi təqdim olundu. Sarkozinin Cənubi Qafqaz turnesində Ermənistan və Gürcüstandakı jestləri isə əslində, bu səfərin heç də başmaq seyri olmadığını tam çılpaqlığı ilə ortaya qoydu. Hər iki respublikada özünü çox sərbəst, hətta sabiq Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun Gürcüstana səfəri zamanı olduğu sayaq öz evindəki kimi apardı. Ermənistan və Gürcüstan səfərləri zamanı əsas diqqəti xalqla ünsiyyətə ayıran Fransa prezidenti Azərbaycanda bunu etmədi. Həmin respublikalarda Ermənistanı dəstəkləyən, Gürcüstana qarşı şövinist mövqe sərgiləyən Rusiyaya üstü örtülü, daim Azərbaycanı dəstəkləyən Türkiyəyə qarşı isə açıq və sərt bəyanatlar verdi. Rəsmi protokolda öz əksini tapmış heç bir məkan ziyarət edilmədi. Sarkozi sanki bununla rejimə açıq etiraz etdi – bu sizin bütünüzdür, mənim yox. Şəhidlər Xiyabanın ziyarətini isə yəqin İrana daha da yaxınlaşma projesinin “Azərbaycanla davam”ından sonraya planlaşdırıb.

Ölkə mediasında bu səfərlə bağlı müxtəlif versiyalar söylənildi. Əksər diqqət çəkə biləcək ehtimallar səsləndi. Lakin ötən gün hakimiyyətə olduqca yaxın mənbədən “Xural”a daxil olan məlumatda isə səfərin əsl mahiyyəti ortaya çıxdı. Fransa prezidenti Azərbaycan hakimiyyətini təxirəsalınmaz islahatlar həyata keçirməyə çağırıb. Son həbslər, insan haqlarının kobud şəkildə tapdalanması, konstitusion hüquqların pozulması, Azərbaycandan Avropaya dissident ordusunun kütləvi mühacirəti və s. məsələlər əsas müzakirə mövzusu olub. Ən diqqət çəkən məqam isə müzakirələrdə səslənən fikirlərin sadəcə məsləhət xarakterli deyil, konkret əməl edilməsi vacib olan iş kimi nəzərə çatdırılması olub. Mənbə bildirir ki, müzakirələr zamanı hakimiyyəti ən çox əndişələndirən Fransa prezidentinin hakimiyyət bölgüsü tələbi olub. Tələblərini yalnız Fransa prezidenti kimi deyil, Avropa Birliyi ölkələri adından hakimiyyətin diqqətinə çatdıran Sarkozi Avropanın bu məsələdə olduqca prinsipial olduğunu dövlət başçısının diqqətinə çatdırıb. Mənbə onu da qeyd edir ki, hələ heç bir prezidentin və ya beynəlxalq qurumun rəhbərinin ölkəyə gəlişi öncəsi və sonrası hakimiyyət Sarkozinin son səfəri qədər həyəcanlı olmamışdı. Əldə etdiyimiz məlumatda bildirilir ki, Sarkozinin dövlət başçısının qarşısına qoyduğu tələblərinə rəğmən, hərəkətə keçən hakimiyyət daxilindəki qurbanlarını artıq müəyyənləşdirib. Ali Məhkəmənin sədri, vitse-spiker və İqtisadi İnkişaf naziri postunu boşaltmağı düşünən hakimiyyət son gedişlə Avropanın diqqətini əməlli-başlı Azərbaycandan yayındırmaq istəyir. Əslində, bu gediş hakimiyyət ideoloqları tərəfindən dövlət başçısına izah edilərkən də prinsip olaraq Konstutusiya əsas götürülüb. Hər üç postun hakimiyyəti təşkil edən üç qolu – İqtisadi İnkişaf naziriliyi icraedici, Ali Məhkəmənin sədri postu məhkəmə hakimiyyətini, Milli Məclisdə vitse-spikerlik isə qanunverici orqanı təmsil etmələri Avropada əsl hakimiyyət bölgüsü təəssüratını yaratmağa hesablanıb. Mənbə bildirir ki, İqtisadi İnkişaf naziri son vaxtlar əməkdaşlarının iş adamları ilə qanundan kənar davranmaları, ciddi korrupsiya faktlarının olması ilə əsaslandırılaraq, “işdə yol verdiyi nöqsanlara görə” istefaya göndərilcək. Əslində, İİN-nin Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyindən sonra sözün həqiqi mənasında qanunların pozulması məsələlərinə görə ikinci sırada durması artıq faktdır. Və bu fakt heç də dövlət başçısının diqqətindən kənarda deyil. Digər bir məsələ isə nazir Şahin Mustafayev heç vaxt nə hakim ailəyə yaxınlığı, nə də hakimiyyətdaxili hər hansı iri qruplaşmaların üzvi kimi xarakterizə olunmayıb.

 Şahin Mustafayevin yerinə Əli Məsimli

 İdeoloqlar dövlət başçısını cənab Mustafayevlə bağlı onu hər hansı narahat edəcək situasiyanın gözləmədiyinə inandıra biliblər. Mənbə həmin posta cəmiyyətdə neytral mövqeyi ilə fərqlənən, iqtisadçı, sabiq Baş nazir, milət vəkili Əli Məsimlinin gətiriləcəyini bildirdi. Hakimiyyətin cənab Məsimlinin üzərində durması əslində iki aspektdən cəlbedicidir:

  1. Əli Məsimli heç zaman hər hansı bir məsələdə radikal mövqedə olmayıb. Yəni o, sabiq Baş nazir Pənah Hüseyndən xaraktercə kəskin fərqlənən şəxsdir. Milli Məclisdə iki çağrış təmsil olnmağına baxmayaraq, hələ ki, adı hakim komandanın hər hansı iri çinli məmuru ilə əlaqədə hallandırılmayıb. 
  2.  Əli Məsimli iqtisadçı kimi yaradıcıdır.

 Misir Mərdanovun yerinə Bahar Muradova

 Hakimiyyət artıq bir aydır ki, istefaya göndəriləcəyi ilə bağlı ehtimallar səslənən Təhsil naziri Misir Mərdanovu nə qədər təəccüblü də olsa vitse-spiker Bahar Muradova ilə əvəzləməyi düşünür. Məsələnin ən maraqlı cəhəti isə ondadır ki, təhsil naziri postuna gətirələcək şəxslərin siyahısında B.Muradovanın adı heç zaman hallanmayıb. Əslində, bu texnologiya mərhum Heydər Əliyevin zamanından qalmadır. H.Əliyev hakimiyyətin mətbəxindən mətbuata sızan hər hansı informasiya ilə bağlı kardinal dəyişikliklər edə bilirdi. Bununla da o, mətbuatla işləyən mənbəyə qarşı kifayət qədər etimadsızlıq mühiti yaradırdı.

 Bahar Muradovanın yerinə Fazil Mustafa

 Xanım vitse-spikeri Böyük Quruluş partiyasının sədri Fazil Mustafa ilə əvəzləmək istəyən hakimiyyət bu məsələdə də əsas diqqəti millət vəkilinin hərbi xidmətdən sonra hadisələrə baxışlarında çox fərqli, hər hansı məsələlərə münasibətdə isə təmkinli olması ilə əlaqələndirib. Bundan başqa, F.Mustafanın da həmkarı Ə.Məsimli kimi hakimiyyətin hər hansı qolu ilə birbaşa təmas qurması haqda cəmiyyətdə konkret fikirlərin olmamasıdır.

Hakimiyyət ideoloqları hər üç posta təyin olunacaq namizədlərin məhz Milli Məclisdən gətirilməsini əsas prinsip olaraq dövlət baçısının nəzərinə çatdırıblar. Əvvəla, ona görə ki, MM-də təmsil olunan millət vəkillərini hakimiyyət çox gözəl tanıyır və onlara hər an təsir imkanlarının olmasını düşünür. Digər bir tərəfdən isə hakimiyyət bununla görəvləndirmək üçün nəzərdə tutduğu deputatları özündən asılı vəziyyətə salmaq üçün üzərlərinə minnət də qoymaq istəyir – fərqli olacağınz təqdirdə fərqlənəcəksiniz.

Bu gün hakimiyyəti ən çox düşündürən məsələ Ali Məhkəmənin sədri postuna kadrın tapılmasıdır. Hakim partiyadan olmayan, lakin millət vəkili olan digər iki partiya sədrinin namizədliyi verilsə də, dövlət başçısı həmin namizədlərin Ali Məhkəmənin sədri kimi mühüm posta gətirilməsini onlar üçün kifayət qədər böyük və hələ ki, bacara bilməyəcəkləri görəv hesab edib. Belə olan halda Fazil Mustafanın Fərəc Quliyevlə əvəzlənməsi təklif olunub. F.Mustafanın Ali Məhkəmə sədrliyinə gətirilməsi təklifi isə dövlət başçısı tərəfindən hələ ki, nə qəbul edilib, nə də onun etirazı ilə qarşılanıb. Mənbə bu prosesin yaxın müddətdə tamamlanacağını bildirdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button